Tofiq Yaqublu və İlqar Məmmədli məhkəmədə son söz deyib

İsmayıllı iğtişaşlarında iştirak etmək ittihamı ilə saxlanılan REAL Hərəkatının sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu Şəki Ağır Cinayətlər məhkəməsində son sözlə çıxış edib.
Vəkil Nemət Kərimli BBC Azərbaycancaya deyib ki, cənab Yaqublu çıxışında ona qarşı irəli sürülən ittihamları rədd edib.
"Çıxışının əvvəlində dedi ki, Baş Prokurorluğun rəhbərliyi Azərbaycan Neft Akademiyasında faciə törətməkdə ittiham olunan Gürcüstan vətəndaşını tapıb ondan müsahibə alması və prokurorluğun istintaqını məhv etməsindən sonra ona siyasi təzyiqlər başlayıb".
Cənab Kərimlinin sözlərinə görə, məhkəmədə ittiham tərəflərini qiymətləndirən cənab Yaqublu "hər kəsin qanun qarşısında cavabdeh olduğunu" bildirib və hökmdən qorxmadığını deyib.
Turan İA-nın məlumatına görə, ittiham olunan digər şəxslər çıxışlarında özlərini təqsirli bilmədiklərini bildirib.
"Məni seçkilərdə iştirak etməyim deyə həbs ediblər və prokurorun təklifinə görə(8 il istəyib) mən hələ 2020-ci ilədək seçkilərdə iştirak edə bilməyəcəm", İlqar Məmmədov deyib.
Məhkəmə martın 17-də hökm çıxaracaq.
Cənab Yaqublu və cənab Məmmədov bu ilin yanvarında İsmayıllıda icra başçısına qarşı narazılıqdan sonra həbs olunub.
Onlar Cinayət Məcəlləsinin "zorakılıqların, talanların yanğınların törədilməsi əmlakın məhv edilməsi, hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərməklə müşayiət olunan kütləvi iğtişaşlar törətmə" və ya belə iğtişaşlarda iştirak etmə" və "hakimiyyət nümayəndələrinə zor tətbiq etmə və ya müqavimət göstərmə" maddələri ilə təqsirli bilinib.
Baş Prokurorluq və Daxili Işlər Nazirliyi birgə məlumatlarında Məmmədov və Yaqublunun İsmayıllı səfəri oradakı "vəziyyəti gərginləşdirən" səbəblərdən biri kimi göstərilir. Həmin vaxt Məmmədov və Yaqublu BBC Azərbaycancaya onlara qarşı olan ittihamları rədd etdiklərini deyib.
Ötən ilin yanvar ayında İsmayıllı rayonunda keçmiş icra başçısının oğlu və yerli sakinlər arasında baş verən toqquşmalar ketləvi üsyanlarla nəticələnmiş və icra başçısının oğluna məxsus olduğu deyilən otel və maşınlar yandırılmışdı.



