Avropa İttifaqı Ermənistanın Rusiya təşkilatına üzvlüyündən məmnun deyil

Putin və Sarkisyan

Avropa İttifaqının sədri Litva bəyan edib ki, prezident Serj Sarksiyanın ölkəsinin Gömrük İttifaqına üzvlüyü ilə bağlı Moskvada verdiyi bəyanatı Avropa ilə Ermənistan arasında azad ticarət sazişinin imzalanmasına mane olur.

“Biz ölkələrin istənilən seçiminə hörmətlə yanaşırıq, lakin onlar fərqli tarif tələblərinə görə eyni zamanda hər iki təşkilata daxil ola bilməz”, Litvanın xarici işlər naziri Linas Linkevicius AFP agentliyinə bildirib.

Prezident Sarkisyan ötən gün Gömrük İttifaqına üzv olmasına rəğmən Ermənistanın Avropa ilə əlaqələrinin davam edəcəyini deyib.

Azərbaycanda isə hesab edirlər ki, Ermənistan Rusiyanın təzyiqilə Gömrük İttifaqına daxil olmağa məcbur edilib.

Ermənistan Rusiya, Belarus və Qazaxıstandan sonra EvrAzES (ЕврАзЭС) gömrük blokunun dördüncü üzvü olacaq.

EvrAzES Gömrük İttifaqı gələcəkdə ümumi icra orqanları və vahid valyutanın tətbiqini nəzərdə tutur.

Bakıdan baxış

“Gömrük İttifaqına daxil olmaq və Avrasiya İqtisadi İttifaqının qurulmasında iştirak qərarı Ermənistanın Avropa strukturları ilə dialoqundan imtinası kimi qəbul edilməməlidir” - pressforum.az saytında Serj Sarkisyanın sözlərindən iqtibas gətirilir.

Azərbaycanda Ermənistanın addımının gözlənilməz olmadığını deyirlər.

Hakim YAP partiyasının yüksək rütbəli rəsmisi deyib ki, son zamanlar Avropaya inteqrasiyası barədə danışan Yerevan Rusiyanın təzyiqilə Ermənistanın Gömrük İttifaqına daxil olmağa məcbur edilib.

“Moskvada olan danışıqlar bir daha göstərdi ki, Ermənistan daxili və xarici siyasəti Rusiyadan asılıdır. Ermənistan geopolitik və geoiqtidasi məsələlərdə Rusiyanın yayında olmasa, Rusiya onu müxtəlif vasitələrlə cəzalandıra bilər”, Mübariz Qurbanlı BBC Azərbaycancaya deyib.

“Son həftələrə qədər Ermənistan hakimiyyəti Avropa İttifaqına assosiativ üzvlüklə bağlı açıqlamar verirdi və dönə-dönə vurğulayırldılar ki, Ermənistan Gömrük İttifaqında yer ala bilməz. Çünki bu ittifaqda olan ölkələrlə quru sərhəddi yoxdur. Amma görünür Rusiya Qarabağla bağlı yardımlarını əsirgəyəcəyi, investisiyanı kəsəcəyi və ya başqa nəyləsə təzyiqlərini artırdı və belə qərar verildi”, - “Atlas” Araşdırmalar Mərkəzinin Politoloq Elxan Şahinoğlu BBC Azərbaycancaya deyib.

Cənab Şahinoğlu bunu Ermənistana nəsə verəcəyini düşünmür: “Putin Sarkisyana investisiyaların artırılacağı, dəmir yol çəkəcəyi və digər yağlı vədlər verdi. Amma bundan öncə də Rusiya Ermənistanda bir müddət öncə zavodları aldı, amma işlətmədi”.

Politoloq Ermənistanın bu qərarının Azərbaycana nə vəd edəcəyi haqda deyib ki, bununla Azərbaycan Dağlıq Qarabağ məsələsində geri düşdü.

“Müəyyən qədər fikirlər var idi, Ermənistan bu ittifaqa üzv olmasa iki ölkə münasibətlərdə çat yaranacaqdı, guya Rusiya Qarabağla bağlı yardım edəcəkdi. Amma indiki durumda Rusiya Ermənistana işğalçılıq fəaliyyətinə dəstəyini bir az da artıracaq”.

"Təkrar sovetləşmə"

Çərşənbə günü səslənən daha bir bəyanatda 7 Baltikyanı və Şimali Avropa ölkələri Rusiyanı sabiq Sovet Respublikalarına təzyiq etməkdən çəkinməyə səsləyiblər.

Amerikanın sabiq dövlət katibi Hillary Clinton isə Gömrük İttifaqı layihəsini "təkrar sovetləşmə" kimi dəyərləndirib.

Vilyus Universitetinin təhlilçisi Vytis Jurkonis Ermənistanın addımını “daha miqyaslı oyunun tərkibi" kimi görür. Onun sözlərinə görə Moskva Ukrayna ilə Belarusa xəbərdarlığında Avropa ilə yaxın əlaqələrin ikitərəfli münasibətlərə mənfi təsir göstərəcəyini deyib.

"Rusiya Avropa ilə assosiyasiya müqaviləsinin imzalanmasından çəkindirmək üçün Şərq Tərəfdaşlığı proqramı ölkələrinə təzyiqini artırır" Jurkonis AFP agentliyinə bildirib.

Ermənistan bir sıra sabiq Sovet Respublikaları, o cümlədən Azərbaycanla yanaşı Şərq Tərəfdaşlığı proqramının üzvüdür. Bu proqram Avropa İttifaqı ilə daha sıx əlaqələrin qurulmasını nəzərdə tutur.

Moskva Brüsselyönlü proqramı öz maraq dairələrinə müdaxilə kimi görür.