Eurovision və qaz kəmərləri

Fərid Məmmədov
Şəklin alt yazısı, Azərbaycan təmsilçisi Eurovision 2013-də ikinci yeri qazanıb.

Yunanıstan Baş Naziri Antonis Samaras bazar günü bir neçə saatlıq Bakıya gəlib və Prezident İlham Əliyevlə görüşüb.

Yunan mətbuatının yazdığına görə, o, Trans Adriatik qaz kəmərilə (TAP) bağlı razılaşma əldə etmək üçün Azərbaycana gedib.

Nabukko West-ə rəqib TAP Azərbaycan qazını Aralıq dənizinin altından keçərək Yunanıstan və Albaniya vasitəsilə Avropaya daşımağı nəzərdə tutur.

Nabukko West isə, reallaşarsa, qazı yerin üstü ilə Türkiyə sərhədindən Avstriya vasitəsilə daşıyacaq kəmərdir.

Enerji məsələləri üzrə təhlilçi İlham Şabana görə, şənbə günü keçirilən Eurovision finalının səsverməsi iki rəqib kəmər arasında Nabukko West-in qələbəsinin "daha real" olduğunu göstərib.

“TAP Eurovison-da uduzdu”

Yunanıstan Baş Nazirinin səfərindən yarım gün əvvəl keçirilən Eurovision finalından məlum oldu ki, TAP Nabukko West-ə uduzdu, İlham Şaban belə hesab edir. Onun fikrincə, son Eurovision səsverməsinə boru kəmərləri arasında qeyri-rəsmi yarış kimi də baxmaq olar.

“(Səsvermə zamanı)boru kəmərləri arasında görünməyən bir yarışma gedirdi və bu yarışmada Trans Adriatik boru kəməri böyük hesabla uduzdu”.

“Nabucco West kəmərinin giriş ölkəsi Bolqarıstan, çıxış ölkəsi Avstriya və aralıq ölkələr – Macarıstan – hamısı Azərbaycana 12 xal verdilər, Rumıniya isə 10 səslə kifayətləndi”, təhlilçi əlavə edir.

“TAP kəməri ölkələrindən isə ancaq Yunanıstan Azərbaycana 12 xal səs verdi”, o xatırladır və əlavə edir ki, kəmərdə aralıq ölkə - Albaniya Azərbaycana 7 səs, kəmərin çatdığı İtaliya isə 0 səs verib.

“Onda Eurovisionda Azərbaycana siyasətçilərmi səs verib” sualına isə İlham Şaban belə cavab verib: “Səsvermədə 50 faiz jüri, 50 faiz isə adi insanlar idi. Jüri isə adi insanların seçimi deyil”.

Bir çox Eurovision həvəskarı isə Fərid Məmmədovun ifasının qələbəyə layiq olduğunu və heç bir "siyasi amil" təsir etmədən müsabiqənin finalında ikinci yeri tutduğunu düşünür.

TAP əlverişli, Nabukko mühüm

Eurovision yarışmasında “qalib gələ” bilməsə də, yatırılan sərmayəyə dəyməcəyi üçün qısalıb Nabukko West-ə çevrilən kəmərlə müqayisədə, kommersiya baxımından, TAP daha sərfəlidir, ekspertlər hesab edir.

TAP həm də, Avropa İttifaqına qaz çatdıran daha sərfəli yol olaraq düşünülür.

Strateji baxımdan isə, hətta kiçilmiş olsa belə xərcləri daha çox olan Nabukko West-in önəmi daha böyük hesab edilir.

“O, Şərqi Avropanın daha həssas, Qazprom qazından çox asılı ölkələrinə - Bolqarıstan, Rumıniya və Macarıstana gedib çatır”, neft və qaz sənayesində məsləhətçi Energy Stream şirkətinin baş direktoru Anthony Livanious aprel ayında yazıb.

Yunanıstan həmçinin özünün milli qaz şirkəti olan Depa-nın səhmlərinin özəlləşdirilməsini istəyir və Azərbaycanın Dövlət Neft Şirkəti burada əsas alıcı namizədlərdən biridir.

İlham Şaban hesab edir ki, bu faktor TAP-ı daha cəlbedici edə bilər. "Neft şirkəti Depa-da səhmlərə sahib olarsa, oradakı dividenləri nəzərə alaraq, bu, daha cəlbedici aktiv ola bilər və TAP Nabukko Westi üstələyə bilər”.

Rusiyanın Qazprom şirkəti də Depa-nı almaq istəyir. “Əgər Rusiyanın qaz monopoliyası mühüm geostrateji mövqedə yerləşən və Azərbaycan qazını Avropa İttifaqına onşor kəmərilə daşıyan iki mühüm məntəqədən biri olan Yunanıstan qaz sənayesinə sahiblənsə, o zaman Cəbubi Qaz Koridoruna (TAP) əlavə strateji (geo)siyasi maneə yaranacaq”, cənab Livanious yazır.

Yunanıstan Baş Nazirinin Bakıya son səfəri zamanı DEPA-nın özəlləşdirilməsinə dair detalları müzakirə etdiyi və bu barədə qərarın sonunda açıqlanacağı güman edilir.

Şah Dəniz konsorsiumu Xəzər netfinin Avropa bazarlarna ixracı üçün marşrut olaraq TAP yoxsa Nabukko West-i seçdiyini iyun ayında açıqlacayacaq.