“Hilal Məmmədova azadlıq” aksiyası keçirilib

Bakıda vətəndaş cəmiyyəti üzvləri “dövlətə xəyanət, millətlərarası ədavətin qızışdırılması və narkotik maddələrdən istifadə”də ittiham olunan Hilal Məmmədovun hüquqlarını qorumaq məqsədilə aksiya keçirib.
Onlar Məmmədovun həbsdə qalması və məhkəmə proseslərinin qapalı keçirilməsinə etiraz edib.
Hadisə yerinə gələn polis işçiləri aksiyaya müdaxilə etməyib.
Məmmədovun məhkəmə proseslərinin keçirildiyi məhkəmənin qarşısına toplaşan otuza yaxın iştirakçı əllərində “Free Hilal Mammadov” (“Hilal Məmmədova azadlıq”) şüarları yazılmış kağızlar tutub.
“Tolışi sado” qəzetinin redaktoru Hilal Məmmədov 2012-ci ilin iyun ayında saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin dövlətə xəyanət, milli və dini ayrı-seçkiliyin salınması və qanunsuz narkotik maddənin saxlanması və yayılması maddələri üzrə cinayət işi açılıb.
Məmmədov haqqında hökm çıxarılsa, o, 15 ilədək həbs cəzası ala bilər.
Ağır Cinayətlərə dair Məhkəmədə Hilalova dair proseslər yarı-qapalı keçirilir.
Hakim Azər Orucov dövlət sirri ilə bağlı proseslərin qapalı keçirildiyini deyir.
Bu isə həm Məmmədov, həm də tərəfdarlarının etirazına səbəb olub. Məmmədov bu ilin yanvarından proseslərdə “ağzı və qulağı bağlı şəkildə üzü divara oturacağını” bildirib.
"Daha kreativ"
Tərəfdarları isə etirazlarını proses zamanı keçirdikləri aksiyalarla nümayiş etdirir.
Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin sədri Mehdibəy Səfərov BBC Azərbaycancaya deyib ki, proseslərdən “narahatçılıq keçirir”.
“Məhkəmənin nəinki qapalı keçirilməsinə, ümumiyyətlə, Hilal Məmmədova özünün hüququnun müdafiəsinə imkan verməməsinə etiraz edirik", o deyib.
"Ortada heç bir dəlil olmaya-olmaya hakim müdafiə tərəfinə öz sübutlarını ortaya qoymağa imkan vermir. Bu işdə əsas dəlil olan flaş-kartın ekspertizasını keçirməyə icazə yoxdur”.
Hilal Məmmədovun həbsini “ədalətsiz” hesab edən hüquq müdafiəçisi Rəsul Cəfərov təqsirləndirilənin “fikirləri, yazdıqları ilə həmrəy olduğunu” deyib.
“Hilal Məmmədov buraxılmasa, növbəti dəfə geniş formada daha kreativ aksiya keçirəcəyik”, o bildirib.
Məmmədov həm də hüquq müdafiəçisi kimi fəaliyyət göstərib.
İnsan haqları üzrə yerli və beynəlxalq təşkilatlar onun “ictimai fəaliyyətinə görə” həbs edildiyini deyib və onu “vicdan məhbusu” hesab edir.
Məmmədov, 2012-ci ilin ortalarında sosial mediada və Rusiya müxalifətçiləri arasında məşhurlaşan “Tı kto takoy, davay, do svidania” videosunun süjet müəllifidir.




