Hilal Məmmədov "5-6 günə azad ediləcəyini" deyir

“Dövlətə xəyanət, milli və dini ayrı-seçkiliyin salınması və qanunsuz narkotik maddənin saxlanması və yayılması"nda ittiham edilən baş redaktor Hilal Məmmədov "azad ediləcəyini” bildirib.

“Yaxın 5–6 gündə həm özümün, həm də digər siyasi məhbusların azad ediləcəyi vədini eşidib, xeyli sevindim...”, cənab Məmmədovun açıqlamasında yazılıb.

Bu açıqlama cənab Məmmədovun avqustun 27-də çap edilən mübahisəli yazısından sonra verilib.

Ötən ilin iyununda həbs edilən Məmmədovun maksimum ömürlük həbs cəzası almaq ehtimalı var.

Məmmədovun birinci yazısında deyilir ki, “bu gün ölkəmiz iqtisadi tərəqqi etməklə yanaşı, beynəlxalq aləmdə də mühüm rolu ilə seçilməkdədir. Bu da prezident İlham Əliyevin peşəkar diplomat kimi apardığı daxili və xarici siyasətin nəticəsidir”.

Yazının ortaya çıxması isə Hilal Məmmədovun “qınanılmasına” səbəb olub.

Məmmədov isə müraciətində onu qınayanlardan bu yazını “siyasi və vicdan məhbuslarının azadlığı naminə bir güzəştli addım” hesab edilməsini istəyib.

“Bu məqaləm nə “bəyanat”, nə “əfv ərizəsi”, nə də ki, kiminsə əleyhinə, ya tərifinə həsr edilmişdir”, deyən Məmmədov yazının aylar öncə yazdığı “Yaşasın vahid evimiz Azərbaycan!” məqaləsinə "hal-hazırdakı prezidentin müsbət addımları barədə əlavələr etmək"lə ortaya çıxdığını deyir.

Seçkilərdə bütün namizədlərə, həmçinin müxalifətin vahid namizədi Cəmil Həsənliyə uğurlar diləyən baş redaktor vurğulayıb ki, “…bu o demək deyildir ki, mən ölkəmizin demokratik düşərgəsinə, o cümlədən Milli Şuraya qarşı çıxıram. Əsla yox!”.

Azadlığa çıxması ilə bağlı isə o, bildirib ki, bu yaxınlarda “hakimiyyətin rəsmi nümayəndələri” onunla görüşüb.

Ona deyilib ki, ölkə rəhbərliyi ona “qarşı təşkil olunmuş bu iyrənc və qondarma ittihamların heç bir əsasının olmadığı” barədə məlumatlıdır.

"Hilal Məmmədov həmin rəsmilərin kimliyinin açılmasını istəmir", vəkil Xalid Bağırov BBC Azərbaycancaya deyib.

Hilal Məmmədov barəsində məhkəmə istintaqı avqustun 21-də yekunlaşıb. Gələn həftə dövlət ittihamçısı ona cəza istəməlidir. Onun vəkili Bağırov vurğulayır ki, ittihamçı “maksimum ömürlük” də cəza istəyə bilər.

Baş redaktor Cinayət Məcəlləsinin dövlətə xəyanət, milli və dini ayrı-seçkiliyin salınması və qanunsuz narkotik maddənin saxlanması və yayılması (274, 283.2.2, 234.4.3-cü) maddələri üzrə ittiham olunur. Onu dəstəkləyənlər Məmmədovun ictimai-siyasi fəaliyyətinə görə həbs edildiyini deyir.

Məmmədov həmçinin, 2012-ci ilin ortalarında sosial mediada və Rusiya müxalifətçiləri arasında məşhurlaşan “<link type="page"><caption> Tı kto takoy, davay, do svidania</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/05/120530_meyxana_twitter.shtml" platform="highweb"/></link>” videosunun süjet müəllifidir.