Rusiyada polis reydində azərbaycanlılar tutulub

Əməliyyatda doqquz yüz polis və səksən mülki polis iştirak edib.
Şəklin alt yazısı, Əməliyyatda doqquz yüz polis və səksən mülki polis iştirak edib.

Moskva polisi şəhərin şimal-şərqində yerləşən zirzəmilərdə yaşayan mindən çox vyetnamlını həbs edib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, müvəqqəti xüsusi çadır şəhərciyində yerləşdirilən 1200 miqrant ölkədən deportasiya ediləcək.

İrtış keçidindəki zirzəmi kompleksi ərazisində çərşənbə günortası aparılan əməliyyatda doqquz yüz polis və səksən mülki polis iştirak edib.

Əməliyyatı DİN şəhər bölməsinin rəhbəri Anatoli Yakunin başçılıq edib.

Onlar, həm də miqrantların iyirmi tikiş sexini ortaya çıxarıb.

"İşçilər ailələri ilə birgə bu sexlərdə həm çalışıb, həm də gigiyenik sayılmayan şəraitdə yaşayıb".

Məlumata görə, ərazidən tibbi yardım göstərilməyən bıcaqla yaralanmış qadın da tapılıb.

Azərbaycanlılar da çadır düşərgəsindədir

Daha sonra isə polis içərisində azərbaycanlıların da olduğu iki yüzə qədər miqrantı saxlayıb.

Onlar içərisində Misir, Mərakeş, Suriya, Qırğızıstan və Özbəkistan vətəndaşları da olub.

Həmçinin sexdən qeydiyyatdan keçməmiş silah da tapıldığı deyilir.

Saxlanılanların çoxunun sənədləri mövcud deyil. Bəzi vyetnamlılardansa saxta pasportlər və kargüzarlıq sənədləri götürülüb.

Onlar polis bölməsində ifadə verdikdən sonra sexlərin yaxınlığındakı müvəqqəti xüsusi çadır şəhərciyinə yerləşdirilib. Polis nəzarətində olmaqla, miqrantlara həkim nəzarəti göstəriləcək və isti yeməklər veriləcək.

Vyetnam səfirliyinin konsul köməkçisi BBC Ruscaya deyib ki, hadisə barədə mediadan eşidib və yaxın zamanda diplomatlar çadır düşərgəsinə yola düşəcək.

"Səfirlik Vyetnam vətəndaşlarına kömək üçün əlindən gələni edəcək”, konsul yardımçısı bildirib.

Polisə "rüşvət" iddiaları

Paytaxtdakı hadisə ötən gün prezident Vladimir Putinin xüsusi iclasında müzakirə edilib. Putin hüquq-mühafizə orqanlarının işini tənqid edib.

Polis nəfərləri həmkarlarının döyülməsinə tamaşa edir. Niyə? Belə qorxaqdırlar? Ola bilər, amma güman yox. Bəlkə də, onlar fəaliyyətsizlikləri ilə ticarətçilərdən 30 rubl qazanıblar”, Putin deyib.

Cənab Putin bildirib ki, bazarlarda kriminal vəziyyətin mövcudluğu hökümətin ticarətlə bağlı fəaliyyətidir və “ticarətçilərin milliyəti ilə əlaqədar deyil”.

Rusiya Təhqiqatlar Komitəsinin rəhbəri Vasili Piskarev deyib ki, onlar polislərlə ticarətçilər arasındakı “rüşvət razılaşması” barədə kütləvi araşdırma aparacaq.

Moskva meri Sergey Sobyaninin sözlərinə görə, ik il ərzində paytaxtda otuz bazar bağlanmalıdır. Bu siyahıya iri “Lujniki”, “Slavyan dünyası”, “Mitino” və “Timiryazevski” kimi ticarət obyektləri də aiddir.

Məhkəmə qərarı olsa da, sonuncu bazarın bağlanmasında polislər “aqressiv münasibətlə” üzləşib.

Hadisə

Rəsmi məlumata görə, 27 iyulda Matveyev bazarında polis 15 yaşlı qızı zorlayanı həbs etməyə çalışıb. Amma 20-25 nəfər saxlanılanı əməliyyatçılardan qurtarmaq üçün qarşıdurma yaratmağa çalışıb.

Polislərdən biri başından ağır zərbə alıb və reanimasiyaya yerləşdirilib. İki əməliyyatçıya qarşı isə “yarıtmazlıq” iddiası ilə cinayət işi açılıb.

Onlar polisin döyülməsinin qarşısını almamaqda təqsirləndirilir.

Həmin gün həbsə salınan zorlamada günahlandırılan Məhəmməd Məhəmmədov isə “zəka çatışmazlığından” əziyyət çəkən əlildir.

Polisi vuran Məhəmməd Rəsulovu beynəlxalq avtobusda iki gün sonra həbs ediblər.

Çərşənbə axşamı Rəsulov haqqında 27 sentyabra kimi həbs edilmə qərarı çıxarılıb.

Ona ömürlük həbs cəzası da verilə bilər.