MSK ilkin nəticə: İlham Əliyev prezidentliyə namizədlər siyahısına liderlik edir

Azərbaycanda oktyabrın 9-da prezident seçkiləri keçirilir. Seçkilərdə 10 namizəd iştirak edir.
15.52 Mərkəzi Seçki Komissiyası öz saytında 5492 seçki məntəqəsinin hər birindən səsvermənin ilkin nəticələrini açıqlayıb. Nəticələr belədir.
Əliyev İlham
84,55% (3126612səs)
Həsənli Cəmil
5,53% (204635səs)
Ağazadə İqbal
2,40% (88667səs)
Həsənquliyev Qüdrət
1,99% (73586səs)
Oruc Zahid
1,45% (53717səs)
İsmayılov İlyas
1,07% (39641səs)
Əlizadə Araz
0,87% (32065səs)
Quliyev Fərəc
0,86% (31774səs)
Hacıyev Hafiz
0,66% (24459səs)
Məmmədov Sərdar
0,61% (22728səs)
01.12 10/10/2013 Seçkilərin ilkin nəticələri açıqlanan kimi namizəd İlham Əliyev dövlət kanalı ilə çıxış edib.
"Mənə böyük etimad göstərmiş, yenidən prezident seçmiş doğma xalqıma minnətdaram, doğma xalqıma demək istəyirəm ki, daima Azərbaycanın dovlet maraqlarını müdafiə edəcəyəm", AzTV yayımlayıb.
01.07 Mərkəzi Seçki Komitəsinin açıqlamasından sonra BBC Azərbaycancaya Cəmil Həsənli müsahibə verib.
"Biz hesab edirik ki, bu seçkilər hakimiyyətin qeyri-qanuni yolla mənimsənilməsidir", deyən cənab Həsənli Konstitusiyanın 6-cı maddəsindən sitat gətirib.
Onun sözlərinə görə, bundan sonra qanun çərçivəsində, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar çərçivəsində mübarizə aparılacaq.
"Mən Azərbaycanın gələcəyini bu hakimiyyətsiz görürəm", cənab Həsənli deyib.
00.32 Mərkəzi Seçki Komitəsi sədri Məzahir Pənahov 9 oktyabra olan ilkin nəticələrini açıqlamaq üçün mətbuat konfransına başlayıb.
"Bu gün tarixi bir gün yaşadıq. Azərbaycan prezident seçkiləri çox yüksək şəkildə keçirildi. Seçicilərin çox böyük fəallığının şahidi olduq və bu səhər 8-dən seçkilər bitənə, axşam saat 7-ə kimi müşahidə edildi", Nailə Abdiyeva bildirir.
"Çox sevindiricidir ki, MSK-ya gün ərzində bir dənə də olsun, şikayət daxil olmayıb", cənab Pənahov qeyd edib ki, səsvermə hüququ olanların 72.32% iştirak edib.
Nəticələrin hələlik "qeyri-rəsmi" olduğunu deyən Pənahov, "Əliyev İlham Heydər oğlu növbəti 5 ilə seçilmək üçün siyahıya liderlik edir".
Siyahıya görə, İlham Əliyev 84.73%, Cəmil Həsənli 5.2%, İqbal Ağazadə 2.31%, Qüdrət Həsənquliyev 2.1%, Zahid Oruc 1.49%, İlyas İsmayılov 1.11%, Araz Əlizadə 0.88%, Fərəc Quliyev 0.87%, Hafiz Hacıyev 0.66%, Sərdar Cəlaloğlu 0.63% səs toplayıb.
"Gün ərzində məntəqələrdə nəticələrə kölgə salacaq heç bir hadisə baş verməyib".
Pənahov bütün məntəqələrdə seçkinin baş tutduğunu açıqlayıb.
İki gün müddətində MSK-ya protokollar daxil olacaq, bu proses müşahidəçilərə açıqdır.
22.55 Prezidentlik uğrunda mübarizə aparanlardan biri, Qüdrət Həsənquliyev “exit-poll”un və seçkilərin ilkin nəticələri və MSK-nın rəsmi saytında ilkin nəticələri əsas götürərək, İlham Əliyevi təbrik edib.
“Prezident seçkilərində qalib gəlmiş İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzulayıram. Prezidentliyə namizəd olmuş bütün şəxsləri xalqın seçiminə hörmət edərək seçkilərin nəticələrini tanımağa və Azərbaycana düşmən kəsilmiş qüvvələr tərəfindən növbəti dəfə xalqımıza və dövlətimizə qarşı istifadə olunmalarına imkan verməməyə çağırıram”, APA yazır.
