Rusiya və Azərbaycan: Eurovision məsələsini araşdırırıq

Dina Garipova

Rusiya və Azərbaycan bəyan edib ki, Eurovision mahnı müsabiqəsinin finalında Azərbaycanın Rusiyaya niyə bir xal belə vermədiyini araşdırırlar.

Moskvada keçirilən birgə mətbuat konfransında iki ölkənin xaric işlər nazirləri insidentin səbəblərini tapmağın mühüm olduğunu deyiblər.

Sergey Lavrov və Elmar Məmmədyarov, bunun üçün hansı birgə tədbirlərin görüləcəyini müəyyənləşdirdiklərini deyiblər.

Azərbaycan deyir ki, Eurovision finalında Rusiyaya əslində 10 xal səs verib, ancaq yanlışlıq nəticəsində bir xal belə verilməyib.

Azərbaycan prezidenti bu məsələnin səbəblərinin araşdırılması üçün xüsusi göstəriş verib.

"Eurovision mahnı müsabiqəsinin finalında səsvermənin hesablanması zamanı hər hansı pozuntu olsaydı, bu barədə indiyə kimi bizə mütləq siqnal gələrdi", Avropa Teleradio Yayım Birliyinin rəsmisi deyir.

"Səsvermə bizim səsvermə tərəfdaşımız Digamo tərəfindən aparılır və PriceWatersHouseCoopers şirkəti tərəfindən qiymətləndirilir. Hər hansı məsələ olsaydı, bizə bu barədə siqnal çatardı", ATYB-nin Avropa Mahnı Müsabiqəsi üzrə kommunikasiya koordinatoru Jarmo Siim BBC Azərbaycancaya deyib.

"Bizim bildiyimizə görə, hər şey dəqiq olub", o əlavə edib.

O, hər hansı qeyri-dəqiqlik halı olarsa, bu barədə "siqnalın" Digamo şirkəti tərəfindən gələcəyini bildirib.

Azərbaycanın Moskvadakı səfirinin açıqlamasına görə, Prezident İlham Əliyev şənbə günü keçirilən Eurovision Mahnı Müsabiqəsində Azərbaycandan Rusiyaya səs verilməməsinin səbəbini araşdırsın.

"Məndə olan məlumata görə, Azərbaycanda çoxlu sayda adam Rusiya Federasiyasına səs verib və nəticədə Rusiya Azərbaycandan 10 xal səs almalı idi", Ria Novosti səfir Polad Bülbüloğludan sitat gətirir.

Səfir məsələnin araşdırıldıqdan sonra təsdiqini tapdığı halda nəticələrin dəyişə biləcəyini də deyib.

Nazir Məmmədyarov Moskvada jurnalistlərə deyib ki, o, nəticələri öyrənəndə və Rusiyaya xal verilmədiyini biləndə "şok keçirib".

Nazir Lavrov isə hadisəni "qıcıqlandırıcı" adlandırıb və onun cavabsız qalmaması üçün Rusiyanın Azərbaycanla əməkdaşlıq etdiyini deyib.

Azərbaycan İctimai Televiziyasının direktoru məsələ ilə bağlı bəyanat verib: "Azərbaycandan olan səslərin yekun hesablamasında Rusiyaya bir bal verilməməsi belə ciddi narahatlıq və heyrət doğurur".

"Səmimi qəlbdən inanırıq ki, müəyyən maraqlı qrupların törətdiyi bu hadisə Rusiya və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərinə kölgə salmayacaq”, Cəmil Həsənli deyib.

Şənbə günü keçirilən Eurovision mahnı müsabiqəsinin finalında Azərbaycan təmsilçisi Fərid Məmmədov ikinci yeri tutub.

Azərbaycan diasporunun böyük olduğu Rusiya səsvermə zamanı Azərbaycana 12 xal verib. Rusiyaya isə Azərbaycan tərəfindən xal verilməyib.