XİN: Avropa Parlamentinin İlqar Məmmədov haqqında sənədi "qəbuledilməzdir"

Avropa parlamenti Azərbaycan hökümətini REAL hərəkatının həbs edilmiş rəhbəri İlqar Məmmədovu tez bir zamanda azad etməyə çağırıb, parlamentin rəsmi saytında yazılır.
Çağırışda Məmmədov barəsində cinayət işinin dayandırılması və ona qarşı ittihamların şəffaf, ədalətli və təcili araşdırılması istənilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin qətnamə ilə bağlı bəyanatında deyilir ki, bu cür sənədin qəbul edilməsi "qəbuledilməzdir".
Məmmədov bu yanvarda İsmayıllı rayonunda icra başçısının işdən çıxarılmasına səbəb olan aksiyalara görə saxlanılıb. Ona qarşı ictimai asayişi pozma və hakimiyyət nümayəndəsinə qarşı zor işlətmə maddələri ilə cinayət işi açılıb, haqqında həbs qəti-imkan tədbiri seçilib.
"Təəssüflər olsun ki, Avropa Parlamentinin bir qrup deputatı tez-tez qərəzli mövqe ilə seçilənləri toplayaraq, Azərbaycanla bağlı müxtəlif məsələləri müzakirəyə çıxarır, reallığı əks etdirməyən fikirlər səsləndirir", XİN-in bəyanatında deyilir.
"Avropa Parlamentinin bəzi nümayəndələrinin bu cür yanaşması və belə addımlarla təzyiq göstərməsi qəbuledilməzdir."
REAL Hərəkatının icra katibi Natiq Cəfərli isə deyib ki, hərəkat olaraq "bu sənədi yüksək qiymətləndiririk".
"Ümid edirik ki, bu sənəd Azərbaycanın təməl problemlərinin həllində mühüm rol oynayacaq. O cümlədən ölkədəki bütün siyasi məhbusların tezliklə azadlığa çıxması məsələsi gündəmə gələcək", AzadlıqRadiosuna əsasən o deyib.

Məmmədovun prezidentliyə namizəd olması da xatırladılan qətnamədə iyunun 21-də Avropa Komissiyasının prezidenti Jose Manuel Barrasonun prezident İlham Əliyevlə Brüssel görüşündə bu məsələni qaldırılması məsləhət görülüb.
Deputatlar onun seçkilərə qədər həbsxanada saxlanmasından narahat olduqlarını bildirib.
Sənəddə Azərbaycanın Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramlarında aktiv iştirak etməsi və demokratiya, insan haqları və qanunun aliliyinə hörmət etmək kimi öhdəliklər götürdüyü qeyd edilib.
Məmmədovun işinin araşdırılma səbəbi kimi 2014-cü ildə Azərbaycanın Avropa Şurasının və Avropa İnsan Haqları Konvensiyası partiyasının ənənəvi rəhbərliyinə keçməsi də göstərilir.
Cümə axşamı verilən qətnamədə, həm də azərbaycanlı fəal və jurnalistlərin qondarma ittihamlarla həbs olunmasından narahatlıq ifadələri dilə gətirilib.




