Oqtay Hüseynov: "Moskva polisinin reydləri azərbaycanlı icması üçün təsirsiz keçir"

Moskvada polis orqanlarının bazarlarda keçirdidiyi reydlərin Moskvada yaşayan və çalışan azərbaycanlılara "ciddi təsiri olmayıb".
Bunu BBC Azərbaycancaya müsahibəsində Moskvada fəaliyyət göstərən "Azərbaycan" cəmiyyətinin başçısı, Rusiya Xalqlar Dostluğu Universitetinin beynəlxalq hüquq kafedrasının dosenti Oqtay Hüseynov bildirib.
Oqtay Hüseynovun təbirincə, Rusiyada, o cümlədən, Moskvada yaşayıb çalışan azərbaycanlıların durumu 15-20 il bundan əvvəl müşahidə olunan vəziyyətdən "xeyli fərqlənir".
"Azərbaycanlıların iş tapmaq üçün Rusiya və Moskva bazarlarına üz tutması dövrü çoxdandır kı geridə qalıb, Moskvada azərbaycanlıların bazarla bağlılığı barədə stereotip artıq dağılıb", O.Hüseynov vurğulayıb.
"Azərbaycan" cəmiyyətinin rəhbərinin sözlərinə görə, "bu gün Moskva bazarlarlarında işləyən yalnız tək-tük azərbaycanlıya rast gəlmək mümkündür, onlar da ki, polis reydləri zamanı saxlanılırsa, bir neçə saatdan sonra buraxılırlar".
Oqtay Hüseynovun qeyd etdiyi kimi, ötən 10-15 ildə ilk növbədə Moskvada və Rusiyanın digər şəhərlərində yaşayan azərbaycanlıların həyat tərzində "keyfiyyəti dəyişiklər" baş verib.
"Belə ki, Azərbaycan icması nümayəndələrinin əksəriyyəti Rusiya vətəndaşlığına sahib olublar, onların peşə-təhsil səviyyəsi, cəmiyyətdə tutduqları mövge nəzərə çarpacaq dərəcədə yaxşılaşıb", o iddia edir.
"Azərbaycan" cəmiyyətinin nümayəndəsi son günlər Rusiya paytaxtında aparılan polis reydlərilə bağlı Moskvanın Matveyev bazarına da baş çəkib.
O.Hüseynovun təbirincə "orada da tək-tük işləyən azərbaycanlılar arasında polis tərəfindən saxlanılanı varsa, onları da bir neçə saatdan sonra buraxırlar".
"Polis adətən öz hüquqlarını bilməyən, ya zəif bilənləri saxlayır, lakin saxlanılmış vətəndaşın şəxsiyyəti, statusu müəyyən edildikdən sonra və pozuntulara yol verilmədiyi təsdiqlənirsə - onlar buraxılır", O.Hüseynov qeyd edir. Onun təbirincə, "istənilən halda, bu tədbirlərin Moskvada yaşayan Azərbaycan icması üzvlərinə ciddi təsiri hiss olunmayıb".
"Azərbaycan" cəmiyyətinin sədri Moskvada aparılan reydlərin "azərbaycanlılara qarşı yox, ümumilikdə, miqrantlara qarşı" olduğunu vurğulayaraq, "Moskvada yaşayan azərbaycanlıların əksəriyyətinin artıq çoxdan Rusiya vətəndaşlığı aldıqlarını və miqrantlar təbəqəsinə aid olunmadıqlarını" qeyd edib.
Çərşənbə günü Moskva polisi içərisində azərbaycanlıların da olduğu 1400 nəfər immiqrantı saxlayıb.
Bir neçə gün əvvəl isə azərbaycanlıların da ticarət etdiyi Matveyev bazarının bağlanmasına qərar verilib.