<bold>22.39 </bold>Mərkəzi Seçki Komitəsi <link type="page"><caption> rəsmi saytında</caption><url href="https://www.infocenter.gov.az/e-services/prezident2013.aspx?i=3" platform="highweb"/></link> seçkilərin ilkin nəticələrini, təxminən 20 faizini açmağa başlayıb.
İlham Əliyev - 84.76 %
Cəmil Həsənli - 4.53%.
Ağazadə İqbal - 2.32%
Həsənquliyev Qüdrət -2.20%
Oruc Zahid -1.66%
İsmayılov İlyas -1.35%
Quliyev Fərəc -0.97%
Əlizadə Araz- 0.92%
Sərdar Calaloğlu- 0.65%
Hacıyev Hafiz - 0.64%
21.09 Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov keçirdiyi mətbuat konfransında “seçkilərin baş tutmuş hesab edildiyini” deyib.
“Xalqın dəstəyi sayəsində İlham Əliyev növbəti beş ildə də Azərbaycana rəhbərlik edəcək. Keçirilən “exit poll”arın nəticələrinə əsasən də, İlham Əliyev seçicilərin 83%-dən çoxunun səsini qazanıb. Ümid edirik ki, yaxın vaxtlarda Mərkəzi Seçki Komissiyası da nəticələri gecikdirməyib elan edəcək”.
Yeni Azərbaycan Partiyası ilkin nəticələrə görə, partiya sədri İlham Əliyevin səs çoxluğuna malik olması münasibətilə ofisinin qarşısında, “Sahil Bağı”nda aksiya keçirib. Hadisə yerindən Leyla Nəcəfli xəbər verir ki, musiqili aksiyada deputatlar, rəsmilər və əllərində bayraq tutmuş gənclər iştirak edir.
21.00 “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin dəvətilə Fransanın “OpinionWay “Tədqiqat İnstitutu da 64 dairənin 99 məntəqəsində 4701 nəfərlə “exit-poll” nəticələrini açıqlayıb.
Ağazadə İqbal Fehruz 1.7%
Əliyev İlham Heydər 82.8%
Əlizadə Araz Məmməd Mübariz 0.5%
Hacıyev Hafiz Ələmdar 0.4%
Həsənli Cəmil Poladxan 9.3 %
Həsənquliyev Qüdrət Müzəffər 2.9 %
İsmayılov İlyas Abbas 0.5 %
Məmmədov Sərdar Calal 0.6 %
Oruc Zahid Məhərrəm 0.7%
Quliyev Fərəc İbrahim 0.6 %
20.43 MSK-nın seçici fəallığı barədə yekun xəbərinə görə, seçicilərin 3 720 643 nəfəri səsvermədə iştirak edib və fəallıq 72.31 faizdir.
20.27 “RƏY” Monitorinq Mərkəzi də keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Nəticələri açıqlayan mərkəz direktoru Rizvan Abbasov APA-ya deyib ki, 64 dairənin 500 məntəqəsində 66,8% seçici arasında sorğu aparılıb.

İlham Əliyev 81,4%
İqbal Ağazadə 1,4%
Araz Əlizadə 0,7%
Hafiz Hacıyev 0,3%
Qüdrət Həsənquliyev 0,3%
Cəmil Həsənli 9,1%
İlyas İsmayılov 0,3%
Fərəc Quliyev 0,2%
Sərdar Cəlaloğlu 0,2%
Zahid Oruc 0,3%
20.03 ABŞ-ın “Arthur J.Finkelstein and Associates” şirkəti APA Holdinqin dəvətilə keçirdiyi “exit-poll”un nəticələrini imzalayıb. Nəticələri açıqlayan şirkətin icraçı direktoru Corc Birnbaum açıqlayıb ki, şirkət 835 məntəqədə 60 mindən çox respondentlə sorğu keçirib. Sorğuda nisbi xəta 0,4 faizdir.
İqbal Ağazadə - 1,6%
İlham Əliyev - 82,7%
Araz Əlizadə - 1,2%
Hafiz Hacıyev - 0,7%
Qüdrət Həsənquliyev - 1,7%
Cəmil Həsənli - 8,8%
İlyas İsmayılov - 0,9%
Fərəc Quliyev - 0,9%
Sərdar Cəlaloğlu - 0,6%
Zahid Oruc - 0,9%.
20.00 "ELS- Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin keçirdiyi “exit-poll” sorğusunun nəticələri elan edilib. Mərkəz sorğunu 68 seçki dairəsinin 400 seçki məntəqəsində keçirib.
