Obama, Hollande və Putin Dağlıq Qarabağ problemilə bağlı bəyanat veriblər

Cameron, Obama, Hollande və Putin

ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ, Fransa və Rusiya prezidentləri Şimali İrlandiyada Böyük Səkkizlər sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsi üzrə birgə bəyanatla çıxış ediblər.

Barack Obama, Francois Hollande və Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin sabit və dinc yolla həllinə nail olmaq üçün münaqişə tərəflərinə kömək etməkdə davam edəcəklərini bildiriblər.

Prezidentlər təəssüflə bildirirlər ki, “tərəflər danışıqlar prosesində qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan həll axtarmaq əvəzinə birtərəfli fayda əldə etməyə çalışırlar”.

Minsk Qrupunun həmsədr ölkə başçıları əmin olduqlarını bildirirlər ki, son dörd ildə verdikləri bəyanatların müddəaları münaqişənin ədalətli və davamlı tənzimlənməsinin əsası ola bilər.

“Bu müddəaları bütövlükdə nəzərdən keçirilmək lazımdır, çünki hər hansı birinə üstünlük verilməsi tarazlaşdırılmış qərar qəbul etmək imkanını istisna edir”, - deyilir prezidentlərin birgə bəyanatında.

Bəyanat müəllifləri münaqişə tərəflərini güc tətbiq etməkdən çəkinməyə çağırırlar: “Biz bütün tərəflərin rəhbərini qətiyyətlə bir daha Helsinki prinsiplərinə, eləcə də güc tətbiq etməmək və ya güc tətbiq etməklə təhdid etməmək, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratını müəyyən etmək prinsiplərinə sadiq qalmağa çağırırıq. Biz həmçinin təkidlə onlardan bölgədə gərginliyi artıra bilən və münaqişənin qızışmasına gətirəcək hərəkətlərdən və bəyanatlardan imtina etməyi xahiş edirik”.

Ölkə rəhbərləri xalqları müharibəyə deyil, sülhə hazırlamalıdılar, deyilir bəyanatda.

Bəyanatda həmsədr ölkələrin tərəflərə yardım göstərməyə hazır olduqlarını bildirir, lakin “münaqişəyə son qoymaq üçün onların özləri (münaqişə tərəfləri) məsuliyyət” daşıdığını vurğulayır və Azərbaycan və Ermənistan liderlərini “açıq qalan məsələləri” həll etmək üçün səylərini artırmağa çağırırlar.