Sovetski sakinlərinin şikayətləriylə bağlı qərar "3 martda veriləcək"

Bakının "Sovetski" ərazisində söküləcək evlərin dövlət qiymətləndirilməsindən narazı sakinlərlə bağlı son qərar "martın 3-də veriləcək".
Şikayətçilərin bazar günü keçirilən aksiyasında icra orqanları ilə danışıqlar aparmaq üçün yaradılan Təşkilat Komitəsinin sədri Namiq Quliyev Bakı icra başçısı Hacıbala Abutalıbovun da daxil olduğu hökümət nümayəndələrindən ibarət qapalı görüşdən sonra bu açıqlamanı verib.
“Martın 3-də bizim qaldırdığımız tələblərə cavab veriləcək, amma hansı cavablar veriləcək görüşdə səslənilməyib. Biz tələblərimizdən ibarət doqquz bəndi orda qaldırdıq”, cənab Quliyev deyib.
Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında deyib ki, iclasda səsləndirilən əsas tələblərdən birincisi olan hər bir sakinə fərdi yanaşılması məsələsi təmin olunacaq.
“Abid Şərifovun sədrliyi ilə keçmiş Sovetski, indiki Nərimanov, Abdulla Şaiq və Nərimanov prospektinə qədər olan evlərin əhalisi ilə görüş keçirdik. Əhalinin seçdiyi şuranın müəyyən üzvlərinin xahişləri oldu və onların xahişlərinin hamısına yazılı surətdə cavab veriləcək”.
Narazı olanların evləri "sökülməyəcək"
İcra başçısının sözlərinə görə, pul təzminatından narazı sakinlərin evləri sökülməyəcək.
“Hər hansı vətəndaş o yazılı müraciətlərimizlə razı olacaqsa, qanun çərçivəsində natarius, bank vasitəsilə pulunu alacaq. Kim ki, razı olmayacaq, əmin olun, bir daha deyirəm, həmin ev sökülməyəcək. Orda istədiyi qədər yaşayacaq”.
Cənab Abutalıbov deyib ki, söküləcək ərazidə heç bir tikinti işi aparılmayacaq.
“Biz çalışırıq ki, yaşayan sakinlər yaşadıqları sahəyə nisbətən daha yaxşı sahədə yaşasın. İkincisi, həmin sahələr abadlaşdırılsın, yeni geniş yollar salınsın, gözəl istirahət zonaları yaradılsın”.
Təkliflər
Layihələndirmə və qiymətləndirmə ərəfəsində veriləcək təzminatdan narazı yüzlərlə Sovetski sakini baş nazirin müavini Abid Şərifov da daxil olmaqla, rəsmilərlə görüşüb.
Cənab Şərifov sakinlərə bildirib ki, bir həftə ərzində sakinlərin şikayətlərinə əsasən hazırlanmış təkliflər paketi nəzərdən keçiriləcək və qərar veriləcək, BBC Azərbaycanca müxbiri Nailə Abdiyeva deyir.
Yazılı müraciət hazırlamış sakinlər əsasən üç təkliflə çıxış edib:
- Ərazinin sökülməsini zəruri edən rəsmi sənədin sakinlərə göstərilməsi
- Layihələndirmə və qiymətləndirmənin "damdan-dama, "divardan-divara" prinsipi ilə aparılması
- Təzminatın bazar qiymətlərinə uyğun şəkildə ödənilməsi.
Sakinlər təzminatın ən azı iki dəfə artırılmasını, 3000 manat olmasını və hamıya bu məbləğin ödənilməsini istəyib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyib ki, heç kəs məcburi şəkildə evindən köçürülməyəcək və yalnız kompensasiyanı alanlar evlərini tərk edəcək.
Bu zaman sakinlərdən bəziləri narazılıq edib. Onlar deyib ki, təzminat alaraq köçənlərin evlərinin sökülərkən qaz-işıq xətləri də kəsiləcək, bu isə o deməkdir ki, onlara gələn qaz və işiq xətləri də kəsiləcək.
Otel "tikilməyəcək"
Baş nazirin müavini Abid Şərifov qeyd edib ki, Sovetskidə park salınacaq, otel və ya yaşayış evləri tikilməyəcək.
Çərşənbə axşamı saat 16:00-da 150 saylı məktəbin akt zalında Abid Şərifov, İbrahim Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov və deputat Ülvi Quliyev bir saat ərzində onlarla sakinlə görüşüb.
Fevralın 10-dan Yasamal Rayon İcra Hakimiyyəti Hüsü Hacıyev prospektindən Nərimanov prospektinə qədər, buradan isə İnşaatçılar prospektinə qədər yerləşən ərazilərdə aparılacaq söküntü işlərinə görə, layihələndirmə və qiymətləndirmə prosesinə start verib. Bu ərazilərdə həm yol genişləndirilməsi, həm də park salınması gözlənilir.
Söküntü işləri iki ay müddətində başladıla bilər.