İqbal Ağazadə - 1,88%
İlham Əliyev – 80,9%
Araz Əlizadə - 0,72%
Hafiz Hacıyev – 0,43%
Qüdrət Həsənquliyev – 2,81%
Cəmil Həsənli – 10.55%
İlyas İsmayılov – 0,65%
Fərəc Quliyev – 0,88%
Sərdar Cəlaloğlu – 0,63%
Zahid Oruc – 0,65%.
19.25 Binəqədi rayonu 9 saylı seçki dairəsinin 8 saylı məntəqəsində 674 nəfər səs verib, 675 nəfər isə seçkiyə gəlməyib. Hazırda istifadə edilməmiş bülletenlər ləğv olunur.
19.22 "Proqnoz" Müstəqil Sosioloji Araşdırmalar Mərkəzi “QHT Əməkdaşlıq Alyansı” üçün seçkilərlə bağlı 125 dairədə keçirdikləri "exit-poll" sorğusunun nəticələrini açıqlayıb.
İqbal Ağazadə - 1,88%
İlham Əliyev – 83,89%
Araz Əlizadə - 0,71%
Hafiz Hacıyev – 0,79%
Qüdrət Həsənquliyev – 1,30%
Cəmil Həsənli – 8,20%
İlyas İsmayılov – 0,95%
Fərəc Quliyev – 0,63%
Sərdar Cəlaloğlu – 0,67%
Zahid Oruc – 0,98%.
19.00 Azərbaycanda prezident seçkiləri bağlı elan edilib, hazırda seçki bülletenləri sayılır.
18.56 Seçki prosesinin bitməsinə bir necə dəqiqə qalmış müxbirimiz yenidən Binəqədi rayonu 9 saylı seçki dairəsinin 8 saylı məntəqəni ziyarət edib. Nailə Abdiyevanın dediklərinə görə, məntəqədə aktivlik müşahidə edilmir.
18.06 Xırdalanda 124 saylı dairənin 29-cu məntəqəsində olan müxbirimiz deyir ki, burada qeydiyyatda olan 529 nəfərdən 370-i səs verib. Bu məntəqədə Ağdam-Şuşa-Xocavənddən olan məcburi köçkünlər qeydiyyatdadır. Müşahidələrə görə, hazırda heç bir yerli və beynəlxalq müşahidəçi yoxdur, yalnız türkiyəli deputatlar ziyarət edib. Əlavə seçki siyahısında 18 nəfərin adı var. Açıqlamaya görə, onlar başqa yerlərdən gələn məcburi köçkünlərdir.
17.30 Milli Şuranın vahid namizədi Cəmil Həsənli bəyanatla çıxış edib.

"..prezident seçkiləri ilə bağlı ölkənin bütün istiqamətlərindən kütləvi və aşkar saxtakarlıq faktları ilə bağlı məlumatlar alıram. Hakimiyyət bu seçkinin taleyini “həll etdiyini” düşünür və hesab edirəm ki, çox ciddi şəkildə yanılır", Seçki Qərargahının məlumatında deyilir.
Onun sözlərinə görə, mediada yayılan pozuntulara görə, "artıq seçkinin legitimliyini indidən şübhə altına almaq mümkündür. Təəssüf ki, bir çox hakimiyyət nümayəndələri saxtalaşdırmada birbaşa iştirak edərək, ən ağır dövləti cinayətin – hakimiyyətin qəsbində iştirak edirlər".
Cənab Həsənli açıqlayıb ki, "..xalqımızın səslərinin qorunması üçün bütün qanuni vasitələrdən istifadə edəcəyik".
17.35 İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) əməkdaşları Bakının 11 rayonda 30 seçki məntəqəsində səsvermə prosesini müşahidə edib. Xanım Elmira Süleymanovanın APA-ya dediyinə görə, müşahidələr həmçinin bölgələrdə də aparılır.
“Əldə etdiyimiz məlumatlarda, səsvermə ilə bağlı heç bir şikayət və ya bu formada məlumat olmayıb. Şəxsən mən ayrı-ayrı namizədlərin nümayəndələri ilə də söhbətlər aparmışam. Onlar heç bir narahatçılığın olmadığını bildiriblər”.
Onun sözlərinə görə, ATƏT, ABŞ, İsveç, Pakistan və digər ölkələrdən olan beynəlxalq müşahidəçilər ona “seçkiləri yüksək səviyyədə keçirildiyini və bunun üçün bütün lazımı tədbirlərin görüldüyünü vurğulayıb”.
