Rüstəm İbrahimbəyov: "Məni məcbur elədilər"

Rüstəm İbrahimbəyovun təbirincə, "prezidentliyə vahid namizəd olmaq" onun "fikrində belə deyildi".
"Məni məcbur elədilər", - kinodramaturq APA agentliyinə bildirib.
Eyni zamanda Rüstəm İbrahimbəyov Milli Şuranın yaradılmasının təşəbbüskarı olduğunu etiraf edib.
"Milli Şura yarananda məni sədr seçdilər...Təkid elədilər ki, prezidentliyə vahid namizəd olum. Gördüm ki, Milli Şurada olanlar bir-biriləri ilə dil tapa bilməyəcəklər. Ona görə də bu qərara gəldim", İbrahimbəyov öz qərarını bu şəkildə izah edib.
Onun sözlərinə görə, əvvəlcədən qərara alınmışdır kı, "Milli Şuranın prezidentliyə namizədi siyasətçi olmasın".
"Məsələ belə qoyulanda bir neçə şəxs irəli çıxdı. Mən, Cəmil Həsənli, Rafiq Əliyev və Mehman Əliyev... Lalə Şövkət, Rəsul Quliyev və “El” hərəkatı mənim tərəfdarım olduqlarını bildirdilər. O birilər də bununla razılaşdılar", İbrahimbəyov davam edib.
"Vətəndaşlıqdan bəlkə heç çıxmadım"
Rusiya vətəndaşlığından imtina edilməsi məsələsinə gəlincə isə, R.İbrahimbəyov "vətəndaşlıqdan bəlkə heç çıxmadım" sözlərini deyib: ""Mən Rusiyada adi şəxs deyiləm. Bu ölkənin ictimai həyatında fəal şəxs kimi iştirak edirəm. Əgər vətəndaşlıqdan çıxsam, Rusiyanın ictimai həyatında iştirak edə bilməyəcəm".
"Cəmil Həsənli və ya başqa namizəd seçkilərdə qalib gəlməsə, mənim Azərbaycanda yaşamağım çətin olacaq. Ona görə də, hər şeyi götür-qoy etdikdən sonra qərarı verəcəm. Yəni, vətəndaşlıqdan çıxmaqla bağlı yazdığım ərizəni geri götürmək ehtimalım var", kinodramaturq bildirib.
Milli Şura sədri Rusiya vətəndaşlığından imtina edilməsi prosesinin 6 ay çəkəcəyini əvvəlcədən bildiyini etiraf edib.
Onun sözlərinə görə, Rusiya Federal Miqrasiya Xidmətinin rəisi Konstantin Romadanovskilə tanışlığı olduğuna görə, bu məsələni "1 ay ərzində həll edə biləcəyinə" ümid edibmiş:"İstisna hal kimi mənə kömək edəcəklərini demişdi".
İmrahimbəyovun təbirincə, Putinin Bakıya səfərindən sonra "proses ləngiyib".
"Əgər Putin Bakıya getməsəydi, mən Rusiya vətəndaşlığından çıxmağımla bağlı sənədi alacaqdım. Bunu məsuliyyətlə deyirəm", İbrahimbəyov vurğulayıb.
Siyasətə - əlvida
Rüstəm İbrahimbəyovun təbirincə, o, daha siyasətlə məşğul olmaq istəmir və seçkilərdən sonra Milli Şuranın fəaliyyət göstərib-göstərməyəcəyi bilinmir: "Mən artıq siyasətlə məşğul olmuram və olmayacağam".
Bununla belə, o, Ziyalılar Forumunda fəaliyyətini davam etdirəcəyəni bəyan edib.
Ötən həftə Londona Cəmil Həsənli və Eldar Namazovla bərabər gəlməməsinin səbəbinin guya səhhətilə bağlı olduğu barədə xəbərləri təkzib edən Rüstəm İbrahimbəyov hazırda "çox məşğul" olduğunu qeyd edib.
"Moskvada vacib işlərim çoxdur. Ona görə Londona gedə bilmədim", R. İbrahimbəyov bildirib.
"London səfəri barəsində qərar veriləndə Milli Şuranın vahid namizədi mən idim. Lakin sonra Cəmil Həsənli vahid namizəd oldu. Londonda keçirilən görüşlər vahid namizədlədir. Ona görə də Londona Cəmil Həsənli getdi", Rüstəm İbrahimbəyov əlavə edib.
O eləcə də qeyd edib ki, cəmi bircə dəfə telefonla İsa Qəmbər və Əli Kərimlidən danışdığı halda, "Cəmil Həsənli və Eldar Namazovla demək olar ki, hər gün" danışır.




