Seçkilərdə qalmaqal doğurmuş mobil proqramın müəllifləri üzr istəyiblər

Meydan TV
Şəklin alt yazısı, Proqramın ekran fotogörüntüsü Meydan TV-nin saytında yerləşdirilib.

Seçkilərdən əvvəl hazırlanmış mobil telefon proqramı və ya aplikasiyası səsvermədən əvvəl onun nəticələrini göstərib ki, bu da seçkilərin saxtalaşdırılması ittihamlarına zəmin yaradıb.

"Happy Baku” şirkəti Mərkəzi Seçki Komissiyası saytından məlumatların mobil qurğular vasitəsilə əldə olunması üzrə proqramın sınaqdan keçirilməsi vaxtı "yol verilmiş anlaşılmazlığa" dair bəyanat verib.

Şirkət bildirir ki, "testin dolğunluğunu təmin etmək məqsədilə" əvvəlki seçkilər və bəzi rəy sorğularının nəticələrindən istifadə edib, lakin bu barədə istifadəçilərə məlumat verməyi unudub, - APA-da dərc olunmuş bəyanatda deyilir.

Oktyabrın 8-də Meydan TV saytı proqram modulu və təminatının ekran fotogörüntüsünü çəkərək internetə yükləyib.

Proqramdakı səsvermə nəticələrinə görə İlham Əliyev 72.76 faiz, Cəmil Həsənlinin 7.4 faiz yığmağa nail olublar.

"Hay-küy"

Meydan TV-nin direktoru Emin Milli bildirir ki, proqramın developeri kimi təqdim edilən şəxs məlumatın “sınaq” xarakterli olduğunu deyərək onun saytdan yığışdırılmasını tələb edib.

Həmin şəxslə Meydan TV-nin eksperti olan Həbib Müntəzir arasındakı dialoq Emin Millinin Facebook səhifəsində dərc olunub.

Həbib Müntəzir məlumatın köhnə olduğunu deyən developerə bu ilki prezident seçkilərində müxalifətin namizədi Cəmil Həsənlinin adının niyə əks olunduğunu soruşub.

Çərşənbə günü MSK sədri Məzahir Pənahov öncəki gün şəbəkələr vasitəsilə yayılan xəbər barədə məlumatı şərh edərkən proqramın sınaq xarakterli olduğunu deyib və mediada hay-küy qoparmağı əxlaqsızlıq kimi qiymətləndirib, Azadlıq radiosu xəbər verir.

Üzrxahlıq

"Testin dolğunluğunu təmin etmək məqsədilə əvvəlki seçkilərə aid olan statistik məlumatlardan və builki prezident seçkiləri ərəfəsində keçirilmiş müxtəlif rəy sorğularının ümumiləşdirilmiş nəticələrindən istifadə edilib. Bu isə istifadəçilər tərəfindən haqlı olaraq birmənalı qəbul edilməyib və seçkilərin imicinə kölgə salmaq niyyətində olan şəxslərə əlavə “arqument” verib”, - "Happy Baku” şirkətinin bəyanatında deyilir.

"Happy Baku” şirkətinin açıqlamasından öncə rəqəmsal texnologiyaları genişləndirməklə insan hüquqlarının müdafiəsi üzrə Access təşkilatı bildirib ki, ötən il BMT İnternet Forumuna ev sahibliyi etmiş Azərbaycanda saxtakarlıq iddiaların təsdiqlənməsi demokratik proseslərin pozulmasında texnologiyaların “narahatedici istifadəsi” kimi xoşagəlməz təəssürata güc verəcək.

Təşkilatın rəhbəri Brett Solomon deyib ki, bu hadisə Azərbaycanda azad informasiya mübadiləsi ilə bağlı BMT İnternet Forumu vaxtı sivil cəmiyyət tərəfindən səsləndirilmiş narahatçılığa əsas qazandırmış olacaq.