17.30 MSK-nın məlumatına görə, 3 439 629 nəfər səsvermədə iştirak edib, ümumi fəallığı 66,85 faiz təşkil edib.
17.25 Müxbirimiz Nailə Abdiyeva məlumat verir ki, 42 saylı Sumqayıt dairəsinin 28 saylı məntəqəsində bir nəfərin seçki qutusuna topa bülleten atdığını qeydə alıb. Daha sonra jurnalist Dairə Komissiyası sədrinin təkidi ilə məntəqədən çıxarılıb. Bu məntəqəni AŞPA-dan müşahidəçilər ziyarət edib.
16.59 "Prezident seçkilərinə hazırlıq çox yüksək səviyyədə təşkil olunub”, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının baş katibi Aleksey Sergeyev APA-ya deyib.
16.55 Sumqayıt 42 saylı dairənin 30 saylı məntəqəsində 720 nəfər səs verib, ümumi seçici sayı 1234-dür. Bu dairədə müşahidəçilər müxbirimizin suallarını cavablandırmayıblar. Məntəqədə seçici fəallığı müşahidə edilir. Bura hələlik nə beynəlxalq, nə də Milli Şuranın müşahidəçiləri gəlib. Konstitusiya Araşdırmalar Fondunun keçirdiyi "exit-poll" sorğusunu keçirənlər BBC Azərbaycancaya bildirib ki, "o qədər fəallıq yoxdur".
16.21 Milli Şura seçki prosesi ilə bağlı bəyanat yayıb ki, bu saata qədər “səsvermənin nəticələrinə ciddi təsir edəcək qanun pozuntuları və saxtalaşdırma halları barədə məlumatlar almaqdayıq”.
“Pozuntular bütün ölkədə kütləvi hal alıb və bir qayda olaraq hakim Yeni Azərbaycan Partiyasının namizədi, mövcud prezident İlham Əliyevin xeyrinə yönələn addımlardır”, mediaforum saytının çap etdiyi bəyanatda deyilir.
16.04 BBC Azərbaycanca bu dəfə Sumqayıtdan xəbər verir. Müxbir Nailə Abdiyeva deyir ki, olduğu 43 saylı III dairənin 9 saylı məntəqəsində indiyə kimi 620 nəfər səs verib. "Burada əlavə seçici siyahısına salınan 7 nəfərin arayışlarında onların hansı məntəqədə səs verməsi barədə məlumat qeyd edilməmişdi". Seçici fəallığı çox deyil.
16.00 Namizədlərdən biri, İlyas İsmayılov səsverməyə getməyib. Mediaforum saytına açıqlamasında, “özünə səs verməyi düzgün hesab etmədiyini” bildirib.
15.39 MSK-nın saat 15.00 məlumatına görə, seçicilərin 2 987 213 nəfəri səsverib, ümumilikdə, səsvermə hüququ olanların 58.05 faizi səs verib.
15.00 "Olduğum bütün məntəqələrdə müşahidəçilərin əksəriyyəti YAP üzvüdür. 99 faiz halda suallara cavab vermirlər", BBC Azərbaycancanın müxbiri Naila Abdiyeva vurğulayır.

14.50 Müxbirimiz Nailə Abdiyeva deyir ki, Suraxanı rayonu 26 saylı dairəsinin 26 saylı məntəqəsində də seçici siyahılarında adların qarşısında şəxsiyyət vəsiqələrinin nömrələrinin yazıldığını, lakin imzaların atılmadığını müşahidə edib. Komissiya sədri İbrahimov Nurəddin BBC Azərbaycancaya bildirib ki, bunlar müəllimlərin şəxsiyyət vəsiqələrinin nömrələridir, gəlib imza atacaqlar. Jurnalistin sözlərinə görə, müşahidə üçün gələn türkiyəli deputatlar yalnız 5 dəqiqə ərzində məntəqədə olub, "adlarını qeydiyyata salıb, çıxdılar", Abdiyeva deyir.
14.26 “Ən qərəzli hesab etdiyimiz müşahidəçi qrupu belə seçkilərin çox yüksək keçdiyini bildirib”, MSK sədri Məzahir Pənahov növbəti mətbuat konfransında bildirib.
Cənab Pənahov komissiya üzvləri ilə birgə öncədən də olan “məntəqələrdə təxribatlara əl atılması” kimi hadisələrin baş verməsindən təəssüfləndiyini deyib.
“Müəyyən insanlar hansısa formada xoşagəlməz gərginlik yaratmağa çalışır”, sədrin sözlərinə görə, bu ümumi prosesə “kölgə salır”.
“Belə hallar olur, bunun qarşısını almaq üçün MSK qanunvericiliyin tələblərinə uyğun addımlar atacaq”.
