“Index on Censorship” Avropanı Azərbaycan barədə tədbir görməyə çağırıb

İfadə azadlığı uğrunda kampaniya aparan “İndex on Censorship” təşkilatı Azərbaycanda prezident seçkiləri ilə bağlı hesabat yayıb.
Hesabatda deyilir ki, insan haqları qrupları 9 oktyabr seçkilərinin saxtalaşdırıldığını iddia edirlər.
Londonda mənzillənmiş “Index on Censorship” və ya qısaca “İndex” kimi tanınan təşkilatın hesabatında söhbət Azərbaycanda getdikcə pisləşən söz azadlığı mühitindən gedir.
Təşkilatın Kampaniyalar və Siyasət üzrə direktoru Marek Marczynski deyib: “Prezident Əliyevin dalbadal üçüncü “qələbəsindən” sonra da, Azərbaycan hökumətinin öz xalqının azad söz hüququnu boğmasına imkan verilməməlidir. Avropa Şurası Azərbaycanın imicyaratma kampaniyasına fikir vermədən insan haqları pozuntuları barədə hərəkətə gəlməlidir”.
“Index”in hesabatılnda bildirilir ki, Azərbaycan hakimiyyəti jurnalistləri həbs etməklə, sosial media üzərinə hücumlarla, yeni qanunvercilik aktları qəbul etməklə və müstəqil medianı reklam biznesindən məhrum etməklə seçkilər ərəfəsində ifadə azadlığını boğub.
Sənəddə həmçinin, Azərbaycanda MSK-ya bağlı mobil telefon aplikasiyasının seçki nəticələrini səsvermədən bir gün əvvəl yayması ilə bağlı qalmaqal da xatırladılır.
“İndex” Azərbaycan hökumətindən bu kimi iddiaları cavablandırmağı tələb edir və hakim dairələri öz ifadə azadlığı hüququndan istifadə etdiyi üçün həbs edilmiş şəxslərin dərhal azad olunmasına çağırır.
Azərbaycanda hakimiyyət İlham Əliyevin "azad şəraitdə keçmiş seçkilərdə" qalib gəldiyini deyir.
Hökumət bundan əvvəl xarici təşilatların söz azadlığı barədə tənqidlərini rədd edərək, onların qərəzli olduğunu bildirib.
Təşkilatın yaydığı hesabatda jurnalistlərə, siyasi fəallara və insan haqları müdafiəçilərinə qarşı bütün zorakılıq və şantaj hallarının araşdırılması tələb edilir.
“İndex” Azərbaycan hökumətinə müraciət edərək, onu internetdə ifadə azadlığına hörmət etməyə və sosial media vasitəsilə etiraz aksiyaları təşkil edənlərin hədəflənməsinə son qoymağa dəvət edir.
Sənəddə vurğulanır ki, sərbəst toplaşma hüququnun bərpası və QHT-lərin işinə müdaxilələrin dayandırılması üçün qanunvericilik islahatlarının keçirilıməsi zəruridir.
“İndex on Censorship” bildirir ki, Azərbaycanda insan haqlarının ciddi pozuntuları ilə bağlı tədbirlər, Avropa Şurası tərəfindən, həm də Azərbaycan bir neçə aydan sonra bu təşkilatın sədrliyinə keçməzdən əvvəl götürülməlidir.




