Tom de Waal: Vladimir Putinin demədiyi sözlər

Vladimir Putinin Bakıya səfəri ərzində formal danışıqlar az açıqlansa da, əsas danışılmayan məsələlərdir, Cənubi Qafqaz üzrə təhlilçi Thomas de Waal belə hesab edir.
Carnegie Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya üzrə eksperti olan cənab de Waal yazır ki, Qəbələ radar stansiyası, Ermənistan və seçkilər kimi məsələlərin danışılmaması, Rusiya prezidentinin bu məsələlərdə mövqeyi haqqında işarələr verir.
Eyni zamanda cənab Putinin Qababağ haqqında yalnız bir cümlə deməsi, bu məsələnin onu "əslində maraqlandırmaması"nı göstərir, ekspert Carnegie saytındakı məqaləsində yazır.
Avqustun 13-də Bakıya işgüzar səfərə gələn Vladimir Putin bəyanatında deyib ki, Azərbaycanla Rusiya arasında münasibətlər "kifayət qədər uğurla inkişaf edir". Azərbaycan prezidenti İlham Əliyev öz növbəsində rəsmi Bakı və Moskvanın "bütün əsas məsələlərdə" mövqelərinin üst-üstə düşdüyünü bəyan edib.
Deyilməyən sözlər
Seçkilər - "Bu dəfə Azərbaycanın adətən bacarıqsız olan müxalifəti, həqiqi önəmi olan vahid namizəd seçib - tanınmış kinorejissor Rüstəm İbrahimbəyov. Amma (seçkilərdə) iştirak etmək üçün İbrahimbəyov ikili vətəndaşlığının Rusiya hissəsindən imtina etməlidir. Bu, Rusiya hakimiyyətinə onun iştirakına veto qoymağa de-fakto hüquq verib. Bu barədə nəyin isə deyilməsi lazım deyildi - hər iki tərəf digərinin istəyini bilirdi."
Qəbələ - "Rusların tərk etməyə məcbur olduqları Qəbələ radar stansiyasının adı çəkilməyib. Putinin səfərinin özü göstərir ki, Rusiya məsələni bağlı hesab edir."
Ermənistan - "Azərbaycan-Rusiya hərbi əməkdaşlıq söhbətləri ilə bu səfərin səbəblərindən biri, erməniləri həyəcanlandırmaq və Putinin Gömrük Birliyinə qoşulmaq haqqında onları daha ciddi düşünməyə məcbur etmək idi."
Amerika - "Rusiya ölkə başçısının altı nazirlə birgə Bakıya gəlməsi, azərbaycanlılara priotitetlərin nə olmalı olduğunu xatırladıb."




