Prezident seçkilərinə qarışıq reaksiya

Müşahidəçilər
Şəklin alt yazısı, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti səsvermənin dinc şəkildə keçdiyini bildiriblər.

Bır sıra beynəlxalq müşahidəçinin Azərbaycanda oktyabrın 9-da keçirilmiş prrezodent seçkilərinə müsbət rəy bildirdiyi halda səsverməni izləyən ATƏT nümayəndələri daha tənqidi dəyərləndirmə ilə çıxış ediblər.

Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti səsvermənin "dinc şəkildə" keçdiyini bildiriblər.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) seçki prosesinin “azad və demokratik” olmadığını elan edib.

Müxalifət seçkilərin nəticələrinin ləğvini tələb edir.

"Seçki kampaniyası və səsvermə günü dinc şəkildə həyata keçirilib", - Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin birgə bəyanatını açıqlayan Pino Arlacchi Bakıda keçən mətbuat konfransında bildirib. - "Seçki günü hər hansı təzyiqlər olmadı, polis məntəqələrdən uzaqda dayanıb".

Hərçənd ki, avropalı müşahidəçi “seçkilərdən öncəki azadlıqların” təkmilləşdirilməsinə ehtiyac olduğunu deyib.

"Ciddi problemlər"

ATƏT Azərbaycan seçkilərinin nöqsanları arasında təməl azadlıqların məhdudlaşdırılması və seçki günündəki ciddi problemləri qeyd edir.

ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Təşkilatı (DTİHT) və ATƏT Parlament Assambleyasının nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidəsi Missiyasının (BSMM) ilkin fakt və nəticələrə dair bəyanatında deyilir ki, namizədlərin və seçicilərin təhdid edilməsi və məhdud media mühiti barədə davam edən iddilar seçki kampaniyasına kölgə salıb.

“Seçki günü proseslərinin bütün mərhələrində ciddi problemlər müşahidə edilib və Azərbaycanın ATƏT qarşısında həqiqi və demokratik seçki keçirməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üçün aradan qaldırmalı olduğu nöqsanların ciddi təbiətini nümayiş etdirib” – deyilir bəyanatda.

"Kütləvi pozuntular olmayıb"

Pino Arlacchi BBC Azərbaycancanın yerli mediada seçki bülletenlərinin qutulara atılmasını əks etdirən video çəkilişlərini şərh edərkən deyib ki, seçkilərdə kütləvi surətdə pozuntular aşkarlanmayıb.

“Əgər bu pozuntular aşkarlanıbsa, bu araşdırılmalıdır və buna hüquqi qiymət verilməlidir. 5 milyon seçicinin iştirak etdiyi seçkilərin pozuntusuz keçirildiyini iddia etmək düzgün olmazdı. O zaman Azərbaycan dünyada yeganə olaraq pozuntusuz seçki keçirən ölkə olardı”.

Avropa Şurası Parlament Assambleyasının müşahidəçi rəhbəri Robert Walter İlham Əliyevin seçicilərin səslərinin çox hissəsini yığdığını deyib.

“Biz səslərin sayılması prosesində də iştirak etmişik və qanun pozuntusuna rast gəlməmişik”.

Milli Şuranın seçkinin nəticələrini tanımadığı şərh edən cənab Walter deyib ki, müxtəlif uğursuz namizədlərin seçkinin nəticələrini tanıyıb-tanımaması siyasi məsələdir və bununla bağlı suallar onlara verilməlidir.

“Bilirəm ki, Azərbaycanda bir sıra insanlar AŞPA-nın fəaliyyətini tənqid edirlər.

Avropalı müşahidəçi Estoniya Parlamentinin üzvü Kristiina Ojuland AŞPA-nın bəynatına şərik çıxdığını deyərək seçkilərin “azad, ədalətli və şəffaf keçdiyi” nəticə ilə razılaşdığını bildirib.

Yerli müşahidəçilər

Yerli təşkilatlardan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) "seçkilərin nəticələrinə təsir gücündə olmayan" hadisələri sadalayıb.

"Seçki günü ölkə üzrə bəzi ərazilərdə təşviqat materiallarının tam çıxarılmaması, bəzi məntəqələrdə seçicilərin barmağına mürəkkəb vurulması, müşahidəçilər üçün yerlərin ayrılması, onların qeydiyyatdan keçməsi, səyyar qutularda səsvermə prosesində bəzi problemlər müşahidə olunub".

Həmçinin, AVCİYA bəzi məntəqələrdə səslərin sayılması prosesində müşahidəçilərin yaxın məsafədən müşahidə aparmasına komissiya üzvləri tərəfindən icazə verilmədiyini və seçkilərin nəticələrinə aid protokolun surətinin müşahidəçilərə verilməməsinə cəhdlər olduğunu qeyd edib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri seçki prosesinin “ağır” keçdiyini deyib.

Anar Məmmədlinin sözlərinə görə, seçkiqabağı kampaniyanın bərabər olması üçün “şərait olmayıb” və seçki prosesi “azad və ya demokratik hesab oluna bilməz”.

SMDT-nin məlumatına görə, təşkilatdan 978 könüllü müşahidəçi 769 məntəqədəki seçki prosesini izləyib.