Fransa prezidenti Francois Hollande-in Azərbaycana səfəri başlayıb

Şəklin mənbəyi, AFP
Fransa prezidenti Francois Hollande mayın 11-də Azərbaycana rəsmi səfərə gəlib.
APA agentliyinin məlumatına görə, səfərin ilk günündə Azərbaycan və Fransa dövlət başçıları Bakıda Fransız Liseyinin açılışı mərasimində iştirak ediblər.
"Enerji ilə bərabər, şəhərsalma və nəqliyyat sahəsində də Azərbaycanla əməkdaşlıq etmək istəyirik", Fransa prezidenti ölkəsinin geniş nümayəndə heyətinin Bakıya səfərinin məqsədindən danışarkən qeyd edib ki,
Fransa prezidenti Azərbaycanda iqtisadi inkişafın "çox yüksək" olduğunu vurğulayıb.
"Bu ilk səfərdə mən Azərbaycanda çox şey kəşf etdim. Azərbaycana yenə də gələcəyəm", Hollande vurğulayıb.
O, iki ölkə arasında humanitar sahədə əlaqələrin inkişaf etdiyinə də diqqəti çəkib.
"Azərbaycan Luvr muzeyində departamentin açılışına yardım edib. Luvr muzeyində dünya mədəniyyəti yer alıb", Francois Hollande xatırladıb.
Prezident İlham Əliyev Bakıda Fransız Liseyinin açılışında deyib ki, "ölkələr arasında çox sıx əlaqələr var".
"Sabah iqtisadi əlaqələrə təkan vermək məqsədilə biznes forum keçiriləcək. Fransadan da çoxlu sayda iş adamı gəlib, ticari əlaqələrin daha da genişlənəcəyinə inanıram", prezident İ.Əliyev qeyd edib.
Azərbaycan prezidenti xatırladıb kı, "bu gün Bakıda açılan lisey Fransa səfirliyindən sonra Fransanın ikinci parçası olacaq".
"Burada fransız uşaqlar öz dilində təhsil alacaq, vətənlərinə bağlı olacaq, azərbaycanlı uşaqlar isə fransız dilini öyrənəcəklər", İlham Əliyev deyib.
O, eləcə də nəzərə çatdırıb kı, "Ağ Şəhərdə Paris məhəlləsi yaradılır".
Prezidentin sözlərinə görə, "yüzlərlə Azərbaycan gənci Fransada təhsil alır"




