Aİ və ABŞ höküməti seçkilərlə bağlı problemlərin həllinə çağırıb

Avropa İttifaqı rəsmiləri Azərbaycan hökümətini ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Təşkilatının (DTİHT) ilkin rəyində vurğulanan problemləri həll etməyə çağırıb.
Çağırışa görə, bu Azərbaycanın “beynəlxalq öhdəliklərə cavab verməsi, demokratiya yolunda irəliləməsi və ölkədə qanunun aliliyini təmin etmək” üçündür.
“Seçkilərdə yüksək seçici aktivliyi Azərbaycan xalqının demokratik proseslərə sadiq olduğunu nümayiş etdirdi”, bəyanatın müəllifi Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Catherine Ashton və Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Stefan Füle bildirib.
ATƏT/DTİHT-in hesabatında seçkilər “pis və ya çox pis” qiymətləndirilərək, ifadə, birləşmə və toplaşma azadlığı və seçki qabağı şəraitdə ciddi qanun pozuntuları və seçki prosesinə müdaxilə hallarının olduğunu qeyd edilib.
Ukraynanın xarici işlər naziri, ATƏT- in fəaliyyətdə olan sədri Leonid Kojara seçkilər barədə açıqlamasında ölkənin demokratik institutların “daha da möhkəmlənməsi” yolunda səylərini davam edəcəyinə əmin olduğunu bildirib.
“Beynəlxalq müşahidəçilərin bəyanatlarında belə qənaətə gəlinib ki, ATƏT və Avropa Şurasının standartlarına uyğun olaraq, Azərbaycanda keçirilmiş prezident seçkilərində bir sıra aspektlərdə, demokratik seçkilərin keçirilməsində və başqa sahələrdə tərəqqiyə nail olunub. Eyni zamanda daha da yaxşılaşdırılmasında ehtiyacı olan sahələr qeyd olunub”, Ukrayna Xarici İşlər Nazirliyinin saytında yazılıb.
ABŞ Dövlət Departamenti ATƏT/DTİHT-ın rəyi ilə “razı olduqlarını” vurğulayıb.
Departamentinin sözçüsü Marie Harf ötən gün brifinqdə bildirib ki, ABŞ seçkiləri yaxından izləyib.
“Azərbaycan hökumətini dəfələrlə azad və ədalətli seçki prosesi keçirməyə çağırmışıq. Və təəssüf edirik ki, bu seçkilər beynəlxalq standartlara cavab verməyib”.
Xanım Harfın sözlərinə görə, seçki qutularına topa şəklində bülletenlərin atılması, səsvermə prosesində nizamsızlıqlar daxildir.
“Hətta seçki öncəsi prosesdə pozuntuların qeydə alındığı deyilir. ABŞ-ın Bakıdakı səfirliyi də oxşar problemlər qeydə alıb”.
Departament də Azərbaycan höküməti sərbəst toplaşmaq, ifadə və söz azadlığına hörmət etməyə və zorakılıqdan yayınmağa çağırıb.
ATƏT-in bəyanatı hakim Yeni Azərbaycan Partiyasının tənqidinə səbəb olub.
"Belə getsə, Azərbaycan dövləti gələcəkdə ATƏT-lə və digər beynəlxalq təşkilatlarla əvvəlki münasibətləri davam etdirməklə yanaşı, DTİHB-lə əməkdaşlıq məsələlərinə yenidən baxmalı olacaq”, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova APA istinad edir.
Azərbaycanda prezident seçkiləro oktyabrın 9-da keçirilib və ilkin nəticələrə görə, üçüncü dəfə prezidentliyə namizəd İlham Əliyev ən çox səs toplayıb.




