Leyla Nəcəflinin bloqu: Yeni Bakı, velosipedçilər, hicablı qadınlar

    • Müəllif, Leyla Nəcəfli
    • Vəzifə, BBC Azərbaycanca, Bakı

Mən son dəfə Bakıda 2012-ci ilin yayında olmuşdum, BBC-də iş təcrübəsinə başlamağımdan bir az əvvəl. Heç ağlıma da gəlməzdi ki, növbəti səfərim prezident seçkilərini işıqlandırmaq olacaq.

Mən hər dəfə Bakıya gələndə, şəhəri tanıya bilmirəm: yeni və tikilməkdə olan binalar hardansa boy verir, qədim guşələr təzələnir, “Torqovı”, yəni Nizami küçəsində isə kafelər elə hey bahalaşmaqda davam edir.

Lakin bu səfər, 13 il əvvəl Bakını tərk etdiyim vaxtdan bəri heç bir başqa gəlişimə bənzəmirdi. Çünki əvvəllər görmədiyim başqa dəyişikləri də bu dəfə gördüm.

İndi şəhərin ən hərəkətli küçələrində maşınların yanı ilə gedən velosipedçilərin sayı-hesabı yoxdur. Bu qaydasız hərəkətdə onların qəhrəmanlığına yalnız qibtə etmək olar.

Hicablı qadınların da sayı artıb. Maraqlıdır ki, “müsəlman” Bakısında bu qadınları görmək mənə qəribə gəlirdi. Qərb şəhəri olan Londonda isə bu barədə heç düşünmürəm.

Londonla Bakı arasında daha bir müqayisə edim: görünüşləri eyni olsa da, Bakıdakı “London taksiləri”, Londondakılardan çox fərqlənir.

Elə bilirdim ki, Londondakı sürücülər kimi, onlardan da şəhərin bütün küçələrini, bütün yolları tanımaq tələb olunur. Amma Bakıda “Yusif Məmmədəliyev küçəsi”nin yaxınlığında olan bir şadlıq sarayının adını bilməsən, çətin ki ünvanına çatasan.

Guman ki, bu, küçələrin dəyişən adlarından əmələ gəlir.

Amma küçələrin adları dəyişsə də görünür ki, sakinlərin həyat tərzi, onların bir-birinə münasibəti dəyişmir. Adamlar həmişəki kimi açıq danışmağı xoşlayırlar. Kafedə sifarişimiz bir az gec gələndə, dostlarım ofisianta acıqlı olduqlarını dərhal bildirirdilər.

Müsbət 20 dərəcə Azərbaycanda “sərin” hava sayılır, amma mənim üçün əsl yay idi və mən cins şalvar və köynək geyinirdim. Bakılılar demiş “yaylamışdım”.

Bəzən yanımdan ötüb keçənlər “ay qız, sənə soyuq deyil?! Əyninə bir şey geyin də!” deyirdilər.

Londonla müqayisədə bu iradlar bir az intim səslənirdi. İngilislər adətən tanımadlıqları adamla söhbətdə “hava”dan o yana keçmirlər. O da ki, hər 10 dəqiqədən bir dəyişir, həmişə mövzu var: “Lənətə gəlmiş yağış, kəsmək bilmir” və ya “Yağış arasında bir az Günəş, nə qədər də gözəldir”…

Bakıda isə söhbətin sərhədi yoxdur. Taksi şoferi səndən maaşını soruşa bilər. Parkda mənimlə üz-üzə oturan qadınlar isə valideynlərimin güzaranı ilə maraqlanır, ərdə olub-olmadığımı bilmək istəyirlər.

***

Azərbaycanlılardan ən çox eşitdiyim ifadələr, “Bizimkilərdən nə desən çıxar!” və ya “Əşşi bura Azərbaycandır e, daha nə gözləyirdin ki?!”

Bu bloq yazılarını yazarkən inandım ki, deyilənlər doğrudur. Bakı hər dəfə məni yeniliklərlə necə təəccübləndirirdisə, bu dəfə dəyişməyənlərlə bir o qədər təəccübləndirdi.

Səni futbola kim göndərib?

16.10.2016

Dünən səhər yazmaq üçün başqa mövzu düşünürdüm. Qurban bayramı idi.

Amma bir-iki nəfərdən “bayramın mübarək” təbrikini eşitmək və yəqin ki, elə bu bayramla əlaqədar heç bir rəsmidən şərh ala bilməmək ən böyük “nailiyyətim” oldu.

