ATƏT seçkilərə "pis və çox pis" qiymət verib

“Seçki prosesi ATƏT qarşısında öhdəliklərin yerinə yetirilməməsi şəraitində keçib”, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının rəhbəri Tana de Zulueta höküməti gələcəkdə bu yöndə dəyişikliklər aparmağa çağırıb.
Xanım Zuluetanın sözlərinə görə, seçki müddəti ərzində bəlli olub ki, ifadə, birləşmə və toplaşma azadlığı və seçki qabağı şəraitdə ciddi qanun pozuntuları və seçki prosesinə müdaxilə halları olub.
"Seçki günü prosesinin bütün mərhələləri boyunca ciddi problemlər müşahidə olunub", ATƏT-in bəyanatında deyilir.
Hakim Yeni Azərbaycan Partiyası bəyanatı tənqid edib.
“Seçki məntəqələrinin 19 faizində məntəqələrin açılması zamanı problem müşahidə edilib və bu pis və ya çox pis qiymətləndirilib. 11 faizində səs vermə prosesi ilə bağlı çox ciddi şübhələrimiz yaranıb. 58 faizində isə, səslərin hesablanmasında pozuntular olub ki, buna pis və ya çox pis qiymət veririk”, xanım Zulueta bildirib.
Onun sözlərinə görə, Seçki qanunvericiliyinə edilən dəyişiklikdən sonra, təşviqat dövrunun 22 günlə limitlənməsi namizədlər üçün əhəmiyyətli və çox vacib olan “özlərini tanıtma”ya daha az imkan verib.
Qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vauzen deyib ki, seçkinin hər bi mərhələsində həqiqi və demokratik seçkilərə kölgə salacaq ciddi çatışmazlıqlar görüblər.
Onun sözlərinə görə, insanların birləşmə, toplaşma və ifadə azadlığına, ədalətli seçki mühitinin təmin olunmasına və səsvermə prosesinə müdaxilələr olub. Namizədlərin mediaya açıqlığının məhdudlaşdırılması məsələsini də qeyd etmək lazımdır, bu da 1990-cı il Kopenhagen anlaşmasının 7 və 8-ci paraqraflarının pozulmasıdır.
Cənab Vauzen seçkilərin dörd müsbət cəhətini də qeyd edib
- On namizədin iştirak etməsi siyasi müxtəlifliyi təmin edib
- MSK seçkilərə yaxşı hazırlaşıb və təşkil edib
- Çoxlu sayda yerli müşahidəçilər, fərdlər, siyasi partiya nümayəndələri seçkiləri izləyib
- Seçki fəallığı 72 faizdir ki, bu da azərbaycanlıların seçkilərdə Avropa ölkələrində olduğu kimi özlərini ifadə etməsidir.
ATƏT PA-nın müşahidə missiyasının rəhbəri Doris Barnett Bakı və Sumqayıtda 7 məntəqəni ziyarət etdiyini və pozitiv təəssüratla ayrıldığını deyib. "Seçicilərin yüksək sayda iştirakçılığı bizi şad edir", xanım Barnett vurğulayıb.
Lakin o, seçki təşviqatı dövrundə ciddi problemlərin, seçki günündə pozuntuların olmasını narazılıq doğuran hallar adlandırıb.
Mətbuat konfransında qəzəb
Bu fikirlər hökümətyönlü media nümayəndələrinin qəzəbli tənqidinə səbəb olub.
Səs qəzetinin baş redaktoru deyib ki, onlar bu hesabatın Bakıya hazır gətirildiyini bilir. Xalq qəzetinin jurnalisti isə, bu bəyanatın Ermənistan üçün hazırlandığını və xanım Zuluetanın bəyanatları səhv saldığını iddia edib.
Seçkiləri müşahidə üçün ATƏT-ə üzv 40 müxtəlif ölkədən 300-dən çox Azərbaycana gəlib.
Onlar əsasən, qanunvericiliyin həyata keçirilməsi, media mühiti və siyasi təşviqatla bağlı şahidlik və müşahidə prinsipi ilə müşahidə aparıb.
YAP sədrinin müavini Əli Əhmədov bu hesabatı "Azərbaycan xalqının iradəsinə hörmətsizlik" adlandırıb.
Son hesabat dörd həftədən sonra təqdim ediləcək. Onlar 1143 seçki məntəqəsi, yəni məntəqələrin 25 faizini ziyarət edib.
Uzunmüddətli missiya Azərbaycana avqustun 27-dən gəlib və sentyabrın 11-də ilk hesabatını yayıb.
Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçirilib və MSK-nın ilkin hesablamalarına görə İlham Əliyev qabaqdadır.