Cənab Pənahov bildirib ki, Cəbrayıl-Qubadlı 120 saylı seçki dairəsinin 29 saylı məntəqəsində Azadlıq qəzetinin müxbiri kimi özünü təqdim edən Əliyev Xəqani çöldə dayanaraq seçicilərin məntəqəyə daxil olmasına mane olub.

Ağdaşda isə bir nəfər özünü KİV nümayəndəsi kimi təqdim edib. Sonradan onun sənədinin saxta olduğu məlum olub, başqa bir yerdə bir nəfər on bülleteni götürüb çıxıb.
Zərdabdan Cəmil Həsənlini dəstəkləyən İskəndərov Yaşar məntəqədə çəkiliş aparmağa başlayıb.
“Biz məntəqələrdə çəkiliş aparılmasına narazı deyilik, lakin əgər seçici narazılıq edirsə, çəkilməməlidir”, cənab Pənahov bildirib.
Xətai rayonunda isə bir qadın bülletenini götürüb və qaytarmaq istəməyib.
Bu məlumatlardan bəziləri öncədən Yeni Azərbaycan Partiyasının bəyanatında da qeyd edilib.
14.15 ATV kanalı hərbçilərin səsverməsi ilə bağlı reportaj yayıb. İlk dəfə səs verən əsgərlərdən bəziləri deyib ki, onlar "şəffaf" şəkildə səs verib.
13.44 29 saylı Sabunçu III seçki dairəsi 30 saylı seçki məntəqəsində BBC Azərbaycancanın müxbiri Nailə Abdiyevaya deyir ki, seçici siyahılarında bəzi şəxslərin qarşısında ŞƏXSİYYƏT VƏSİQƏlərinin nömrələri yazılsa da, imzalar atılmayıb.
Jurnalistə seçici siyahılarının şəklinin çəkməyə icazə verməyiblər, və bu barədə suallara cavab verilməyib. Bu məntəqədə bütün müşahidəçilər bitərəfdir, müxalifyönlü müşahidəçilərin artıq məntəqəni tərk etdiyi deyilib. Abdiyeva deyir ki, Komissiya sədri ona cəmi 606 nəfərin səs verdiyini deyib. Ümumilikdə isə, 1461 nəfər səs verməlidir. Abdiyevanın müşahidələrinə görə, seçici fəallığı azdır, yarım saat ərzində cəmi 4-5 nəfər səs verib.

13.38 ATV telekanalı xəstəxanalarda keçirilən səsvermə ilə bağlı reportaj yayımlayıb. Kliniki Tibbi Mərkəzdən hazırlanan reportajda gəzə bilməyən vətəndaşlar palatalarda səs verdikləri göstərilib. Həmin xəstəxanada 500-600 nəfər səs verməlidir.
13.16 Prezidentliyə namizəd İqbal Ağazadə 19 saylı Nərimanov 1-ci dairə seçki komissiyasının 7 saylı məntəqəsində səs verib. O, seçki prosesi ilə bağlı şərh verməyin “tez olduğunu” deyib.
12.59 28 saylı Sabunçu 3-cü seçki dairəsi, 1-2-ci məntəqələrini müşahidə edən jurnalist Abdiyeva bildirir ki, seçici fəallığı "çox azdır". Adları əlavə seçki siyahısına salınanlarla bağlı Komissiya üzvləri BBC Azərbaycancaya bildirib ki, onlar seçicilərin sözlərinə inanaraq səsverməyə icazə verirlər. Hazırda daha 6 nəfərin adı əlavə seçki siyahısına salınıb, onlar 6 aydan çox bu ərazidə yaşadıqlarını iddia edib. Müxbirimiz deyir ki, 1-ci məntəqədə həyatını itirmiş şəxslərin adları da seçici siyahısındadır.
12.32 28 saylı Sabunçu 3-cü seçki dairəsi, 1-2-ci məntəqələri, Naila Abdiyeva deyir ki, Qasımova soyadlı bir nəfərin İsmayılova adlı başqa şəxsin yerinə səs verdiyini görüb. 1447 qeydiyyatlı seçicidən 400-ü səs verib. 24 nəfər 6 aydan çox bu ərazidə yaşadığından adları əlavə seçici siyahısına salınıb.
12.30 MSK-nın bildirdiyinə görə, ən fəal seçki dairələri 42-43 faizlə 36 saylı Xəzər, 14 saylı Salyan- Neftçala və Xəzər-Pirallahıdır. MSK İnformasiya Mərkəzi sədri Rüfət Gülməmmədov deyib ki, gün ərzində qaynar xəttə, Facebook və emaillərə müraciətlər gəlib. Qaynar xəttə əsasən, ünvanların dəqiqləşdirilməsi və ya hüquqi məsələlərlə bağlı 70-ə yaxın müraciət edilib.
