Ermənistan Gömrük İttifaqı və Aİ ilə azad ticarətə ümidlidir

edvard nalbandyan
Şəklin alt yazısı, Edvard Nalbandyan Ermənistanın Avropa Birliyi üçün məqbul və Ermənistanın Gömrük İttifaqına daxil olmaq qərarına zidd olmayan istiqamətlərdə əməkdaşlıq etmək istədiyini bildirib

Ermənistan Avropa İttifaqı ilə sıx və dərin əməkdaşlıq yaratmaq niyyətindədir və bu barədə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan hazırda Avropa Birliyinə sədrlik edən Litva xarici işlər naziri Linas Linkyaviçusla və Avropa qonşuluq siyasəti üzrə komissar Stefan Füle ilə görüşləri zamanı bildirib.

Bu barədə çərşənbə axşamı Ermənistan parlamentinin qapalı iclasından sonra jurnalistlərə xarici işlər naziri Edvard Nalbandyan məlumat verib.

Ermənistanla Avropa İttifaqı arasında assosiasiya müqaviləsi bağlamaq, azad və geniş əhatəli ticarət əlaqələri yaratmaq üzrə üç il yarım davam edən danışıqlardan sonra bu il noyabr ayında rəsmi sənəd imzalanacağı gözlənirdi.

Lakin sentyabrın əvvəlində Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Ermənistan prezidenti Serj Sarkisyan Ermənistanın Rusiya başçılıq etdiyi Gömrük İttifaqı daxil olmaq istədiyini bəyan etdi.

Bəyanat çoxları üçün, o cümlədən Ermənistanda, gözlənilməz idi. Avropa İttifaqı Ermənistanın Gömrük İttifaqına üzvlüyünün assosiasiya müqaviləsi və geniş ticarət əlaqələri ilə uzlaşılmazlığını bildirir və rəsmi Yerevandan izahat gözləyir.

Qeyri-rəsmi siyasi qüvvələr və qeyri-hökumət təşkilatları bu “oriyentasiya dəyişikliyi” Rusiyanın Ermənistana təzyiqinin nəticəsi və ölkə suverenliyinə zərbə kimi səciyyələndirir. Vətəndaş hərəkatı fəalları mütəmadi etiraz aksiyaları keçirir.

Həm Avropa İttifaqı, həm Gömrük İttifaqı..?

Müşahidəçilərə görə, xarici işlər naziri Edvard Nalbandyanın Milli Məclisin qapalı iclasında izahatı yalnız hakim Respublikaçılar Partiyası təmsilçilərini qane etmiş ola bilər. Digər fraksiya üzvləri nazirin məxfi nitqini açıqlamayıb, lakin çoxları “konkret bir fikir“ eşitmədiklərini bildiriblər.

“Bizim məqsədimiz, Ermənistanla Avropa İttifaqı arasında son zamanlarda əldə edilmiş nailiyyətlər əsasında münasibətlərimizi irəli sürərək, Avropa İttifaqı ilə bütün mümkün formatlarda və bütün mümkün üsullarla sıx və dərin (eyni zamanda Avropa İttifaqı üçün məqbul və Ermənistanın Gömrük İttifaqına daxil olmaq qərarına zidd olmayan istiqamətlərdə) əməkdaşlığı inkişaf etdirməkdir“, - iclasdan sonra jurnalistlərə cənab Nalbandyan deyib.

Lakin artıq bəzi Avropa rəsmiləri Ermənistanın eyni zamanda həm Rusiyanın başçılıq etdiyi Gömrük İttifaqına üzv olması, həm də Avropa İttifaqı ilə azad ticarət əlaqələrinə qatılmasının mümkün olmadığını qeyd edirlər.

Məsələn, İsveç xarici işlər naziri Carl Bild hesab edir ki, Ermənistanla assosiasiya haqqında müqavilənin paraflanması məsələsi artıq gündəlikdən çıxarılıb. O, Twitter-də öz mikrobloqunda yazır ki, Slovakiyanın baş nazir müavini və xarici işlər naziri Miroslav Lajčák-la birlikdə belə qənaətə gəliblər.

“Miroslav Lajčák-la qənaətə gəlmişik ki, hal hazırda Ermənistanla assosiasiya müqaviləsi məsələsi gündəlikdən çıxarılıb. Biz Ukrayna, Moldova və Gürcüstanla işləyirik”, - Bildt yazır.

“Bəs Qarabağ harda qalacaq?”

Daşnaksutyun parlament fraksiyasının rəhbəri Armen Rustamyan cənab Nalbandyanın öz açıqlamalarında “Avropa İttifaqı ilə assosiasiya və Gömrük İttifaqı ilə Rusiyanın layihəsi olan Avrasiya İqtisadi Əməkdaşlıq Birliyi prosesləri“ ilə bağlı bir sıra sualları cavabsız qoyduğunu qeyd edib.

Ermənistanın hərbi və energetik təhlükəsizliyi baxımından, Armen Rustamyanın sözlərinə görə, Rusiyaya "alternativ yoxdur".

“Lakin bizim xarici siyasət vektorumuz dəqiq müəyyən edilməlidir. Bizim üçün daha çox seçim imkanları təmin etmək üçün XİN nə iş görüb? Gömrük İttifaqı bizə nə verir? Avropa nə verir? Və bu tək iqtisadi və siyasi sahələrə aid deyil. Bu proseslərdə Qarabağa hansı yer ayrılır?” – daşnak millət vəkili jurnalistlərə gileylənib.

Cənab Rustamyanın Qarabağla bağlı sualına dair Ermənistan xarici işlər naziri yalnız deyib ki, “Ermənistanın Gömrük İttifaqına daxil olmasından Qarabağ zərər çəkməyəcək”.

Cavab cənab Rustamyanı qane etməyib: “Çünki mən bu prosesdə Qarabağın nə kimi formatda iştirak edəcəyini bilmək istəmişəm”.

Eyni zamanda Daşnaksutyun fraksiyasının rəhbəri Ermənistanın Rusiya ilə əməkdaşlığına üstünlük verdiyini bildirib.

Çünki, onun sözlərinə görə, Avropa İttifaqı ilə assosiasiya müqaviləsi üzrə Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsi yerləşdiriləcəyi nəzərdə tutulur, Gömrükk İttifaqına daxil olmaq üçün isə, yəqin ki, hələlik belə tələb yoxdur.