Məhbusların Prezidentə müraciəti seçkilərəmi hesablanıb?

- Müəllif, Natiq Cavadlı
- Vəzifə, Bakıdan BBC Azərbaycanca üçün
Ötən həftənin siyasi olayları sırasında üç məhbusun indiki prezident İlham Əliyevə dəstək ifadə olunan müraciətlərinin yayılması diqqət çəkib.
Müraciətlərin prezident seçkilərinə az qalmış yayılması müzakirə və ittiham predmetinə çevrilib.
Sabiq nazir Fərhad Əliyev özünün müdafiə komitəsinin sədri, prezidentliyə namizəd Cəmil Həsənlini yox, İlham Əliyevi dəstəkləməsi, yaxud azad olunmasına çox az müddət qalmış İlham Əmiraslanovun 1 ay əvvəl “mən siyasi məhbusam” söyləməsinə rəğmən yaydığı müraciətində özünü "siyasi məhbus" hesab etməməsi və mövcud hakimiyyətin siyasətini dəstəkləməsi diqqəti çəkib.
Bəzilərinin fikrincə, müraciətlərin seçkilər ərəfəsində yazılması hazırkı prezident və 3-cü müddət prezidentlik üçün seçkilərə gedən İlham Əliyevin dəstəklənməsinə xidmət edir.
Ötən il həbsdən hökuməti tənqid edən <link type="page"><caption> məktublar yazmış</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/07/120703_hilal_mammadov_letter.shtml" platform="highweb"/></link> Hilal Məmmədovun ötən həftə göndərdiyi müraciət də çox müzakirə olunub.
Bəzi hüquq müdafiəçiləri onun son müraciəti təzyiq altında yazdığını bildirsə də, hakimiyyət bu iddiaları rədd edir.
“Şantaj"
Bir neçə ay əvvəl Hilal Məmmədova “İsaxan Aşurov mükafatı”nı vermiş Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus iddia edir ki, Hilal Məmmədovu ailəsi, uşaqları və yaxın qohumları ilə "şantaj ediblər”.
“Hilal Məmmədov “TalışınSədası” qəzetinin sabiq baş redaktoru Novruzəli Məmmədovun ailəsinin başına gətirilən oyunların yeganə və ən başlıca şahidlərindən biridir. Onun böyük oğlunu ölənə qədər döyüb ifadə verməsini tələb edirdilər. Kiçik oğlunu isə elə məhkəmə zalında həbs etdilər. Təbii ki, atası etiraf etmədiyindən həbsxanada dünyasını dəyişdi. Oğlunu isə Novruzəlinin və vəfatından sonra öldürdülər. Əminliklə deyə bilərəm ki, Hilal Məmmədovu ailəsi, uşaqları və yaxın qohumları ilə şantaj ediblər", - Leyla Yunus iddia edir.
Pentinsiar Xidmətin mətbuat katibi Mehman Sadıqov isə deyilənləri rədd edir və müraciətlərin tam sərbəst və məhkumların özləri tərəfindən yazıldığını söyləyir.
Onun sözlərinə görə, hər hansı təzyiqdən söhbət gedə bilməz: “Bu müraciətlər məhkumların özlərinin ifadə etdiyi fikirlərdir və qərarlardır. Onların müraciətinə Pentinsiar Xidmət tərəfindən heç bir müdaxilə olunmayıb”.
Hüquq müdafiəçisi Arzu Abdullayeva hakimiyyətin məhbuslara müxtəlif üsullardan istifadə etməklə məlum müraciətləri imzaladığına əminliyini bildirir.
O, psixoloji təzyiqlərin olduğunu güman edir. “Bu müraciətlərin yazılmasında məqsəd həmin məhbuslara geriyə yol qoymamaqdır. Yəni onları azad etmək istəyirlər və hakimiyyətə qulluq edəcəkləri barədə bu cür müraciətlərlə zəmanət alırlar".
O, müraciətlərin seçkilərdə hazırkı prezidentin müdafiəsilə bağlı olduğunu iddia edir və müraciət müəlliflərinin azad olunacağına inamının olmadığını deyir.
"Hakimiyyət siyasi məhbuslarla vətəndaş cəmiyyətini üz-üzə qoymaq istəyir. ictimaiyyətdə belə rəy yaradırlar ki, bu adamlar heç zaman vətəndaş cəmiyyətilə təmas qurmayacaqlar. Çünki onların geriyə qayıtması çətindir”.
