İlham Əliyev: "Siyasi məhbuslar mövzusunu bağlı hesab edirəm"

"Azərbaycanda siyasi məhbus yoxdur. AŞPA-nın yanvar iclasında siyasi məhbuslar haqqında hesabatı rədd etdiyinə görə düşünürəm ki, bu mövzu bağlıdır", jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev deyib.
Avropa Komissiyasının prezidenti José Manuel Barroso ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran prezident İlham Əliyev deyib ki, Azərbaycan demokratik inkişaf sahəsində öhdəliklərinə "tam riayət edir", ölkədə internet istifadəçilərin sayı 70 faizi keçib və "bütün" azadlıqlar təmin olunur.
Avropa Zirvəsinin Prezidenti Herman Van Rompuy ilə görüşdən sonra açıqlamasında isə cənab Əliyev deyib ki, Avropa ilə Azərbaycan əlaqələrində"yekdil yanaşma var. Avropaya nə qədər yaxın olsaq ... demokratik inkişaf üçün bir o qədər də imkan olacaq. Biz Avropa qurumlarına buna görə çox minnətdarıq."
Bu sözləri isə Prezident İlham Əliyev Brüsseldə Avropa Zirvəsinin Prezidenti Herman Van Rompuy ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
"Demokratik inkişaf, insan haqları sahələrində əməkdaşlıq Azərbaycana siyasi islahatları həyata keçirməyə kömək edir."
İnsan haqları
Avropa Komissiyasının prezidenti José Manuel Barroso isə prezident Əliyevlə görüşdən sonra enerji və digər məsələlərdən "açıq, konstruktiv və mehriban" danışdıqlarını deyib.
Cənab Barroso çıxışında deyib ki, insan haqları və fundamental azadlıqların təmin olunması "gündəmimizdə yeksək yer tutur".
"Biz bu məsələlər barədə açıq danışmışıq və mən xatırlatdım ki, uzunmüddətli perspektivdə sabitlik və inkişaf - yalnız qanunun aliliyinə, demokratik qurumlara və təbii ki, dinamik vətəndaş cəmiyyətinə hörmət olsa davam edə bilər."
Bu həftə Human Rights Watch təşkilatı cənab Barrosoya <link type="page"><caption> açıq məktub</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/06/130620_gogia_eu_aliyev.shtml" platform="highweb"/></link> ünvanlayıb. Təşkilatın əsas tələbi, cənab Barrosonun Aİ-nin Azərbaycandakı insan haqları vəziyyətindən "dərin narahatlığı"nı İlham Əliyevə açıq bəyan etməsi, onun ölkədə "siyasi motivli ittihamlara görə həbs olunan şəxsləri" azad etməyə çağırmaqdır.
Əsas mesaj
"Bu günün əsas mesajı budur: Cənub Qaz Dəhlizi mücərrəd bir layihə deyil. O, bu yaxınlarda reallaşdırılacaq və bundan hamı faydalanacaq", cənab Barroso deyib.

Həm cənab Van Rompuy, həm də José Manuel Barroso bu il Azərbaycanda keçiriləcək prezident seçkilərinin "ən yüksək standartlara uyğun olaraq" keçiriləcəyinə ümid etdiklərini bildiriblər.
Enerji təhlükəsizliyi və Azərbaycanın regiondakı rolunun ətrafında gedən müzakirələrdə Qarabağ münaqişəsi də müzakirə olunub.
"Biz bir çox məsələni müzakirə etmişik, o cümlədən regional təhlükəsizlik, sabitlik və münaqişə həlləri", İlham Əliyev deyib.
Prezident Əliyev həmçinin Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli üçün gördüyü işlərinə, Böyük Səkkizlər sammiti çərçivəsində <link type="page"><caption> Qarabağ münaqişəsinin işıqlandırılmasına</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/06/130618_karabakh_minsk_gr_g8.shtml" platform="highweb"/></link> görə bu qurumlara minnətdarlığını bildirib.
Enerji məsələlərinə gəldikdə, cənab Əliyevin sözlərinə görə Avropa qurumları "enerji təhlükəsizlik məsələsində Azərbaycanə artıq vacib bir əməkdaş hesab edirlər".
"TANAP layihəsinin elan olunması, Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaq", o deyib, və hər iki tərəfin bundan faydalanacağına indandığını bildirib. Cənab Van Rompuy öz növbəsində bu layihənin sürətli inkişafından razı olduğunu deyib.
"Azərbaycan Avropada uzun müddətli, proqnazlaşdırıla bilən qaz bazarları tapacaq, Avropa isə Azərbaycanın timsalında uzunmüddətli dövr üçün alternativ enerji mənbəyi əldə edəcək."




