İsmayıllı hadisələrinin məhkəməsində 21 şahid ifadə verib

Çərşənbə günü İsmayıllı iğtişaşlarında iştirak etmək ittihamı ilə saxlanılanların Şəkidə keçirilən məhkəməsində 21 nəfər şahid ifadə verib.

Vəkil Nemət Kərimli BBC Azərbaycancaya deyib ki, ifadə verən şahidlər istintaq dövründə mühüm əhəmiyyət kəsb etməyən sahidlər olub.

“İttihamın həcmini şişirtmək üçün bu qədər şahid məhkəmə istintaqına cəlb olunub”.

Bundan öncəki prosesdə əməliyyat şöbəsinin rəisinin şahid qismində ifadə verdiyini deyən cənab Kərimov bildirib ki, bu ifadə məhkəmə istintaqında verilən digər ifadələrlə ziddiyət təşkil edib.

“Bu şəxs Tofiq Yaqublu və İlqar Məmmədovun əleyhinə ifadə verib. Onun ifadəsi istər istintaqa verdiyi ifadə, istərsə də digər sübutlardan çox böyük ziddiyət təşkil edirdi”.

Polis Fərəc Əzizovun və daha bir polis işçisinin ilkin istintaqa verdiyi ifadədən imtina etdiyini qeyd edən vəkilin sözlərinə görə, sonuncu üç dəfə ifadəsini dəyişərək sonda ilkin ifadəsini təsdiq etdiyini bildirib.

Cənab Kərimlinin məlumatına görə, məhkəmə istintaqı qarşısında daha 78 nəfərin ifadə verəcəyi gözlənilir ki, bunlardan 15-i müdafiə tərəfi üçün mühüm əhəmiyyət kəsb edir.

Növbəti məhkəmə prosesi yanvarın 22-də keçiriləcək.

Cənab Yaqublu və cənab Məmmədli bu ilin yanvarında <link type="page"><caption> İsmayıllı</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/01/130124_24_january_ismayilli_2.shtml" platform="highweb"/></link>da icra başçısına qarşı narazılıqdan sonra 16 nəfərlə birgə həbs olunub.

Onlar zorakılıqların törədilməsi, əmlakın məhv edilməsi, kütləvi iğtişaşlar törətmə və ya belə iğtişaşlarda iştirak etmə, və hakimiyyət nümayəndələrinə zor tətbiq etmə və ya müqavimət göstərmə maddələrində ittiham olunur.

Baş Prokurorluq və Daxili Işlər Nazirliyinin birgə məlumatlarında İlqar Məmmədov və Tofiq Yaqublunun İsmayıllı səfəri oradakı "vəziyyəti gərginləşdirən" səbəblərdən biri kimi göstərilir.

Həmin vaxt Məmmədov və Yaqublu BBC Azərbaycancaya onlara qarşı olan ittihamları rədd etdiklərini deyib.