Azərbaycanla Avropa İttifaqının "uyğun gəlməyən məqsədləri"

İlham Əliyev və José Manuel Barroso
Şəklin alt yazısı, İlham Əliyev və José Manuel Barroso

"Aİ-Azərbaycan arasında enerji üzrə əməkdaşlıq yalnız inkişaf edir, amma Bakı və Brüssel (əlaqələri) getdikcə daha yaxın olsa da, Azərbaycanda insan haqları vəziyyəti pisləşir."

Bu sözləri Human Rights Watch (HRW) təşkilatının Avropa və Mərkəzi Asiya üzrə baş tədqiqatçısı Giorgi Gogia Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri ərəfəsində European Voice (Avropalı səs) saytında dərc olunan məqaləsində yazıb.

Cümə günü İlham Əliyevin Cənub Qaz Dəhlizini müzakirə etmək üçün Belcika paytaxtı Brüsselə getməsi gözlənilir.

Giorgi Gogianın sözlərinə görə, görüş zamanı Avropa Komissiyasının prezidenti José Manuel Barroso insan haqları standartlarına əməl etməyin vacibliyini israr etməli, bunun Avropa İttifaqı ilə münasibətlərdə vacib rol oynadığını bildirməlidir.

Daha əvvəl HRW təşkilatının Avropa və Mərkəzi Asiya rəhbəri Hugh Williamson və Avropa İttifaqı üzrə təbliğat rəhbəri Lotte Leicht Avropa Komissiyasının prezidenti José Manuel Barroso-ya açıq məktub ünvanlayıblar.

Onların əsas tələbləri, cənab Barrosonun Aİ-nin Azərbaycandakı insan haqları vəziyyətindən "dərin narahatlığı"nı İlham Əliyevə açıq bəyan etməsi, onun ölkədə "siyasi motivli ittihamlara görə həbs olunan şəxsləri" azad etməyə çağırmaqdır.

Cənab Gogia isə məqaləsində daha çox Aİ-nin enerji maraqlarının təsirindən danışıb və yekun olaraq deyib ki, cənab Əliyevlə görüşərkən, cənab Barroso azərbaycanlı həmkarına təlqin etməlidir ki, Aİ və Azərbaycan arasında əlaqələrin çərçivəsində "güclü insan haqları elementi olmalıdır. Aİ bunu bütün əməkdaşları ilə etməlidir. Azərbaycan istisna deyil."

Ötən həftə Avropa Parlamenti həmçinin <link type="page"><caption> oxşar çağırışlar</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/06/130614_european_parliament_call.shtml" platform="highweb"/></link> edib. AP-nin bəyanatında məsləhət görülüb ki, cənab Barraso prezident Əliyevlə REAL hərəkatının həbsdə olan rəhbəri İlqar Məmmədovun həbsi məsələsini qaldırsın.