12.26 Yeni Azərbaycan Partiyası prezidentliyə namizəd Cəmil Həsənlinin təmsilçilərinin “səsvermə prosesinin pozulmasına yönəlmiş təxribatlar törətməsi” barədə məlumat yayıb. Partiya müşahidəçilərinin məlumatına əsasən iddia edir ki, cənab Həsənlinin müşahidəçiləri “seçki prosesinin pozulmasına yönəlmiş təxribatlara əl atırlar”.
“Guya səsvermə prosesində hansısa qanun pozuntularının baş verməsi barədə rəyin formalaşdırılması məqsədinə xidmət edən bu cür təxribatçı hərəkətlər, xüsusi ilə beynəlxalq müşahidəçilərin məntəqələrdə müşahidə aparması zamanı baş verir”, bəyanatda deyilir.
Partiya bu barədə MSK və mediaya məlumat verəcəyini bildirib, partiyanın saytında yazılıb.
12.21 Prezidentliyə namizəd Sərdar Cəlaloğlu 23 saylı Nəsimi-Səbayel seçki dairəsinin 21 saylı məntəqəsində səs verib. O, jurnalistlərə seçici fəallığının “aşağı olduğunu” və səsvermə siyahılarında adların səhv salındığını deyib.
“Bu gün səsvermədə iştirak etmək üçün ailəmlə birgə 23 saylı Nəsimi-Səbael seçki məntəqəsinin 21 saylı dairəsində oldum. Həyat yoldaşım səs vermək istəyəndə məlum oldu ki, onun yerinə artıq səs verilib və adının qarşısı imzalanıb. Məntəqədən bizə bildirdilər ki, bu texniki problemdir", Moderator.az saytı cənab Cəlaloğluna istinadən yazır. O həmçinin, məntəqədə qutuların düzgün yerə qoyulmadığını da bildirib.
“Qutular elə yerə qoyulmuşdu ki, müşahidəçilər seçicilərin necə səs verdiyini görə bilmirdi. İstənilən halda mən bu seçkinin xalqımıza xeyirli olmasını arzu edirəm”.
12.20 Mərkəzi Seçki Komissiyası səsvermə ilə bağlı saat 12-ə olan nəticələrinə görə, 1 894 050 nəfər səs verib. Seçki fəallığı isə 36,81 faizdir.
Seçkinin 4-cü saatı

12.00 Xətai rayonu 8 saylı məntəqədə olan Leyla Nəcəfova məlumat verir ki, seçici fəallığı azdır. Ümumilikdə isə, burada 1380 nəfərdən cəmi 180-ni səs verib, təkcə bir qutunun yarıya qədər olan hissəsi dolub. Komissiya üzvlərindən ikisi yerindədir.
11.46 Milli Şuranın vahid namizədi Cəmil Həsənli 17 saylı Yasamal üçüncü Dairə Seçki Komissiyasının 6 saylı məntəqəsində səs verib. Cənab Həsənli seçki prosesi bitdikdən sonra açıqlama veriləcəyini bildirib.
11.35 Prezidentliyinə namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 16 saylı Yasamal 2-ci seçki dairəsinin 20 saylı məntəqəsində səs verib.
11.34 Öz təşəbbüsü ilə prezidentliyə namizəd olan Zahid Oruc 23 saylı Nəsimi-Səbayel seçki dairəsinin 18 saylı seçki məntəqəsində səs verib. APA yazır ki, cənab Oruc jurnalistlərə “seçkinin ədalətli və dinc şəkildə keçirildiyini” deyib.
11.16 Prezidentliyə namizəd Araz Əlizadə 17 saylı 3-cü Yasamal Seçki Dairəsinin 23 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib. Cənab Əlizadə seçki prosesinin “şəffaf” keçirildiyini və “hələlik hər hansı qanun pozuntusu ilə rastlaşmadıqlarını” deyib.
11.22 Nərimanov rayonu, 19 saylı dairənin 23-24 saylı məntəqələri eyni yerdə yerləşir. Nailə Abdiyeva deyir ki, 1478 seçicinin artıq 200-dən çoxu səsvermə hüququndan istifadə edib.
Məntəqəni ATƏT/ODHİR müşahidəçiləri müşahidə edir. Onlardan biri, Valeria Suzane Nelson müxbirimizə bildirib ki, indiyə kimi 6 məntəqə gəziblər, "pozuntu qeydə almayıblar".
24 saylı məntəqədə seçici fəallığı yüksəkdir, qutulardan biri artıq doludur.

