Ermənistan Avropa-Rusiya münasibətlərinə gərginlik gətirdi

Rusiya və Ermənistan prezidentləri
Şəklin alt yazısı, Ermənistan prezidenti Serj Sarkisyan Vladimir Putinlə görüşdən sonra ölkəsinin gömrük ittifaqına qoşulacağını deyib.
    • Müəllif, Laurence Peter
    • Vəzifə, bbcnews.com

Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqına qoşulmaq qərarı, Avropa İttifaqının bu ölkə ilə daha yaxın bağlar qurmaq planını dolaşığa salıb.

Aİ noyabr ayında bir neçə keçmiş sovet respublikası ilə assosiasiya sazişləri imzalamağı planlaşdırır, lakin indi çətin ki, Ermənistan onların sırasında olsun.

Belə sazişlər son nəticədə Aİ üzvlüyünə aparan yolda mühüm addım hesab olunur.

Ermənistanın hərəkəti Rusiyanın keçmiş sovet ölkələri üzərində nəzarəti ələ almağa çalışdığı barədə Qərbin narahatlıqlarını artırıb.

Avropa Komissiyası Ermənistandan öz mövqeyinə aydınlıq gətirməsini rica edib. Ermənistan iki ildən də artıq sürən danışıqlardan sonra Aİ ilə müqaviləni qarşıdan gələn noyabrda imzalamalı idi.

Komissiya bildirib ki, saziş “sıfırla bitən oyun” deyil, başqa sözlərlə bu, sadəcə olaraq Rusiya və ya Avropa İttifaqı arasında seçim demək deyildir.

Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Stefan Fuele deyib ki, “biz Ermənistanın ehtimalən Gömrük İttifaqına qoşulmaq niyyətini nəzərə alacağıq”.

“Biz Ermənistandan onun niyyətlərinin nə olduğu, Assosiasiya Sazişi və Dərin və Hərtərəfli Azad Ticarət zonası barədə sazişə dair öhdəliklərini necə uyğunlaşdıracağı barədə izahat gözləyirik” – deyib Fuele.

Enerji qarmağı

Bununla belə, Avropa Parlamentinin Britaniya Mühafizəkarlar partiyasından olan üzvü, xarici siyasət eksperti Charles Tannock BBC-ə müsahibəsində deyib ki, Ermənistan iki müxtəlif tarif qaydaları ilə işləyə bilməyəcək.

“Əgər sən bir gömrük ittifaqına qoşulursansa, - deyib millət vəkili, - başqa bir yurisdiksiya ilə azad ticarətə malik ola bilməzsən”.

Aİ assosiasiya sazişləri ticarətin sadələşdirilməsi məqsədindən də uzağa gedir və demokratik standartlara əməl edilməsini, təsisat islahatlarının həyata keçirilməsini tələb edir. Rusiyanın Gömrük İttifaqında belə müddəalar yoxdur.

İllərdir ki, Aİ Moskvanın keçmiş sovet müttəfiqləri ilə yeni “Şərq Partnyorluğu” layihəsindədir.

Moldova və Ukrayna noyabr ayında Avropa İttifaqı ilə assosiasiya sazişlərini imzalayacaqlar. Lakin Rusiya onların hər ikisini təsir dairəsində saxlamaq üçün üzərlərinə güclü təzyiq göstərir. Bu iki ölkənin Rusiya qazından asılı olması onların vəziyyətini daha da kövrəkləşdirir.

Keçən çərşənbə axşamı Rusiyanın vəzifəli siyasilərindən Dmitri Roqozin moldovanlara deyib ki, “qış yaxınlaşdıqca, enerji təchizatı çox mühüm olur. Ümid edirəm ki, donmayacaqsınız”…

Bundan bir qədər sonra çıxış edən Moldova prezidenti Nicolae Timofti deyib ki, onun ölkəsi Avropa İttifaqı ilə inteqrasiyaya can atmaqda davam edəcək və “təzyiq və hədə” altında yaşamaq istəmir.

Rusdilli separatçılar Moldovadan qoparılmış Dnestryanı bölgəyə hələ də nəzarət edirlər.

Yeri gəlmişkən, Aİ-nin noyabr sammitinə ev sahibliyi edən Litvanın özü də keçmiş sovet respublikasıdır. Litvanın xarici işlər naziri Linas Linkevicius deyib ki, Ermənistanın Gömrük İttifaqına qoşulmaq qərarı Rusiyanın təkcə Ermənistan yox, həm də başqa partnyorların üzərinə təzyiqlərinin davam etdiyini göstərir.

