Tom de Waal yazır: Sarkisyanın rədd edə bilməyəcəyi təklif

Carnegie Fondunun Cənubi Qafqaz – Azərbaycan, Ermənistan və Gürcüstan üzrə nüfuzlu eksperti Thomas de Waal fondun saytında yerləşdirilmiş bloquna belə bir sərlövhə verib: "Sarkisyanın rədd edə bilməyəcəyi təklif".
Müəllif yazır ki, “bu barədə bildiriş gözlənilmədən verilib. Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya qısa səfərə gedir”.
“Lakin hamı bilirdi ki, bu səfərin gündəliyində bircə məsələ ola bilərdi: Vladimir Putin Ermənistanı Avrasiya İttifaqı layihəsinə qoşulmağa dəvət edirdi, - yazır de Waal, - günün axırında təsdiq olundu ki, Sarkisyana onun imtina edə bilməyəcəyi təklif edilib. Və o elan edib ki, Ermənistan İttifaqa qoşulur” – yazır müəllif.
Başqa cür ola bilərdimi?
Daha sonra məqalədə oxuyuruq: “Bu elan edildikdən sonra mən Facebook-da hər şeyin başqa cür olması üçün dua edən ermənilərin çoxsaylı məyus və iztirablı postlarını oxudum”.
“Lakin hər şey başqa cür ola bilərdimi - deyə sual edir de Waal, - ötməkdə olan yay Ermənistan liderləri üçün doğrudan da qızğın olub”.
Ermənistanın Avropa İttifaqı ilə danışıqlarının sürəti noyabrda keçiriləcək Vilnüs sammitindən əvvəl xeyli sürətləndirilmişdi.
Ermənilərə aydın şəkildə bildirilimişdi ki, onlarla Assosiasiya Müqaviləsi bağlana bilər, lakin əgər onlar Avropa İttifaqının Dərin və Hərtərəfli Azad Ticarət zonasına daxil olmaq istəyirlərsə, Rusiyanın Gömrük İttifaqına daxil ola bilməzlər, çünki tarif səviyyələri uyğun gəlmir.
Thomas de Waal yazır ki, rusların buna cavabı birmənalı olub. Onlar Ermənistanın düşməni olan Azərbaycana kütləvi şəkildə hücum silahları satdılar və Putin onlarca rəsmisi ilə birlikdə Bakıya ildırım sürətli səfər etdi.
Qorxulu müttəfiq
Məqalədə deyilir ki, Ermənistan rəsmiləri son addımı ölkənin təhlükəsizliyi mülahizələri ilə atdıqlarını etiraf edirlər.
Rəsmilər bildiriblər ki, Ermənistan onu bir göz qırpımında məhv edə biləcək yeganə hərbi müttəfiqini küsdürə bilməzdi. Sarkisyansa buna belə haqq qazandırdı: “Mən həmişə demişəm ki, bir hərbi təhlükəsizlik sisteminin bir hissəsi olub, onun digər müvafiq iqtisadi fəzasından təcrid olunmaq mümkün deyil və səmərəsizdir”.
Ermənistan prezidenti bunu da əlavə edib ki, onun ölkəsinin qərarı Avropa İttifaqının inkarı demək deyildir. O bildirib ki, indi Vilnüsdə Assosiasiya Müqaviləsinin siyasi bəndləri razılaşdırıla bilər, lakin iqtisadi inteqrasiya məsələsi artıq iflasa uğradı.
Thomas de Waal yazır ki, Ermənistan hökumətinin bəzi nümayəndələri Avropa İttifaqının onlara hərəkət manevri üçün məkan verməməsindən gileylənirlər.
Bu gileyə müəyyən haqq qazandıran müəllif yazır ki, Ermənistan bu avtomobil qəzasına doğru illərdir, yavaş-yavaş irəliləyirdi.
Ruslar bu oyunu ağıllı oynadılar
Koçaryanın və sonra da Sarkisyanın siyasəti Ermənistanın iqtisadiyyatını tamamilə Rusiyanın ixtiyarına verdikdən sonra onlar ölkənin avropasayağı rəqabətə girişini təmin etmək üçün kifayət qədər siyasi hakimiyyətə malik ola bilmədilər.
Sarkisyan vəziyyəti, yeni bir cəhdlə dəyişmək istəyəndə isə, hər şey belə qurtardı.
“Ruslara gəlincə isə, onlar bu oyunu çox ağıllı oynadılar, - yazır de Waal, - əlbəttə Errmənistan onlar üçün əsas hədəf deyil, Ukrayna hədəfdir. İndi təzyiq növbəsi Kiyevə çatır”.