10.50 Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat yayıb ki, ölkə üzrə seçki fəalliğı 18.22 faizdir.
10.30 “Proqnoz” Müstəqil Sosioloji Araşdırmalar Mərkəzi saat 10.30 üçün “exit-poll” sorğusunun nəticələrini açıqlayıb. APA yazır ki, Mərkəz 125 seçki Dairəsinin 939 məntəqəsində sorğu keçirir.
Ağazadə İqbal - 0.84%
Əliyev İlham - 92.15%
Əlizadə Araz - 0.06%
Hacıyev Hafiz - 0.1%
Həsənquliyev Qüdrət - 0.24%
Həsənli Cəmil - 6.06%
İsmayılov İlyas - 0.12%
Quliyev Fərəc - 0.1%
Məmmədov Sərdar - 0.08%
Oruc Zahid - 0.25%
10.27 Binəqədi rayonu, 8 saylı dairə, 30 saylı məntəqə. Müxbirimiz iki nəfərin eyni kabinəyə girməsini müşahidə edib.
Qapıda seçicilərin sol barmağı yoxlanılmadan içəriyə buraxılır.
Müşahidəçilərə ayağa durub izləməyə icazə verməyiblər. Milli Şuradan olan müşahidəçi buna etiraz edib.
Məntəqədə 5 komissiya üzvündən 2-si yerində deyil.
3 nəfərin adı əlavə seçici siyahısına salınıb. Məntəqə komissiya sədri Səida Həsənova BBC Azərbaycancaya bildirib ki, onlar bu əraziyə seçici siyahısı tərtib edildikdən sonra gəlib, lakin məntəqənin dislokasiyasına aiddir.
Bir nəfər seçici, Həsənağa Rəhimov iki övladının 5-6 il əvvəl xaricə köçməsinə baxmayaraq, adlarına bildiriş gəldiyini deyib.
İlk dəfə səsverənlərə bloknot hədiyyə verilib.

10.23 Namizəd Fərəc Quliyev 23 saylı Nəsimi-Səbayel seçki dairəsinin 25 saylı məntəqəsində səs verib. Cənab Quliyev bildirib ki, onun seçki qərargahı indiyə qədər heç bir qanun pozuntusu qeydə almayıb.
10.22. Səbayel rayonu 21 saylı məntəqə, Leyla Nəcəfova məlumat verir ki, hələlik 112 nəfər səs verib.
10.09 Binəqədi rayonu, 8 saylı dairə, 30 saylı məntəqə. Hazırda bu məntəqədə 130 nəfər səs verib. Nailə Abdiyeva məlumat verir ki, seçki qutuları səsvermə kabinələrindən uzaqdadır. Məntəqəni Müstəqil Dövlətlər Birliyinin müşahidəçiləri izləyir.
10.07 Prezidentliyə namizəd İlham Əliyev ailəsi ilə birgə 29 saylı Səbail Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib.
İlk iki saat
10.00 Seçki başlayandan iki saat sonra ilk rəsmi açıqlama verilib.
09.52 Namizədlərdən başqa biri, Hafiz Hacıyev 8 saylı Binəqədi 1-ci seçki dairəsi 31 saylı məntəqəsində səs verib. “Azərbaycandakı sabitliyi, iqtisadi inkişafını istəməyən bəzi qüvvələr var ki, onlara qarşı hər zaman mübarizə aparılıb və aparılacaq”, cənab Hacıyev “gələcəyə” səs verdiyini qeyd edib, Nailə Abdiyeva məlumat verir.
09.50"Daxil olduğum ilk səsvermə məntəqəsi yaxşı hazırlanmış kino səhnəsini xatırladır. MSK rəsmisi diqqətlə gül buketlərinin yerini yoxlayır. Arxa fonda bayağı klassik musiqi çalınır və mən ətrafıma boylanıram: Divarlardan hazırkı prezidentin atası və sələfi Heydər Əliyevin sitatları və portretləri asılıb. Bu səhnə Azərbaycan hakimiyyətinin ölkə üçün təqdim etmək istədiyi imici tam simvolizə edir", Səbayel-Nəsimi rayonları, 22 saylı məntəqədən BBC Azərbaycancanın Londondan ezam edilmiş müxbiri Leyla Nəcəfli təəssüratlarını bölüşür.

Onun sözlərinə görə, mənqətədə seçici aktivliyi müşahidə edilir, təxminən 300 nəfər səs verib. Müşahidəçilərin sayı təxminən 16-dır, lakin onlardan bəziləri uzaqda əyləşdiyindən hadisələri izləmək imkanı məhduddur. Həzin musiqi səsləndirilən bu məntəqədə 1294 nəfər səs verməlidir.
