Ermənistan Gömrük İttifaqına daxil olmaq istəyir

Putin və Sarkiysanın görüşü
Şəklin alt yazısı, Ermənistan Rusiya, Belarus və Qazaxıstandan sonra gömrük blokunun dördüncü üzvü olacaq.

Ermənistan Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqına üzv olmaq istədiyini bəyan edib. Bununla da Ermənistan Avrasiya iqtisadi ittifaqının formalaşmasında iştirak edəcək.

"Ermənistan respublikasının prezidenti Serj Sarkisyan Ermənistan respublikasının Gömrük ittifaqına daxil olmaq və bununla əlaqədar lazımi praktiki addımları atmaq və bunun nəticəsi olaraq Avrasiya iqtisadi məkanının formalaşmasında iştirak etmək qərarını bəyan edib", bu barədə Rusiya və Ermənistan prezidentlərinin birgə bəyanatında deyilir.

Serj Sarkisyan və Vladimir Putin bu gün Moskvada görüşüb.

Görüş zamanı Ermənistan dəmiryolu şəbəkəsinin inkişafına Rusiya dəmiryolları şirkəti tərəfindən 15 milyard rubl sərmayə qoyulmasının mümkünlüyü də müzakirə olunub.

Ermənistan Rusiya, Belarus və Qazaxıstandan sonra gömrük blokunun dördüncü üzvü olacaq.