Hərbi gərginlik

Xristian ənənələrini paylaşan Rusiya və Ermənistan çoxdan bəridir ki, sıx əlaqələrə malikdirlər.

Ermənistan hələ də qonşusu, müsəlman əhaliyə malik Azərbaycanla ərazi münaqişəsindədir və bəzi müşahidəçilər Dağlıq Qarabağla Gömrük İttifaqı planı arasında birbaşa əlaqə görürlər.

Cənab Tannock deyir ki, “görünür Rusiyanın Azərbaycana silah satması Ermənistan prezidenti Serj Sarkisyanın addımını hər şeydən daha çox təsirləndirib”.

Rusiya mətbuatı yazır ki, Moskva neftlə zəngin Azərbaycana tanklar və artilleriya qurğuları da daxil olmaqla 1 milyard dollarlıq silah satıb.

Ermənistan sərhədlərini ruslar qoruyur
Şəklin alt yazısı, Ermənistan sərhədlərini ruslar qoruyur.

1990-cı illərin Dağlıq Qarabağ müharibəsindən bəri Ermənistan Rusiya ilə sıx hərbi əməkdaşlıqdadır.

“Bunsuz, - deyib cənab Tannock, - Ermənistan Azərbaycanın qarşısında tamamilə zəif düşərdi”.

O deyib ki, “Rusiya, deyəsən, özünün ənənəvi təsir dairəsində döyüşləri udur və Avropa İttifaqını, necə deyərlər, qəfil yaxalayıb”.

Ermənistanın siyasi şərhçilərindən Richard Giraqosyan prezident Sarkisyanın bu addımını “strateji səhv” adlandırıb.

Lakin ekspert əlavə edib ki, hələlik gec deyil və noyabrda Litvada keçiriləcək Aİ sammitinə qədər bu səhvi düzəltmək imkanı var.

“Gömrük İttifaqına qoşulması Ermənistanı daha da təcrid edəcək və onu balaca, Rusiyaya müti hərbi diktaturaya çevirəcək” – deyib Richard Giraqosyan.

Yerevanda mənzillənmiş Regional Araşdırmalar Mərkəzinin direktoru olan cənab Giraqosyan diqqəti Rusiya və Ermənistan arasındakı bağların asimmetriyasına çəkib. O deyib ki, ruslar artıq Ermənistanın enerji sektorunda, mədənçilik və strateji infrastrukturlarında əsas paya sahibləniblər.

Onun fikrincə, Ermənistanın Rusiya ilə ümumi sərhədlərinin olmaması və iqtisadiyyatlarının uyğunsuzluğu Gömrük İttifaqı çərçivəsində partnyorluğu mürəkkəbləşdirəcək.

“Ermənistan Avropaya daha yaxın olmaq üçün nadir imkanını itirməkdədir” – deyə o, xəbərdarlıq edib.

Avrasiya İttifaqı

Cənab Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə Moskvada ötən çərşənbə axşamı görüşüb və çıxışında keçmiş sovet ölkələri arasında olan ticarət əlaqələrinin təhlükəsizlik partnyorluğu ilə birbaşa bağlı olduğuna işarə edib.

Cənab Sarkisyan Ermənistanın “Gömrük İttifaqına qoşulmaq və Avrasiya İqtisadi İttifaqının yaradılmasında iştirak etmək arzusu”ndan danışıb. Cənab Putin Avrasiya İttifaqına gələcəkdə keçmiş sovet ölkələrini bir araya gətirəcək blok kimi baxır. Hələlik Rusiyanın Gömrük İttifaqına yalnız Belarus və Qazaxıstan qoşulub.

“Mən dəfələrlə demişəm ki, biz eyni hərbi təhlükəsizlik sistemini paylaşdığımızdan, özümüzü müvafiq geo-iqtisadi fəzadan təcrid edə bilmərik” – deyib Sarkisyan.

“Bu rasional qərardır, Ermənistanın maraqlarına əsaslanan qərardır. Bu qərar bizim Avropa təsisatları ilə dialoqdan imtina etdiyimizi göstərmir”, o bildirib.

İsveçin xarici işlər naziri Carl Bildt ötən çərşənbə axşamı özünün Twitter hesabında yazırdı: “Belə görünür ki, Ermənistan Aİ ilə ticarət müqaviləsinin bağlanmasını pozacaq və əvəzində Rusiyaya inteqrasiya edəcək. Bu 180 dərəcə dönüşdür”.