Moskvada Matveyev bazarını sökəcəklər

Moskva bazarlarında reyd
Şəklin alt yazısı, Polisin kimi isə həbs etmək motivi barədə də ziddiyyətli xəbərlər var

Moskvanın məşhur Matveyev bazarında pedofiliyada şübhəli bilinən şəxsi həbs etməyə cəhd göstərərkən bir polisin döyülməsindən sonra bu bazarın 2015-ci ilədək sökülməsi barədə qərar qəbul edilib.

Həmin müddətdə Moskvada daha dörd bazarın söküləcəyi xəbər verilib.

Bu barədə RİA Novosti xəbər agentliyinə Rusiya paytaxtı Qərb dairəsi prefekturasının nümayəndəsi Olqa Veldina bildirib.

Xanım Veldina bildirib ki, bazarın bağlanması qərarı burada polis nəfərinin döyülməsi ilə bağlı deyil və bazar plana uyğun şəkildə ləğv olunur.

Olqa Veldina “İzvestiya” qəzetinə müsahibəsində də deyib ki, bazarların sökülməsi açıq bazarların ləğvinə dair federal direktivə uyğun, planlı şəkildə həyata keçirilir.

O deyib ki, artıq indiyədək bu ərazidə bazarların əksəriyyəti bağlanıb və ya bağlanma prosesindədir.

Olqa Veldina bildirib ki, 2015-ci ilədək yalnız Doroqomilov və bir və ya iki bazar qalacaq.

Qanunsuz qarpız satışı

O həmçinin deyib ki, hakimiyyət orqanları icazəsiz ticarətlə mübarizə aparır və Matveyev bazarında dava-dalaş baş verən gün Maqomed Rasulov adlı bir şəxs qanunsuz qarpız satdığına görə həbs olunub.

Onun ticarət üçün lisenziyası olmayıb və əslində, Moskva bazarlarında rəsmi qarpız satışı mövsümü avqustun 1-dən başlanır.

Utro.ru saytı Maqomed Rasulovun məhz polis nəfəri Anton Kudryaşovun döyülməsinə görə həbs olunduğunu bildirir.

Sayt xəbər verir ki, Maqomed Rasulovu müdafiə etmək istəyən 20-25 nəfər polis əməkdaşına hücum edib və onlardan biri polisin başına ağır alətlə zərbə endirib. Bundan sonra polis əməkdaşını xəstəxanaya aparıblar və o, hazırda reanimasiyadadır.

Saytın xəbərinə görə Rasulov reys avtobusu ilə Moskvadan qaçmaq istəyərkən həbs edilib. O, ilkin dindirmə zamanı bildirib ki, polis nəfərinin quldur olduğunu düşünüb.

Polisin kimi isə həbs etmək motivi barədə də ziddiyyətli xəbərlər var. Bəzi mənbələr həbsinə cəhd edilən şəxsin pedofiliyada şübhəli bilindiyini yazırlar.

Dni.ru saytı isə xəbər verir ki, iyulun 27-də bir əməkdaşı 15 yaşlı qızın zorlanması ilə bağlı bir şəxsi həbs etmək istəyərkən döyüldükdən sonra Moskva polisi bazarlarda “təmizləmə” əməliyyatına başlayıb.

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev polisə hücum edənlərin tapılması, xidməti istintaq və bazarların “dekriminalizasiyası” üçün iki sutka vaxt verib.

Xəbər verilir ki, profilaktik əməliyyatlar nəticəsində polis Mərkəzi Asiyadan olan 560 və Şimali Qafqaz federal dairəsindən olan 30 nəfəri tutub saxlayıb.