“Bağışla, böyük qardaş”

Prezident İlham Əliyevin Eurovision Mahnı Müsabiqəsinin şənbə günü keçirilən finalında Azərbaycandan Rusiyaya səs verilməməsinin səbəbinin araşdırılması ilə bağlı göstəriş verməsi yerli sosial media istifadəçilərini “olum ya ölüm” sualı qarşısında qoyub.
Bəzi istifadəçilər “Rusiyaya səs verməyə məcburuqmu?” deyərkən, digərləri müsabiqə qalmaqalının hökümətlərarası narazılıq yaratmaq üçün edildiyini güman edib.
Mayın 19-da İsveçdə keçirilən müsabiqədə Azərbaycan təmsilçisi Fərid Məmmədov ikinci yeri tutub.
Ballar açıqlandığı an məlum olub ki, Rusiya Azərbaycana maksimum sayılan “12”, Azərbaycandan Rusiyaya isə “0” xal verilib.
Azərbaycan tərəfinin təşkilatçısı İctimai Televiziya bəyanat verib ki, səsvermə prosesinə “müdaxilə” edilməsi istisna deyil.
Başqa bir qrup istifadəçilər isə, Azərbaycanın dünyada iki il dalbadal Eurovision mahnı müsabiqəsi ilə əlaqəli gündəmə gəlməsinə diqqət yetirib.
İstifadəçilər arasında Rusiyaya səs verilməsini dəstəkləyənlər də olub.
Bəzi tənqidçilər prezidentin daha çox ölkədəki problemlərlə maraqlanmalı olduğunu deyib.
Amir Salman adlı istifadəçi yazıb ki, “prezidenti əsgər yox, şan-şöhrət maraqlandırır”.
“Eurovision vaxtı 6 hərbçimiz öldü,16 yaralı var. İlham Əliyev Eurovisionda Rusiyanın 12 balının itməsinin araşdırılması haqda göstəriş verib”, Həbib Müntəzir şəxsi Facebook profilində deyib.
Yerli saytlardakı xəbərlərə şərh yazanlar arasında Leyla adlı istifadəçi “səsə görə diplomatik problem yaranır və ölkə başçısı işə qarışır. Dəhşət. Heç dərdimiz yoxdur ki, bizim” bildirib.
Orxan Məmmədov, “ölkəyə gələn pullar hara gedir, onu araşdırln, millətə getmir, onu 100 faiz bilirik, bəs hara”.
Mahmud düşünür ki, “səs getməyib, getməyib də. Məcburuq ruslara səs verməyə? Məcburuq ki, onlara səs verənlərin arasında Azərbaycanın da adı yazılsın”.
"Günahkar" Almaniyadır?
"TÜRK" adlı istifadəçi, “Türkiyə müsabiqədə iştirak etmədiyi üçün Azərbaycan Rusiyaya səs verməliydi”.
"Mugan" adlı istifadəçi səslərin yoxa çıxmasını Almaniya ilə əlaqələndirib.
“Euroviziyaya mən alman kanalında baxdım və hər dəfə Azərbaycana səs verildikcə şərhçinin reaksiyası bunu deməyə əsas verir.
Aygün Salahzadə də Almaniyanın Rusiya ilə Azərbaycanın “arasını vurmaq” üçün edə biləcəyini istisna etməyib.
“Bağışla, böyük qardaş”
“Rusiya, bizim İctimai TV-ni bağışla, bu onların günahıdır”, twitterdən Nicat Quluzadə.
Facebook sosial şəbəkəsindən İmran Cəfərli: “ruslar deyiblər axı necə ola bilər bizə bir xal da olsa verməyiblər? Buna görə peşman olacaqlar".
Şahnaz Həsənova twitter profilində İTV-nin direktorunun “Rusiyaya yüksək bal verilməli olduğu” barədə sözlərini belə şərh edib: “Bağışla, böyük qardaş”
Dalğa Dəniz isə “Fərid Məmmədovun uğuru ilə öyünməkdənsə Rusiyanın orta səviyyədə çıxış edən ifaçısının dərdinə qalırıq” deyə fikrini bölüşüb.




