İlham Əliyev: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayır"

Bu ilin sonunda Azərbaycan dənizçiləri Həştərxana cavab səfəri etməyi planlayır, Rusiya və Azərbaycan liderlərinin bəyanatında deyilir.
Rus lideri Putin deyib ki, onun Bakı ziyarəti Rusiyanın Xəzər donanmasının gəmilər dəstəsinin Bakıya dostluq səfəri ilə üst-üstə düşüb.
İçərisində “Dağıstan” raket gəmisi və “Volqodonsk” kiçik artilleriya gəmisinin olduğu bu dəstə Bakı limanına səfərdən bir gün öncə lövbər salıb. Bu hərbi gəmilərin gəlişi siyasətçilər və İnternet istifadəçilərinin tənqidi ilə qarşılanıb.
Rusiya prezidenti Putinin geniş nümayəndə heyəti ilə Bakı səfəri avqustun 13-ü baş tutub.
Bir-birinin ardınca bəyanat verən liderlər müxtəlif sahələrdən söz açıb.
“Siyasi sahədə münasibətlərimizin necə inkişaf etməsindən çox razıyıq”, Azərbaycan prezidenti İlham Əliyev deyib.
Cənab Əliyev siyasi əməkdaşlıq məsələsinə "xüsusi" diqqət verildiyini qeyd edib.
Dağlıq Qarabaq münaqişəsi və hərbi əməkdaşlıq
Regional məsələlər barədə isə, o, əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən danışıb.
“Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin tənzimlənməsi məsələlərində mühüm rol oynayır”.
Cənab Putin deyib ki, Dağlıq Qarabağ problemi yalnız siyasi vasitələrlə tənzimlənə bilər.
Prezident Əliyevin sözlərinə görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlığın həcmi 4 milyard dollarla ölçülür və “bu göstərici artmaqdadır”.
“Azərbaycan artıq haqlı olaraq dünyada ən yaxşı texnikadan biri sayılan Rusiya texnikasının alıcıları olan aparıcı ölkələr sırasına daxildir”, deyən rəsmi, bu əməkdaşlığın daha da artacağını ümid edib.
Azərbaycan və Rusiyanın enerji resursları baxımından eyni maraqlara sahib olduğunu deyən prezident Əliyev, “qəti surətdə” əməkdaşlıq, iqtisadi və siyasi istiqamətlərdə qarşılıqlı əlaqələri möhkəmləndirmək əzmində olduğunu deyib.
Vladimir Putin isə yanacaq-energetika sahəsində yeni imzalanmış sazişləri 15-20 il üçün perspektivli olduğunu bildirib.
Rus dili və iqtisadi əlaqələr
Humanitar sahə barədə cənab Əliyev, Azərbaycanda rus dilində tədris sistemi olan 335 məktəbin mövcudluğunu, onlardan 15-nin yalnız rusca təhsil verdiyini, 27 ali məktəbdə isə rusca təhsil verildiyi qeyd edib. Onun sözlərinə görə, yüz mindən çox insan rus dilində təhsil alır.
Rusiya prezidenti Putin deyib ki, Rusiya Federasiyasının 70-dən artıq regionu Azərbaycanla “sıx işgüzar əlaqələr saxlayır”.
Azərbaycanda isə beş yüzdən çox rus şirkətinin olduğunu deyən cənab Putin ölkəsində iki milyondan çox azərbaycanlı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, strateji tərəfdaşlığın, xüsusilə ticari-iqtisadi sahənin mühüm istiqamətləri müzakirə edilib.
O, həm də maşınlar, avadanlıq, ərzaq dövriyyəsindən söz açıb.
Ötən il bu sahədə artımın 37 faizdən 47-ə qalxdığını deyən lider rəqəmi “rekord” adlandırıb.
Rusiya prezidentinin işgüzar səfəri elə ötən gecə sonlanıb. O, Bakını tərk etsə də, nümayəndə heyətinin bir hissəsi Qəbələyə gedib.