Nəsə heç ətrafda da elə bir bayram əhval-ruhiyyəsi yox idi. Ən azı küçələrdə son illər sosial şəbəkələrdə gördüyüm bərbəzəkli qoyun-quzuya da rast gəlmədim.

“Dava” axtarıram

Lakin gözlənilmədən, necə deyərlər, mövzu özü məni tapdı. Şəhərdə böyük futbol matçı vardı – Azərbaycan və Rusiya yığmaları dünya çempionatının seçmə oyununda qarşılaşacaqdı. Oyun ərəfəsində iki komandanın azarkeşləri arasında toqquşmalar ola biləcyi barədə xəbərlər də gəlirdi.

Həmişəki kimi, macərasız da ötüşmədi. Taksi məni “Vosmoy”dakı Naxçıvanski küçəsi əvəzinə, 8-ci mikrorayondakı Naxçivani küçəsinə apardı. Səkkizinci və vosmoy sözlərinin eyni məna verdiyini düşünməklə, böyük səhvə yol vermişdim.

Bu mənim Azərbaycanda tamaşa edəcəyim ilk futbol matçı idi. Stadionun qarşısında bayram ab-havası vardı. Azərbaycanlı kişilər şüar qışqırır, ətrafda Rusiya və Azərbaycan bayraqları dalğalanırdı.

Cavanlardan bir neçəsi mənim üçün narahatlıq keçirirdi: “O necə təşkilatdır ki, sənin kimi qızı bura göndərib?” Mən isə dedim ki, narahat olmayın, mən belə tədbirləri işıqlandırmaq üçün təhlükəsizlik təlimləri keçmişəm. “Hə? Onda gərək biz səndən qorxaq” – deyib pıqqıldaşdılar. Gözlərindəki təəccüb isə yox olmadı.

Amma stadiona daxil olmaq doğrudan da çətin oldu. Polis kordonunu yarmaq lazım idi. Heç kimi buraxmırdılar. Məni buraxdılar: “Qızı buraxın, jurnalistdir, qızı buraxın” – deyə növbə ilə komanda verirdilər.

Matçdan sonra mən bir neçə həmkarımla stadionun bayırında dayanıb, necə deyərlər, dava-dalaş gözləyirdik. Amma hamı bayram edirdi. Maşınlar siqnal verir, uşaqlar bayraq yellədirdilər. Elə bil Azərbaycanın son dəqiqədə vurduğu qolla heç-heçə nəticələnmiş bu oyun qələbə ilə başa çatmışdı.

Sonunda başa düşdüm ki, qız uşağı üçün dəliqanlı azarkeşlərin arasında olmaq, gecə vaxtı Bakının küçələrində olub, siqnallanmaqdan və “hava öpüşləri” almaqdan daha təhlükəsizdir.

Azarkeşlər oyuna, polis azarkeşlərə baxırdı

Stadionun içində gördüklərim isə İngiltərə Premeyer Liqası oyunlarının kiçik modelini xatırladırdı. Bir dənə də boş oturacaq yox idi. Hətta ayaq üstdə duran çox sayda azarkeş vardı. Təbillər çalınır, şeypurlar gurlayır, bayraqlar yellənir, söyüşlər yağdırılırdı.

Yanımda dayanmış bir azarkeş lap karikatur qəhrəmanına çevrilmişdi - hər dəfə Rusiya komandasının oyunçuları bizim sektorun yanında olanda, o əzilib-büzülür, rəqs edir, dəridən-qabıqdan çıxırdı. Sonra onu polis apardı. Qayıdıb gələndə tanınmayacaq dərəcədə sakitləşmişdi.

Rusiya azarkeşləri ilə azərbaycanlıları ayıran sektorda hüquq-mühafizə orqanlarının əməkdaşları oturmuşdular. Bütün oyun boyu daş kimi tərpənməyən yeganə sektor elə bu idi.

Bir də stadionun diqqətini Rusiya komandasının heyətində oynayan Samedov adlı oyunçu cəlb etmişdi. Azərbaycanlı olub-olmadığını deyə bilmərəm, amma oyun boyu azarkeşlər “Satqın Səmədov” deyə qışqırırdılar.

Ruslar hesabı erkən açdılar. Oyun başa çatmaq üzrə olanda Azərbaycan hesabı bərabərləşdirdi. Bu vaxt artıq bir xeyli adam stadionu tərk etməkdəydi.

Azərbaycan komandaları adətən yaxşı bir oyunu son dəqiqədə buraxılmış qolla korlayır.

