İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəməsində vəsatətlər "təmin edilməyib"

İsmayıllı <link type="page"><caption> iğtişaşlarında</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/01/130125_ismayilli_aftermath_gallery.shtml" platform="highweb"/></link> iştirak etmək ittihamı ilə saxlanılan Müsavat partiyasının sədrinin müavini Tofiq Yaqublu, REAL Hərəkatının sədri İlqar Məmmədov və daha 16 nəfərin məhkəməsində vəkillərin heç bir vəsatəti təmin olunmayıb.
Şəkidən jurnalist Günel Manaflı BBC Azərbaycancaya deyib ki, məhkəmədə Yaqublu və Məmmədov vəkilləri iştirak etməyib.
“Vəkillər dünən Tofiq və İlqar bəy haqda seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırmışdı. Lakin nə bu, nə də digər vəsatətlər təmin olunmadı”.
Növbəti prosesin noyabrın 18-də keçiriləcəyi planlaşdırılıb.
Human Rights Watch bazar ertəsi yaydığı bəyanatda deyib ki, Azərbaycan hakimiyyəti "kütləvi iğtişaş təşkil etməkdə ittihamlanan iki yüksək rütbəli müxalifət liderini dərhal azad etməlidir".
"Son bir il ərzində Azərbaycan höküməti tənqidçilərni misilsiz təzyiq altına qoyub", təşkilatın Avropa və Orta Asiya üzrə direktor müavini Rachel Denber deyib. "İlqar Məmmədov və Tofiq Yaqublunun (bu təzyiqin) qurbanları olması qənaətinə gəlməmək çətindir", o əlavə edib.
Vəkillər iştirak etməyib
Başqa bir jurnalist Məmmədsadiq Fətəliyevin sözlərinə görə, bu məhkəməyə dünəndən fərqli olaraq, jurnalistlər və təqsirləndirilənlərin valideynləri buraxılıb.
“Məhkəmə təyin olunduğu vaxtdan saat yarım sonra başladı. Bu dəfə prosesə əsasən təqsirləndirilənlərin valideynləri buraxıldı. Jurnalistlərin məhkəmədə çəkiliş aparmasına imkan verilmədi”.
Jurnalistin sözlərinə görə, məhkəmədə vəkillər iştirak etməyib.
Bazar ertəsi keçirilən məhkəmə-hazırlıq iclasının isə jurnalist və hüquq müdafiəçilərinin "iştirakı olmadan" keçirilməsi barədə məlumat verilirdi.
Turan agentliyinə əsasən İlqar Məmmədov məhkəmədə deyib ki, “İlham Əliyevin prosesin açıq keçiriləcəyi ilə bağlı vədlərinə baxmayaraq məhkəmə qeyri-şəffaf və ədalətsiz keçirilir”.
Son məlumata görə, hakim müşavirəyə gedib və proses 16:00-da davam edəcək.
Məhkəmənin birinci günü
Bazar ertəsi məhkəmə prosesində vəkillər məhkəmə zalının "kiçik" olmasından şikayətlənib.
“Məhkəmə zalı o qədər balaca idi ki, təqsirləndirilənlər hakimi dəmir barmaqlıqlar arasından gücnən görürdülər. Təqsirləndirilənlərdən bir neçəsinin halı sıxlığa görə pisləşdi", vəkil Xalid Bağırov Turana bildirib.
Həmçinin, vəkil Məmmədov və Yaqublu barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi və prosesin daha geniş zalda keçirilməsi haqda vəsatət qaldırıb.
Cənab Bağırov məhkəmə prosesinin video çəkilişinin aparılması haqda vəsatət qaldırsalar da, hakim bunu rədd edib.
Vəkil deyib ki, məhkəmə prosesinə jurnalistlər buraxılmasa, vəkillər prosesə çıxmaqdan imtima etməyi planlaşdırırlar.
“İlqar Məmmədovun həbs müddəti bitib, amma onu qanunsuz olaraq həbsdə saxlayırlar”, Bağırov qeyd edib.
Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə qatılan REAL Hərəkatı üzvü Zöhrab İsmayıl da BBC Azərbaycancaya zalın "kiçikliyi"ndən danışıb.
"Amma zal kiçikdir, onun da yarısını polislər tutub. Təqsirləndirilənlərin ailə üzvlərindən təxminən 30 nəfər içəri buraxılıb".
Cənab İsmayıl deyir ki, məhkəmə binasının önündə yüzlərlə insan toplaşıb.
Cənab Yaqublu və cənab Məmmədli bu ilin yanvarında İsmayıllıda icra başçısına qarşı narazılıqdan sonra həbs olunub.
Onlar Cinayət Məcəlləsinin "zorakılıqların, talanların yanğınların törədilməsi əmlakın məhv edilməsi, hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərməklə müşayiət olunan kütləvi iğtişaşlar törətmə" (220.1-ci) və ya belə iğtişaşlarda iştirak etmə" və "hakimiyyət nümayəndələrinə zor tətbiq etmə və ya müqavimət göstərmə" (315.2-ci) maddələri ilə təqsirli bilinib.
Baş Prokurorluq və Daxili Işlər Nazirliyi birgə məlumatlarında Məmmədov və Yaqublunun İsmayıllı səfəri oradakı "vəziyyəti gərginləşdirən" səbəblərdən biri kimi göstərilir. Həmin vaxt Məmmədov və Yaqublu BBC Azərbaycancaya onlara qarşı olan ittihamları rədd etdiklərini deyib.




