İsmayıllı müttəhimlərinin valideynləri cəzalarla razılaşmır

İsmayıllı iğtişaşlarına görə ittiham edilənlərin valideynləri övladları barəsində dövlət ittihamçısının istədiyi cəzayla razılaşmır.
BBC Azərbaycancaya danışan valideynlər bildirib ki, onlar cəzaya etiraz olaraq çərşənbə günü İsmayıllı icra başçısı Mirdamət Sadıqovun qəbulunda olub.
“İcra baçşısı dedi ki, səbirli olun, hər şey yaxşı olacaq. Sakit durun", valideynlər deyir.
"Talançılıq"da ittiham edilən 30 yaşlı Səxavət Səmədovun anası Dilşad Səmədova deyir ki, icra başçısı onlara "hər şeyin necə yaxşı olacağını" açıqlamayıb.
İsmayıllı icra hakimiyyəti rəsmisi valideynlərlə görüşün olduğunu təsdiqləyib.
İcra başçısının I müavini Rövşən Ağayev BBC Azərbaycancaya bildirib ki, valideynlər övladlarına istənilən qərardan narazılıq bildiriblər.
"Biz onlara başa saldıq ki, məhkəmə başa çatmayıb. Məhkəməyə müdaxilə etmək icra hakimiyyətinin səlahiyyətinə aid deyil, haqqımız yoxdur", cənab Ağayev BBC Azərbaycancaya bildirib.
Xanım Səmədova deyir ki, yanmış “Çıraq” otelinin işçisi olan oğlu yardım məqsədilə binadan "bir-iki əşya" çıxarıb, səhəri günü əşyaları “şəxsən” polisə təqdim edib. Əvəzində isə, oğlanı həbs ediblər, valideyn deyir.
“Hörmət qazanmaq istəyirdi, əvəzində həbs elədilər”, Səmədova qeyd edib.
Prokuror Səxavət Səmədov üçün 6 il, 6 ay iş istəyib.
Eyni müddətə həbs edilməsi təklif edilən Elşən İsmayıllının anası Pakizə İsmayılova oğlunun adının “təşkilatçı” kimi çəkilməsi ilə razılaşmır.
“İsmayıllının mərkəzindən 40 km uzaq yaşayırıq. Hadisə günü oğlum babasının hüzrünə gəlmişdi. Görüntülərə düşdüyü üçün həbs ediblər, Tofiq Yaqublu və İlqar Məmmədovla əməkdaşlıq etmisən, deyirlər”, xanım İsmayılova bildirib.
Valideynin sözlərinə görə, icra başçısı “sakit durun, gözləyin hökm oxunsun, sonra yavaş-yavaş düzələr” deyib.
“Bir il bir aydır sakit durduq, indi də hökm oxundu, qurtardı. Bizə deyir ki, çox ora-bura gedib hay-küy salırsınız. Yuxarıdan göstəriş var, məhkəmə gedir”, Pakizə İsmayılova qeyd edib.
Fevralın 24-də Şəki Ağır Cinayətlər məhkəməsində dövlət ittihamçısı Tofiq Yaqublu, İlqar Məmmədov və digər 16 nəfər 4-9 il arası azadlıqdan məhrum etmə cəzası istəyib.
Həmin gün Müsavat partiyasının sədrinin müavini Tofiq Yaqubluya 7 il, REAL Hərəkatının sədri İlqar Məmmədova 8 il iş istənilib.
Vəkil Nemət Kərimli BBC Azərbaycancaya deyib ki, dövlət ittihamçısı təkliflərini verərkən şahidlərin ifadələrini “öz xeyrinə saxtalaşdırıb”.
Vəkillərin çıxışı martın 3-ə planlaşdırılır.
Ötən il yanvarın 23-24-də İsmayıllıda "Çıraq" otelinin inzibatçısı və digər şəxslə yerli sakinlər arasında mübahisədən sonra, sakinlər oteli və həyətdəki avtomobilləri yandırıb. Sakinləri sakitləşdirmək üçün rayona təhlükəsizlik qüvvələri gətirilib və icra başçısı Nizami Ələkbərov istefaya göndərilib.
Prosesin araşdırılması zamanı 18 nəfər həbs olunub. Onlar zorakılıqların törədilməsi, əmlakın məhv edilməsi, kütləvi iğtişaşlar törətmə və ya belə iğtişaşlarda iştirak və hakimiyyət nümayəndələrinə zor tətbiq etmə və ya müqavimət göstərmə maddələri üzrə ittiham olunur.