Digər bir hüquq müdafiəçisi- dəfələrlə Hilal Məmmədovla görüşdüyünü söyləyən Əliməmməd Nuriyev isə deyir ki, məhbus ona hər hansı təzyiqin olmadığını deyib.
“O, yalnız həbsinin qanunsuz olduğunu bildirib. Əvvəla, Hilal Məmmədov yetərincə səviyyəli alim olduğundan öz hərəkətlərini anlayır və buna görə ona təzyiq edildiyini düşünmürəm. İkinci, o, özü də bu barədə açıqlama verib və vəkilləri də mütəmadi onunla əlaqə saxlayırlar. Əgər hər təzyiq olsaydı, vəkilləri məsələni qaldıra bilərdilər”, Ədliyyə Nazirliyi yanında Pentinsiar Xidmətə nəzarət üzrə İctimai Komitənin üzvü cənab Nuriyev deyir.
İlham Əmiraslanovun müraciətinə gəlincə, cənab Nuriyev qeyd edir ki, ötən həftənin sonunda cəzaçəkmə müəssisələrində olarkən İlham Əmiraslanov aclıq elan etdiyini və bunun nəticəsində ona şərait yaradıldığını deyib
“İlham Əmiraslanov mənə dedi ki, müraciəti hazırlayarkən ona heç bir təzyiq olmayıb. Dəfələrlə bu sualı müxtəlif formada verirdim ki, aydın cavab alım, ancaq Əmiraslanov pis rəftarın olmadığını söylədi".
Hüquq müdafiəçisi deyir ki, müəssisə rəhbəriylə söhbətdə Əmiraslanovun həbs müddətində "özünü nümunəvi apardığı" məlum olub, "bu baxımdan sənədləri məhkəməyə göndəriləndə müsbət rəy hazırlanacaq”.
"Seçkilərlə əlaqəsi yoxdur"
Hilal Məmmədovun vəkili Xalid Bağırov hər iki müraciətin müdafiə etdiyi şəxsə məxsus olduğunu bildirdi: “Əvvəla, müraciət əfv ərizəsi deyil, o mənada ki, Hilal müəllim özünü təqsirli bilib əfv olunmasını istəyir. İkincisi, müraciətin seçkilərlə heç bir əlaqəsi yoxdur, müraciətdə indiki hakimiyyətin namizədinə dəstək cümləsi yoxdur".
O, Hilal Məmmədovun müraciətinə təəcüblənənlərə irad tutub: "O, siyasətçi deyil ki, reputasiyasını qorumaq zərurətini özündə hiss etsin".
Vəkil həmçinin Məmmədovu ömürlük həbs cəzası gözlədiyini xatırladıb: "Bu mənada müraciətlə onun özünü vəziyyətdən çıxartmaq motivi də ola bilər".
Cənab Sadıqov müraciətlərin oktyabr seçkiləriylə əlaqələndirilməsinin "düzgün informasiya olmadığını" bildirib.
“Biz onlara nəyə görə təzyiq etməlyik ki, həmin bəyanatları versinlər.. Qətiyyən, bu müraciətlərin seçkilərlə heç bir bağlılığı yoxdur”, o əlavə edib.
Hilal Məmmədov
Vətənə xəyanət və narkotik maddə satmaqda ittiham olunan Hilal Məmmədov “Yaşasın vahid EVİMİZ Azərbaycan!” cümləsiylə başlayan müraciətində bildirdi ki, 1969-cu ildən 1987-ci ilə kimi ümummili lider Heydər Əliyevin təşəbbüsü ilə milli azlıqların etnik mədəniyyətlərinin tərəqqisində, onların folklor ansambllarının yaradılmasında və təbliğində "mühüm addımlar atılıb" ... və məhz "Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyevin apardığı iqtisadi-siyasi fəaliyyəti nəticəsində ölkəmizdə kifayət qədər yeni, orijinal tikintilər-parklar, istirahət ocaqları, elm təhsil müəssisələri və s. qurulur".
Cənab Məmmədov sonradan müraciətini təsdiqləmək üçün yaydığı açıqlamada bildirmişdi ki, bu yaxınlarda hakimiyyətin rəsmi nümayəndələri onunla BİT-də (Bakı İstintaq Təcridxanası) görüşüb və ona yaxın 5 – 6 gündə həm özümün, həm də hüquq müdafiəçilərinin "siyasi məhbus" kimi tanıdığı şəxslərin azad olunacağını vəd edib.
O, həmçinin bu müraciətində, iddia edildiyinin əksinə olaraq, müxalif "Milli Şuraya qarşı çıxmadığını" da vurğulayıb.




