"Hollande Bakıda insan haqları barədə danışmalıdır" - HRW

Human Rights Watch yalnız ötən il ərzində ən azı 30 azərbaycanlı fəala qarşı əsassız ittihamların irəli sürüldüyünü bildirir.

Şəklin mənbəyi, HRW

Şəklin alt yazısı, Human Rights Watch yalnız ötən il ərzində ən azı 30 azərbaycanlı fəala qarşı əsassız ittihamların irəli sürüldüyünü bildirir.

İnsan hüquqlarının müdafiəsi üzrə Human Rights Watch təşkilatı mayın 11-də Bakıya səfər edəcək Fransa prezidentini insan haqları məsələsini qaldırmağa səsləyib.

Nyu Yorkda mənzillənən təşkilatın bəyanatında deyilir ki, son iki il ərzində Azərbaycan hakimiyyəti hökuməti tənqid edən onlarla şəxsi, o cümlədən müxalifət lidelərlərini, sosial media fəallarını və jurnalistləri həbsə atıb, dinc nümayiş aksiyalarını dağıdıb.

“Ölkədə təməl azadlıqları daha da məhdudlaşdıran qanunvericilik təsdiqlənib”, - mayın 8-də dərc edilən HRW bəyanatında deyilir.

Francois Hollande-ı Azərbaycan səfərində bır sıra Fransa şirkətinin nümayəndələri müşayiət edəcək və onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə enerji məsələlərinin müzakirə olunacağı gözlənilir.

“Hollande-ın səfəri Azərbaycanda önəmli hadisə olacaq, belə ki, bu, insan haqları məsələsinə diqqət yetirmək imkanıdır”, - Human Rights Watch təşkilatının Avropa və Asiya üzrə direktor müavini Rachel Denber deyib.

Onun sözlərinə görə, Hollande Azərbaycan rəhbərliyilə ictimai və qapalı görüşlərdə qanunsuz həbs edilmiş adamların azad olunmasına çağırmaq fürsətini əldən verməməlidir.

HRW Fransa prezidentini “tanınmış insan haqları müdafiəçisi” Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusla görüşməyə səsləyib.

Aprelin 28-də konfransa gedən Yunuslar təyyarə minməyə buraxılmayıblar və həmkarları, jurnalist Rauf Mirqədirovun xəyanət ittihamı üzrə “siyasi motivli” araşdırması ilə əlaqədar 24 saat ərzində dindiriliblər, bəyanatda bildirilir.

“Hollande Əliyevə açıq bildirməlidir ki, Yunusların və Mirqədirovun azadlığı şəxsən onun və Fransa-Azərbaycan münasibətləri üçün böyük əhəmiyyət kəsb edir”, Denber deyib.

Human Rights Watch yalnız ötən il ərzində ən azı 30 hökumət tənqidçisinə qarşı silah, narkotik saxlamaq, xuliqanlıq və hətta vətənə xəyanətlə bağlı əsassız ittihamların irəli sürüldüyünü bildirir.

"Azərbaycan hökuməti tərəfindən tənqidçilərin təqibi onun Avropa Şurası üzvü kimi üzərinə götürdüyü öhdəliklərinə tamamilə ziddir", - HRW bildirir.