Milli Şura seçkilərin nəticələrinin "ləğvini istəyir"

Azərbaycanda əsas müxalifət namizədi çərşənbə günü keçirilmiş seçkilərin ləğvinə çağırıb və seçkilərin saxtalaşdırıldığını bildirib.

İlham Əliyev üçüncü müddətə prezident seçilib. Rəsmi rəqəmlərə görə, o səslərin 80 faizdən çoxunu qazanıb.

Müxalifətin namizədi Cəmil Həsənli deyib ki, seçkilər azad və demokratik keçirilməyib.

Milli Şura prezident seçkisinin "nəticələrinin ləğvini və yeni seçkilərin keçirilməsini" istəyir, çünki seçkilərin nəticələri "Azərbaycan xalqının iradəsini əks etdirmir", Müsavat Partiyasının sədr müavini Arif Hacılı mətbuat konfransında bildirib.

Cənab Hacılının sözlərinə görə, seçki axşamı möhürlənmiş protokollar nə yerli, nə də beynəlxalq müşahidəçilərə "təqdim edilib".

Həmçinin Mərkəzi Seçki Komissiyasının və Dövlət Statistika Komitəsinin səsvermə hüququ olan vətəndaşlarının sayında "yüzminlərlə fərqlər" olub. O, qutulara "topa" bülletenlər atıldığını deyib.

Vahid namizəd Cəmil Həsənli isə jurnalistlərə bülleten nümunələri göstərib, "bu bülletenlər bir gün öncədən seçicilərə paylanıb".

"MSK onsuz da bir gün öncədən seçkilərin nəticələrini açıqlamışdı, özləri də bilmədən bu mediaya yansıyıb", cənab Həsənli MSK-nın qalmaqallı mobil tətbiq (app) məsələsini xatırladıb.

O, dediklərini "hakimiyyətin mənimsənilməsi" adlandırıb, "etika xatirinə də olsa bu dəfə saxtalaşdırmanı gizli həyata keçirmədilər".

MSK-nın ilkin nəticələrinə görə, Cəmil Həsənli 5.54% səs toplayıb. Üçüncü dəfə namizədliyini irəli sürmüş İlham Əliyev isə prezidentliyə namizədlər siyahısına liderlik edir.

Mərkəzi Seçki Komissiyasının çərşənbə gecə açıqlamasından sonra Cəmil Həsənli BBC Azərbaycancaya müsahibə verib.

"Biz hesab edirik ki, bu seçkilər hakimiyyətin qeyri-qanuni yolla mənimsənilməsidir", deyən cənab Həsənli Konstitusiyanın 6-cı maddəsindən sitat gətirib.

Onun sözlərinə görə, bundan sonra qanun çərçivəsində, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar çərçivəsində mübarizə aparılacaq.

"Mən Azərbaycanın gələcəyini bu hakimiyyətsiz görürəm", cənab Həsənli deyib.

İlham Əliyevin tərəfdarları onun qələbəsini legitim hesab edir və dünən bu münasibətlə bayram tədbiri keçiriblər.

Beynəlxalq qurumlar və yerli qurumların əksəriyyəti seçkilərdə "neqativ hallara rastlamadıqlarını" deyib. Hərçənd ki, müxalifət seçkilərin "legitimliyini tanımayacağını" açıqlayıb.