Sabiq nazir və icra başçısının oğulları zərərçəkən qismində məhkəməyə gəlib

İsmayıllı iğtişaşlarında iştirak etmək ittihamı ilə saxlanılanların məhkəməsində zərərçəkmiş qismində dindirilən sabiq icra başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərov və keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov mühakimlərə qarşı "heç bir şikayət irəli sürməyib".

Vəkil Nemət Kərimli BBC Azərbaycancaya bildirib ki, hər iki şəxs heç bir mülki iddia ilə çıxış etməyib və zərərin ödənilməsi və ittiham olunanların cəzalandırılması ilə bağlı heç bir ifadə işlətməyib.

Fevralın 4-də Şəkidə keçirilən məhkəmədə Elxan Ələkbərov və onun əmisi oğlu Vüqar Ələkbərovun prosesə məcburi gətirilməsi haqda qərar çıxarılıb.

Onlar ittiham tərəfindən zərərçəkən kimi tanınıb. Yəni hadisələr zamanı Elxan Ələkbərova məxsus avtomobil yandırılıb, yandırılan otel kirayəyə verilsə də, mülkiyyətçisi Vüqar Ələkbərov olub, vəkil izah edir.

“İttiham tərəfinin iyirmi dörd şahidindən iyirmi ikisi ifadə verib. Yeganə bu iki şəxs iki dəfə məhkəməyə çağrılsa da gəlməyib. Ona görə müdafiə tərəfi onların iddia etdiyi kimi əmlakına ziyan dəydiyi üçün dindirilməsi haqda vəsatət qaldırıb”, Kərimli qeyd edib.

Müsavat partiyasının sədrinin müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda icra başçısına qarşı narazılıqdan sonra 16 nəfərlə birgə <link type="page"><caption> həbs</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/02/130204_ilgar_mammadov_detained.shtml" platform="highweb"/></link> olunub.

Onlar zorakılıqların törədilməsi, əmlakın məhv edilməsi, kütləvi iğtişaşlar törətmə və ya belə iğtişaşlarda iştirak etmə, və hakimiyyət nümayəndələrinə zor tətbiq etmə və ya müqavimət göstərmə maddələrində ittiham olunur.

Baş Prokurorluq və Daxili Işlər Nazirliyinin birgə məlumatlarında İlqar Məmmədov və Tofiq Yaqublunun İsmayıllı səfəri oradakı "<link type="page"><caption> vəziyyəti gərginləşdirən</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/01/130130_mammadov_yaqublu_ismayilli.shtml" platform="highweb"/></link>" səbəblərdən biri kimi göstərilir.

Həmin vaxt Məmmədov və Yaqublu BBC Azərbaycancaya onlara qarşı olan ittihamları rədd etdiklərini deyib.

Məhkəmə istintaqının fevralın sonunda yekunlaşacağı gözlənilir.