Küçədə qadının döyülməsinə niyə etinasız yanaşılır?

Təmiz Dünya

Şəklin mənbəyi, Temiz Dunya

    • Müəllif, Nailə Abdiyeva
    • Vəzifə, BBC Azərbaycanca, Bakı

Azərbaycanda paytaxtın gediş-gəlişli mərkəzi küçəsində qadının döyülməsini əks etdirilən qurama səhnəciyə yalnız bir vətəndaşın reaksiya verməsi, məişət zorakılığı məsələlərinə diqqət çəkib.

Səhnəciyin planlaşdırılmasının məqsədi, cəmiyyətin küçədə və ailə daxilində baş verən zorakılığa biganəliyini göstərmək olub.

Baxmayaraq ki, insan haqları təşkilatlar və işgəncələri araşdıran qurumlar biganəliyin səbəbini "hüquq-mühafizə orqanlarından ehtiyatlanmaqda" görüb.

Səhnəcik

İnsanların reaksiyasını öyrənmək üçün gizli kameraya çəkilən <link type="page"><caption> səhnəcikdə göstərilir </caption><url href="https://www.youtube.com/watch?v=9xTbG2spoYU" platform="highweb"/></link>ki, bir qadın bir kişi tərəfindən yerə yıxılaraq “döyülür”.

Səhnəciyin şahidi olan vətəndaşlar sadəcə müşahidə etməklə kifayətlənir. Yalnız sonda bir həmcinsi qadının döyülməsinə etiraz edir.

"Bizim işimiz problemi gündəmə gətirib ictimailəşdirməkdir", sosial videoroliki hazırlayan “Təmiz Dünya”İctimai Birliyinin sədri Mehriban Zeynalova BBC Azərbaycancaya deyir.

İctimailəşdirməyə ehtiyacsa, Azərbaycanda məişət zorakılığı qurbanlarının sayının "ilbəil artması", lakin vətəndaşların etinasız münasibətidir.

Baxmayaraq ki, Azərbaycanda müvafiq qanunlar qəbul edilib, cəzalandırma metodları var, hətta məişət zorakılığı haqda Milli Fəaliyyət Planı da hazırlanıb. Həmçinin qeyri-hökümət təşkilatları ara-sıra bu kimi kampaniyalara əl atır.

Lakin xanım Zeynalova bunları yetərli hesab etmir.

Təhqir

"Rolikə sosial şəbəkədə gələn şərhlərdə qadının ittiham olunduğunu görürəm. Amma istənilən halda heç bir səbəb qadına qarşı edilən zorakılığa haqq qazandıra bilməz”, Mehriban Zeynalova deyir.

Youtube sosial şəbəkəsində yayımlanan videoya gələn şərhlər arasında"döyülən qadına təhqirlər də yer alır.

Bəzi şərhlərdə deyilir ki, insanlar onların "seçiminə hörmət etdikləri üçün" reaksiya vermir.

Başqa bir şərhdə isə deyilir ki, "bizdə yanaşırlar, döyən-döyülən qalır, yazıq araya girəni tuturlar.."

Parlamentdə İnsan Hüquqları Komitəsinin üzvü, müxalifyönümlü millət vəkili İqbal Ağazadə qeyd edir ki, cəmiyyətin biganəliyi "qorxudan, polis sisteminə güvənin olmamasından" qaynaqlanır.

Qorxu

"Bəzən polisə müraciət edəndə o qədər əziyyət çəkirlər ki, bu tipli hadisələrdən uzaq olmağa çalışırlar. Əgər “polis məni qoruyur” fəlsəfəsi cəmiyyətdə əsas fəlsəfə olsaydı, ordan əlli adam 102 xidmətinə zəng edərdi”, deputat BBC Azərbaycancaya deyir.

Onun sözlərinə görə, cəmiyyətin bu yöndə maarifləndirilməsində siyasi institutlara böyük rol düşür.

Deputatın cəmiyyətin biganəliyinin səbəbi ilə bağlı fikirlərini bölüşən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyir ki, insanlar "başının dərdə girməsindən" ehtiyat edir.

“Biz ata-babadan həmişə görmüşük ki, küçədə qadına qarşı zorakılıq görən gənclər müdafiəyə qalxıb və susmayıb. Amma indi heç kim reaksiya bildirmək istəmir, çünki düşünür ki, sonradan polis müdaxilə edə bilər və başı dərdə girər”.

Tərbiyə

Lakin bu, hüquq müdafiəçisi üçün tək əsas səbəb deyil.

Cənab Behbudova görə, gənclərin aldığı tərbiyə də təsirini göstərir.

“Əvvəlllər televiziyalarda hüquq müdafiəçilərini çağırıb müzakirələr təşkil edərdilər, amma indi müğənniləri dəvət edirlər. Onların özlərinin hüquqlarını müdafiə edən lazımdır”, cənab Behbudov BBC Azərbaycancaya deyib.

İqtidaryönümlü deputat Rəbiyyət Aslanova da reaksiyasızlıq mühitini media ilə əlaqələndirib.

“...Bu tip sosial roliklərin artmasına, televiziyalarda gərəksiz, informasiya yükü sıfra bərabər olan aqressivlik tərbiyə edən reklamlardan, informasiyalardan fərqli olaraq insanları xeyirxahlığa diqqətə çəkən mövzuya diqqət edilməlidir”, o deyir.

Xanım Aslanovanın sözlərinə görə, cəmiyyətdə biganəlik kimi problemlər "dillərdən şəfqət, mərhəmət kimi sözlərin düşməsi"ndən qaynaqlanır.

Həm də o halda ki, sivil cəmiyyət "başqasının dərdinə qayğı, mərhəmət kimi hisslərlə" xarakterizə edilir, deputat bildirir.

Azərbaycanın Cinayət Məcəlləsində cinsindən asılı olmayaraq döyülməyə görə 200 manata kimi cərimə, 248 saat və ya 1 ilə kimi ictimai-islah işləri, yaxud 6 aya qədər həbs cəzası nəzərdə tutulur. İşgəncə verənlər isə 3-7 il həbs cəzası ala bilər.

"Məişət zorakılığının qarşısının alınması haqqında" qanun 2010-cu ildə qəbul edilib və qadınlara qarşı ayrı-seçkiliyin qadağan edilməsinə yönəldilib.