Bu dəfə tərsinə olmuşdu. Evə sağ-salamat çatmaq olardı…

Bakıda Bakını unutmaq istəsən…

14.10.2013

Mən ötən axşamı zəngin təbəqəyə mənsub dostlarımla keçirdim. Onlar bahalı maşınlar sürür, bahalı paltarlar geyinib bahalı restoranlara gedirlər.

Mən də şam etmək üçün onlarla birlikdə “Marriott” otelinə getdim.

Bakıdakı “Marriott” məni hətta Londonda da mat qoya bilərdi.

İki dildə menyü gətirdilər. Rus və ingilis dillərində. Biz bu dilləri başa düşsək də, Azərbaycan dilində menyünün olmamasına heyrətləndik.

Mən giley-güzar etdim ki, turist kimi getdiyim bəzi ölkələrdə onların dilini bilməsəm də, qarşıma bir qayda olaraq öz dillərində yazılmış menyünü qoyurlar.

Lakin burada, Bakıda elə yerlər var ki, orada Azərbaycanda olduğunu unudursan. Bəlkə elə məqsəd də budur...

Mən niyə rusca danışıram?

Başqa bir gün isə tək nahar edəcəkdim. Zahirən Qərb görünüşlü kafeyə daxil oldum və masa sifariş etdim.

Özüm də bilmədən rusca danışmağa başlamışdım. Özümə acığım tutdu: bu, Azal stüardessalarının rusca müraciətlərinə əsəbiləşən, yalnız rus və ingilis dilində menyü verən otelə qəzəblənən mən deyildimmi?

Azərbaycanlılar az qala dünyaya “azsektor” və “russektor” kimi gəlirlər.

İki dildə danışan, bir yox, elə iki millət kimi. Təhsilləri fərqli, həyat tərzləri fərqli.

Mitinq – toy və matəm

Şənbə günü isə Bakıdakı “Məhsul” stadionunda müxalifətin mitinqi var idi. Mən ilk dəfə idi ki, müxalifət etirazını meydandan izlədiyim üçün həyəcanlıydım.

Məni bura gətirən taksi sürücüsü mitinq barədə heç nə bilmirdi, lakin məndən eşidəndə, o da həyəcanlandı. Hətta dedi ki, indicə özü də gələcək. Amma zənn edirəm stadiuonun qapılarındakı polis maşınlarını görəndə fikrini dəyişib.

Stadionun darvazasından içəri keçəndə elə bildim ki, toya gəlmişəm. Gənclər tribunanın qarşısında musiqi sədaları altında qol açıb rəqs edirdilər.

Amma üzümü başqa tərəfə çevirəndə sanki matəm gördüm. Əsgərlikdə həlak olmuş oğullarının portretlərini sinələrinə sıxmış valideynlər bir tərəfdə dayanmışdılar.

Bakıda Azərbaycanı unudacaq yerlər tapa bilərsən, amma müharibəni yox. Bahalı mağazaları ilə bərq vuran Neftçilər prospektindən tez-tez əsgərlərlə dolu yük maşınları keçir.

Mitinqdən sonra polisin sürüdüyü bir ana isə qəzəblə deyir: “Belə hünəriniz var, gedin Qarabağı alın!”

Yerli radio-televiziya da belədir. Bütün gün vur-çatlasın, çal-oynasın və arabir Qarabağ, cəbhə, atəşkəs və Ermənistanın təcavüzü barədə xəbərlər.

Burada hətta siyasətlə məşğul olmasan da, narahatsan. Mahnı, rəqs, musiqi hər an xəbərlərlə dayana bilər.

Mən Londonlu “şəhər uşağı”yam

11.10.2013

Bakıya gəldiyim gündən vaxtımın çoxu seçki məntəqələri ilə konfrans zalları arasında keçib. Bu səbəbdən də ən çox rast gəldiyim “müsahiblər” hər şeyi bilən və “heç nədən, heç kimdən qorxmayan” taksi sürücüləri olub.

Heç demə, Azərbaycanda əsl söz azadlığı, siyasi təhlil və sosial təcrübə qədim “Jiquli” avtomobillərini idarə edənlərdə imiş.

“Badımcan” ləqəbli London taksilərinin sürücüləri o qədər də söhbətcil deyillər, hərçənd bu maşınlardan sağ çıxmaq ehtimalı daha böyükdür.

Mən əvvəllər elə bilirdim ki, bu iki taksi klanı arasındakı rəqabət müştəri üstündədir. Lakin məni hava limanından gətirən gənc sürücü izah etdi ki, məsələ təkcə bunda deyil.

