İlham Əliyev: "Ölkədə insan hüquqlarının vəziyyəti müsbətdir"

Hollande, Aliyev

Şəklin mənbəyi, president.az

Şəklin alt yazısı, Mayın 11-də Azərbaycan və Fransa prezidentləri İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunu gəziblər

Azərbaycanda heç kim siyasi baxışlarına görə təqib olunmur və ölkədə insan hüquqlarının vəziyyəti müsbətdir, Prezident İlham Əliyev deyir.

Azərbaycanda iki günlük rəsmi səfərdə olan Fransa Prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında Azərbaycanda internetə qadağa olmadığını bildirib, APA xəbər verir.

İnsan hüquqları təşkilatları və vətəndaş cəmiyyəti Fransa Prezidenti Francois Hollande-ı Azərbaycana səfəri zamanı prezident Əliyevlə insan haqları problemlərini qaldırmağa çağırıb.

Cənab Hollande Prezident Əliyevlə görüşü zamanı hüquq müdafiəçisi Leyla Yunus və "Ayna-Zerkalo" qəzetinin jurnalisti Rauf Mirqədirovun məsələsinin müzakirə olunduğuna işarə kimi görülə biləcək bəyanat səsləndirib.

"Yaxşı münasibətlər"

"Yaxşı münasibətləri qorumaq üçün bütün məsələlər barədə müzakirə aparmışıq. Həmişə görüşlərdə insan hüquqları məsələsinə də toxunulur", - Francois Hollande Yunus və Mirqədirov məsələlərinin müzakirə olunub-olunmadığına dair sualı cavablandırarkən deyib.

Mayın 8-də insan hüquqlarının müdafiəsi üzrə Human Rights Watch təşkilatı Bakıya səfər edəcək Fransa prezidentini insan haqları məsələsini qaldırmağa səsləyən bəyanat yayıb.

Təşkilatın Avropa və Asiya üzrə direktor müavini Rachel Denber deyib ki, Hollande Azərbaycan rəhbərliyilə ictimai və qapalı görüşlərdə qanunsuz həbs edilmiş adamların azad olunmasına çağırmaq fürsətini əldən verməməlidir.

HRW Fransa prezidentini “tanınmış insan haqları müdafiəçisi” Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusla görüşməyə səsləyib.

Aprelin 28-də konfransa gedən Yunuslar təyyarə minməyə buraxılmayıblar və həmkarları, jurnalist Rauf Mirqədirovun xəyanət ittihamı üzrə “siyasi motivli” araşdırması ilə əlaqədar 24 saat ərzində dindiriliblər, bəyanatda bildirilir.

Heç bir kənar dövlət...

Azərbaycan və Avropa Birliyi arasındakı siyasi-iqtisadi əlaqələrin olduğunu deyən cənab Əliyevin sözlərinə görə, Azərbaycanın enerji təhlükəsizliyi barədə irəli sürdüyü layihələr AB tərəfindən dəstək görür.

"Daxili və xarici siyasətlə bağlı addımlarımıza heç bir kənar dövlət təsir edə bilməz. Azərbaycan müstəqil siyasət yürüdür. Biz siyasi və iqtisadi islahatlar aparırıq”.

Fransa və Azərbaycan arasında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında əməkdaşlıq olduğunu qeyd edən cənab Əliyev deyib ki, bir çox məsələlərdə iki ölkənin mövqeyi üst-üstə düşür.

"Azərbaycan Xəzər hövzəsində enerji resurslarının Avropa və dünya bazarlarına çıxarılmasında lider rolunu oynayır. Enerji milli təhlükəsizlik məsələsinə çevrilib. Həyata keçirdiyimiz layihələr Avropanın enerji xəritəsini böyük ölçüdə dəyişdirib”, - o bildirib.

"Biz ikisindən birini seçə bilmərik..."

Prezidentlərin görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğunu deyən cənab Hollande-nin sözlərinə görə, Fransa daim münaqişənin həlli ilə bağlı təşəbbüslərlə çıxış edib.

"Azərbaycan və Ermənistana səfərim bu münaqişənin həlli yolunda səylərdir. Fransanın Azərbaycan və Ermənistanla dostluq əlaqələri var, biz ikisindən birini seçə bilmərik. Azərbaycan və Ermənistan prezidentlərini görüşdürməklə münaqişənin həllinə yenidən baxmağı təklif etdik. Biz Ukrayna məsələsini də qeyd edirik, prinsiplər vahid olmalıdır".

Geniş tərkibdə keçirilən görüşdə iki ölkə arasında elmin inkişafı, təhsil, kənd təsərrüfatı, nəqliyyat, energetika, ekologiya, ailə, qadın və uşaq məsələləri sahəsində ikitərəfli əməkdaşlıq haqda sənədlər imzalanıb.

Mayın 11-də Fransa prezidenti Francois Hollandenin Azərbaycana rəsmi səfəri başlayıb. Səfərin ilk günü iki ölkə prezidenti Fransız litseyinin açılışını ediblər.

Fransa Prezidenti Azərbaycanda iqtisadi inkişafın "çox yüksək" olduğunu vurğulayıb. Cənab Əliyevin sözlərinə görə, "ölkələr arasında çox sıx əlaqələr var".