ATƏT: Azərbaycanda seçki ciddi qüsurlarla keçirilib

İnternational mission
Şəklin alt yazısı, ATƏT-in Beynəlxalq Seçki Müşahidəsi Missiyası 9 oktyabr prezident seçkisi barədə bəyanat verib.

ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Təşkilatı (DTİHT) və ATƏT-in Parlament Assambleyasının nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidəsi Missiyası (BSMM) Azərbaycanda keçirilmiş 9 oktyabr prezident seçkisinin müşahidəsinə dair ilkin fakt və nəticələr barədə bəyanatla çıxış edib.

Bəyanatda qeyd olunur ki, 9 oktyabr seçkisi, ifadə, sərbəst toplaşma və təşkilatlanma azadlıqlarının məhudlaşdırılmasının bütün namizədlərə eyni meydan verməməsi nəticəsində qüsurlu olub.

DTİHT-nin seçkilərin nəticələrinə dair ilkin hesabatının xülasəsini təqdim edirik.

“Namizədlərin və seçicilərin təhdid edilməsi və məhdud media mühiti barədə davam edən iddialar seçki kampaniyasına kölgə salıb” – sənəddə qeyd edirik.

“Seçki günü proseslərinin bütün mərhələlərində əhəmiyyətli sayda problemlər müşahidə edilib və Azərbaycanın ATƏT qarşısında həqiqi və demokratik seçki keçirməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üçün aradan qaldırmalı olduğu nöqsanların ciddi təbiətini nümayiş etdirib” – bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, ümumilikdə, Mərkəzi Seçki Komissyası (MSK), seçkilərə texniki hazırlıqları səmərəli həyata keçirib və qanunla nəzərdə tutulmuş müddətlərə əməl edib.

MSK müşahidəçilər və media üçün müntəzəm görüşlər keçirib və qərarlar barədə vaxtlı-vaxtında məlumatlar verib.

Seçkilərə qatılan namizədlərin çoxluğu da müsbət hal kimi qiymətləndirilib.

“Mən seçkilərə yaxşı hazırlıqdan, namizədlərin sayının çoxluğundan, həmçinin seçki günü sakit atmosferdən məmnunam” – ATƏT-in qısamüddətli missiyasının xüsusi həm-əlaqələndiricisi Michel Voisin deyib.

Cənab Voisin çox sayda qüsurların olmasından da söz açıb və bildirib ki, Azərbaycan hakimiyyətinin bu nöqsanları ATƏT qarşısında öhdəliklərinə uyğun olaraq aradan qaldıracağına ümid edir.

Tənqidlər

Bununla belə yazılı bəyanatın dili kifayət qədər kəskindir:

“…bütün seçki komissiyalarının tərtibinin tətbiq edilən formulu bu komissiyalarda hökumətyönlü qüvvələrə de fakto qərar qəbul edən çoxluğa malik olmaq imkanı verir, - bildirilir bəyanatda, - bunun nəticəsində müxalifət nümayəndələri seçki administrasiyasının tərəfsizliyinə etmadın olmadığını ifadə ediblər”.

Bəyanatda bundan başqa bildirilir ki, namizədliklərin rədd edilməsi kriteriyasından şikayətlər edilsə də, məhkəmə bu şikayətləri rədd edib.

Sənəddə deyilir ki, namizədlik üçün tələb olunan şərtlər arasında ali təhsilin zəruriliyi maddəsinin olması beynəlxalq standartlara ziddir.

Beynəlxalq Seçki Müşahidəsi Missiyası bəyan edib ki, ümumilikdə namizədlərə mediaya verilən çıxış kifayət qədər olmayıb.

Bundan başqa vurğulanır ki, internet azad hesab olunur və ondan istifadə artır, lakin jurnalistlərə qarşı həbslər, cinayət işlərinin açılması, təhdidlər, fiziki hücumlar və başqa təzyiq formaları media mühitinə mənfi təsir göstərib.

Bəyanatda bu da qeyd olunur ki, seçki kampaniyasının gedişində hazırkı prezidentin fəaliyyətyinin daha geniş işıqlandırılması, ATƏT-in 1990-cı Kopenhagen Sənədi ilə ziddiyyət təşkil edir.

Bəyanat müəllifləri bir daha vurğulayırlar ki, ATƏT/DTİHT-in bundan əvvəlki tövsiyələrinin əksəriyyəti onlara əməl edilmədən qalır.

Seçki qutuları

Seçki kampaniyası üçün ayrılan vaxtın sıx olduğu, bir sıra prosedurların normal keçirilməsinə və səhvlərin aradan qaldırılmasına imkan vermədiyi də bildirilib.

ATƏT-in seçki missiyası həmçinin seçici siyahıları ilə bağlı ciddi qüsurların olduğunu müşahidə edib.

MSK-nın tərtib etdiyi seçici siyahısı ilə Dövlət Statistika Komitəsinin səs vermək hüququ olanların sayı barədə verdiyi rəqəmlər arasında son dərəcə böyük fərqin mövcudluğu qeyd edilib.

BSMM, seçkilərin açılışına aid qüsurlara müşahidə edilmiş məntəqələrin 20 faizində rast gəlindiyini və bunun son dərəcə böyük rəqəm olduğunu bildirib.

BSMM 37 məntəqədə seçki qutularının bülletenlərlə doldurulmasının şahidi olub. Ümumilikdə, məntəqələrin 11 faizində səsvermə prosesi mənfi qiymətləndirilib.

Qeyd olunur ki, müşahidə olunmuş məntəqələrin 58 faizində seçkinin "pis və ya çox pis" keçirildiyi bəlli olub.

Bu qəbildən, seçici siyahılarının və protokolların manipulyasiyası, həmçinin seçki qutularında seriya nömrələrinin olmaması göstərilir. Missiya həmçinin protokolların heç bir üzrlü səbəb olmadan gecikdirilməsini, namizədlərin müşahidəçilərinə verilməsindən imtina edilməsini də ciddi qüsurlar sırasında qeydə alıb.

41 ölkədən gəlmiş 345 müşahidəçidən ibarət BSMM ölkə boyunca yayılmış 5273 məntəqədən 1151-də müşahidə aparıb.