“Jiquli”nin sürücüsü uca səslə danışırdı: “Onların müştəriyə münasibəti normal deyil, onlar adamla heç danışmaq da istəmirlər”…

Mən dedim ki, yəqin yolda daha diqqətli olmağa çalışırlar.

Yol yoldaşım geri çəkilmək fikrində deyildi: “Yaxşı sürücü maşını gözübağlı da sürər”.

Müştəri üçün o qədər də sanballı təminat deyil.

Nə isə, belə taksi səfərlərinin sonunda mən hər dəfə maşından düşəndə daha məlumatlı, daha ilhamlı və Azərbaycan dilində daha səlis olurdum.

Sürücülərdən biri məni hətta “şəhər uşağı” titulu ilə mükafatlandırdı da.

***

Dostlarım deyirlər ki, xaricdən gəlməyim dərhal bilinir, çünki lazım oldu-olmadı gülümsəyirəm.

Burada adamlar onların qarşısına mikrofon çıxarmayınca, onlarla danışmayınca, qaş-qabaqları açılmır və burada hamının üzünə gülmək dəlilik əlaməti sayıla bilər.

Lakin buralarda vücud dili yeganə ünsiyyət vasitəsi deyil. Mətbuat mərkəzində telefonumu yüklədiyim vaxt, bir gənc yaxınlaşıb adaptorumu xahiş edir.

Mən adaptoru ona verdim və onu geri alanda həmin gəncə təşəkkürümü bildirdim. Təşəkkürüm onu son dərəcə heyrətləndirdi və soruşdu ki, "sən niyə təşəkkür edirsən" - özü də bu, retorik sual deyildi. Mən üzr istəyib çıxdım.

Buradakı nəzakət qaydaları bir az başqa cürdür. Taksi sürücüləri “qonaq”dan pul almaq istəmirlər, sənin şəhərdə olduğunu eşidən kimi tanışların süfrə açırlar və hətta anamı tanımayan adamlar da ona salam göndərirlər.

Mən bütün bunlara təəccüblə baxıram, necə ki, onlar da mənim həmişə hazır olan təbəssümümə heyrətlənirlər.

***

Mən bu sətirləri telefonumda yazdığım an bir oğlan ətrafımda bir az dövrə vurub dayanır və mənim sevgilimə mesaj yazdığımı düşünərək, hətta nə yazdığımı bilirmiş kimi ucadan elan edir: "Bir saatdır səni Beşmərtəbənin qabağında gozləyirəm, gəl çıx daaa. Darıxmışam səninçün, səni sevirəm caaaanım”.

Xilasıma onun dostu çatır. Ona “gicbəsər" olduğunu deyir və qolundan çəkib aparır.

Maraqlıdır ki, getdikcə belə insidentlərə reaksiya göstərmirəm. Əksinə, küçədə kiminsə birdən birə rəqs etməsinə və ya al-əlvan ayaqqabı geyinməsinə maraqla baxıram. Londonda belə şeylərə heç fikir də vermirsən.

Yəqin “şəhər uşağı” olmağımdandır.

Seçkidən bir gün sonra...

10.10.2013

Mən sakit Sahil parkına qayıtmışam. Prezident seçkisi dünən burada bir çoxları üçün böyük təntənə ilə bitmişdi.

Kənardan baxana lap bir gün əvvəl getdiyim seçki məntəqələri kimi burdakı şadyanalıq da yaxşı ssenarilənmiş və əlaqələndirilmiş tədbir kimi görünürdü.

Skeytbordlarla və rolikləri ilə mərkəzi küçələrdə hərəkət edən gənclərin əllərində dövlət və hakim partiyanın bayraqları vardı. Rəsmi kostyum geyinmiş kişilərin müşaiyəti ilə gəzən cavanlar foto və videokameralara düşməyə can atırdılar.

Bu, mənim yadıma 2011-ci ildə Azərbaycanın Eurovision qələbəsinin bayram edilməsini xatrırladırdı.

Lakin mənim üçün ən yadda qalan hadisə bundan bir qədər əvvəl baş vermişdi. Əlimdə BBC mikrofonunu görən bir dəstə gənc MSK-dan çıxıb birbaş mənə tərəf gəlirdi. “Heç bilirsiniz orada nələr baş verir? - deyirdi onlar, - siz bizə mütləq qulaq asmalısınız. Sizə deyiləcək çoxlu sözümüz var”.

