Erkən nikah, qeydə alınmayan kəbin, icrasız cəzalar

Azərbaycanda qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin ləğvində əsas “maneə” qanunların icra edilməməsidir, gender problemlərini araşdıran təşkilatlar bildirir.
Təşkilatların müzakirəsində səsləndirilən digər problemlər isə, erkən nikah və dini kəbin, inzibati və cinayət cəzasına cəlb edilməmək və digərləridir.
Ümumilikdə, təşkilatlar bu sahəyə aid qanunlarda cərimələrin sərtləşdirildiyini, lakin bunun, problemləri həll etməməsini qeyd edib.
Kəbinlər qeydə alınmır
“Ailə Məcəlləsində nikaha girmək üçün minimal yaş oğlanlar və qızlar üçün qaldırılsa da, mollalar Dini Qurumlarla İş üzrə Komitədə qeydə alınmadan kəbin kəsirlər”, Lider Qadınlar İctimai Birliyinin sədri Sevda Məmmədova bildirib.
“Kəbin kəsənlər deyir ki, qız boyu hündür, gözə gəlimlidirsə, kəbin kəsirik. Onlar yüz il əvvəlki qaydaları tətbiq edir”.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə, kəbin kəsilmə prosesində yeni texnologiyalardan istifadə etdiyini bildirib.
“Mollalar Skype-da, İnternetlə kəbin kəsir”, Məmmədov deyib.
Ekspertlər bu problemi də cəzasızlıq mühiti ilə əlaqələndirir.
“Statistikaya baxsaq, 1970-ci ilə qədər erkən nikahlar 0 olub, bu onunla bağlı idi ki, cəza sistemi var idi, amma indi polis erkən nikaha girənlərə deyir ki, söz verin ki, 18 yaşa kimi bacı-qardaş kimi yaşayacaqsınız”, ekspert Dadaş Məmmədov deyir.
Məmmədovun sözlərinə görə, "dünyada uşaqlara qarşı dörd, Azərbaycanda isə altı cür zorakılıq növü var".
“Fiziki, psixoloji, cinsi, laqeydlik, erkən nikah və xüsusilə, kəndlərdə təhsildən uzaqlaşdırma, yəni stereotip zorakılıq.”
Qadın polislər
Problemlərin həllində polisin rolunu vurğulayan təşkilat nümayəndələri polisin münasibətinin dəyişdirilməsini vacib sayıb.
“Faktlar göstərir ki, kişi polislərin ailə problemlərinə qarışması ailədə daha böyük çatlara səbəb olur. Bu məsələ ilə qadın polislər məşğul olmalıdır”, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən Mehriban Zeynalova bildirib.
Zeynalova həm də, məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunda nəzərdə tutulan mühafizə orderinin tətbiqi mexanizmlərin hazır olmamasından şikayətlənib.
Mexanizmin hazırlanmasına məsul olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Mehriban Əsədli deyib ki, mexanizmlər ötən ilin mayından hazırdır, sınaqdan da keçirilib və bu il tətbiqi planlaşdırılır.
“Komitə bu problemlər üzrə ümumölkə maarifləndirmə tədbirləri keçirir. Amma siz dediyiniz kimi, regionlarda icra nümayəndələri, polis işçiləri də bizə deyir ki, bizdə belə problem yoxdur”, Əsədli bildirib.
Bu müzakirələr “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi ilə bağlı konvensiyanın ictimai vəkillik mexanizmlərindən istifadə" layihəsi çərçivəsində Azərbaycan hökümətinin Birləşmiş Millətlər Komitəsinin CEDAW qurumuna təqdim edilən 5-ci dövr hesabatına alternativ sənəd hazırlanması ilə bağlı keçirilən konfransda aparılıb. Layihəni “Təmiz Dünya” Qadınlara Yardım, VƏHML-nın təşkilatçılığı ilə USAİD-in maliyyəsi ilə keçirir.