09.41 “Bəzi seçki məntəqələrində müşahidəçilərin fəaliyyətinə məhdudiyyətlər yaradılıb. Məsələn, seçki məntəqələri açılarkən 19 nəfər müşahidəçiyə 90 saylı Ağdaş, 97 saylı Goranboy-Ağdam-Tərtər, 112 saylı Qax, 121 saylı Laçın, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki məntəqələrində müşahidə aparmağa imkan verilməyib”, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin BBC Azərbaycancaya verdiyi məlumatda deyilir.
Məlumata görə, seçki məntəqələrinin 92 faizində səsvermə prosesinə hazırlıq saat 7-dən başlayıb. Lakin 18 faizində seçicilərin sayı elan edilməyib. 16 faizində seçki bülletenlərinin sayı deyilməyib. 27 faizində isə seçki məntəqəsindən kənarda səs vermək üçün olan seçicilərin sayı elan edilməyib.
SMDT 794 müşahidəçi ilə 125 seçki dairəsi üzrə üzrə təsadüfi seçim əsasında 15 faiz seçki məntəqəsi seçilərək monitorinqə cəlb edib. Məqsəd seçki məntəqələrinin təşkili, səsvermə və səslərin sayılması prosesinin monitorinqidir.
09.41 Binəqədi rayonu 31 saylı məntəqə, Nailə Abdiyeva deyir ki, müşahidəçilər səsvermə sahəsindən uzaq oturub. Onlar müxbirin bu barədə sualına "heç bir narazılıqlarının olmadığını" bildirib. Bu məntəqədə 895 nəfər qeydiyyatdadır, hələlik 30 nəfər səs verib.
09.31 Avropa Şurası Parlament Assambleyasının müşahidəçi rəhbəri Robert Walter Trend agentliyinə deyib ki, indiyə qədər heç bir problemə rastlamayıblar.
09.00 Hazırda Binəqədi rayonu 9 saylı seçki dairəsinin 8 saylı məntəqədə aktivlik bir qədər səngiyib, BBC Azərbaycancanın müxbiri Nailə Abdiyeva xəbər verir.
08.43 BBC Azərbaycancanın müxbiri Nailə Abdiyeva Binəqədi rayon 9 saylı seçki dairəsinin 8 saylı məntəqəsindədir. Abdiyevanın müşahidələrinə görə, indiyə kimi təxminən 25 nəfər səs verib, onlardan üçü qadındır. Ümumilikdə isə, canlılıq seçki başlandıqdan yarım sonra hiss edilib.
Bu seçki mənqətəsindəki siyahıda 1334 nəfərin adı var, lakin onlardan 14 nəfəri məntəqədən qeydiyyatdan çıxıb.Bir nəfər isə əlavə seçki siyahısına salınıb, o arayışla qeydiyyatsız olduğunu bildirib.
Məntəqədə səsverməni 8 nəfər yerli müşahidəçi izləyir, hələlik beynəlxalq müşahidəçilər yoxdur.
Abdiyeva deyir ki, 2 nəfərin sol əli deyil, sağ əli yoxlanılıb.

08.00 Seçki məntəqələri dövlət himninin səslənməsi ilə açıq elan olunub və axşam saat 7-ə kimi davam edəcək.
MSK sədri Məzahir Pənahov seçki məntəqələrinin açılması ilə bağlı mətbuat konfransında bildirib ki, bu gün "çox müstəsna əhəmiyyət kəsb edən gündür", İTV kanalı yayımlayır.
Cənab Pənahov həmçinin bildirib ki, əgər seçicilərin adı məntəqələrdəki siyahılarda yoxdursa, onlar şəxsiyyətlərini təsdiq edən sənədlə səs verə bilərlər.
Rəsmi məlumata görə, bu gün 5 milyon 145 min adam 125 dairə, 5492 məntəqədə səs verəcək. Məntəqələrdən 5273-i daimi, 219-u isə xaricdə olan seçicilərin səs verməsi üçün 5 günlük yaradılıb.
Seçkiləri 52 mindən çox yerli, 1240-dən çox beynəlxalq müşahidəçi izləyir.
Bu dəfə digər seçkilərdən fərqli olaraq məntəqələrin 20 faizi, yəni 1000-də kameralar quraşdırılıb və məntəqələrdən canlı yayım gedir.
Bundan öncəki seçkilərdə bu rəqəm 10 faiz olub.
Səsvermə günü qanun pozuntuları və şikayətlər üçün MSK-nın 155 "Qaynar Xətti" yaradılıb.
Seçki günü 67 gün öncə elan edilib.