Mən qulaq asırdım, onlar isə danışırdılar. Onlar hətta YAP müşahidəçilərinin, seçki rəsmilərinin də seçki qutularını bülletenlərlə doldurduqlarından, tanıdıqları adamlara bir neçə bülleten verdiklərindən, pozuntuları qeydə alan müşahidəçiləri təhdid etdiklərindən söz açırdılar.

Bütün bu söhbət zamanı əynində parıltılı mavi lavsan parçadan kostyumu, gözlərində qara eynək olan birisi dayanmışdı. Qulaq asır, dəftərçəsinə nəsə qeydlər edirdi.

Mən necə "müşahidəçi" oldum

Mən bütün deyilənlərin həqiqət olduğunu şəxsən yoxlaya bilməsəm də, yerli və beynəlxalq müşahidəçilərin fərqli “müşahidə səviyyəsini" öz gözlərimlə gördüm.

Bəzi beynəlxalq müşahidəçilər məntəqələrə gəlib orada heç bir-iki dəqiqə də ayaq saxlamırdılar, digərləri isə gəlib oturur və mobil telefonlarında oyun oynayırdılar.

Əhmədlidəki seçki məntəqələrini gəzərkən mən həmçinin əllərində seçki qutuları ilə ev-ev gəzən qrupları da görmüşdüm. Mən belə səsvermə prosesinin necə keçdiyini müşahidə etmək üçün onlara qoşuldum.

Bir neçə dəfə yolumuzu azdıqdan və liftdə ilişib qaldıqdan sonra qoşulduğum dəstə qızı ilə yaşayan 93 yaşlı bir qadının mənzilinə gəldi. MSK nümayəndəsi imzalanmalı bülletenləri hazır tutmuşdu.

O maraqlanırdı ki, görəsən, qızı anasının yerinə imza ata bilərmi? Maraqlıdır ki, o bunu məndən soruşurdu.

Bütün ölkədə keçən seçkini nisbətən kiçik bir məkanda izləsəm də mən hamını – yoxsulları və zənginləri, bilikliləri və biliksizləri, coşqulu və ruh düşkünlüyü olanları görə bildim.

Bütün keyfiyyərlərinə baxmayaraq, seçki haqqında hərənin öz rəyi var idi. Çox vaxt bunu dilə gətirməsələr də.

Seçki günü

09.10.2013

Azərbaycanda seçki günüdür. Daxil olduğum ilk səsvermə məntəqəsi yaxşı hazırlanmış kino səhnəsini xatırladır. MSK rəsmisi diqqətlə gül buketlərinin yerini yoxlayır.

Arxa fonda bayağı klassik musiqi çalınır və mən ətrafıma boylanıram: Divarlardan hazırkı prezidentin atası və sələfi Heydər Əliyevin sitatları və portretləri asılıb. Bu səhnə Azərbaycan hakimiyyətinin ölkə üçün təqdim etmək istədiyi imici tam simvolizə edir.

Bakıdakı seçki məntəqələrindən birində seçki fırıldağı barədə xəbəri alan kimi mən həmin məntəqəyə yollandım.

Milli Şuranın müşahidəçisi mənə bildirdi ki, problemlər çoxdur: MSK rəsmiləri yaşlı seçicilərə barmaqları ilə hansı namizədə səs verməyin lazım olduğunu göstərirlər. Onlar vətəndaşlıq vəsiqələri ilə birlikdə məntəqəyə gətirilmiş adamları qeydiyyatsız seçicilər siyahısına yazırlar. Məntəqəyə gətirilənlərin seçki rəsmilərinə bağlı adamlar olduqları hiss edilir.

Mənim müşahidə etdiyim müddətdə ora bir qadın gəlib adının siyahıda səhv yazıldığını bildirdi. MSK rəsmisi onun adını “Gülnara”dan “Gülnaz”a çevirdi.

Mən “belə hallarda seçkçi saxtakarlığına yol verilə bilərmi” sualını verəndə, rəsmi mənim sözümü yarımçıq kəsib dedi ki, söhbət adi çap səhvindən gedir və bu mütləq düzəldilməlidir.

İlham Əliyevin müşahidəçisi bildirir ki, onun olduğu rayon məntəqələrində heç bir pozuntu müşahidə etməyib. Lakin o əlavə edir ki, seçici iştirakı aşağıdır, halbuki iki seçki bundan əvvəl adamlar səs vermək üçün növbəyə dayanırdılar.

Bu doğrudan da belədir. Məntəqələrdə eyni vaxtda üç-dörd seçicidən artıq səs verən gözə dəymir.