Azərbaycanda vətəndaş cəmiyyəti və hökümət ayrı tədbirlərdə mediadan danışıb

Azərbaycanda Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində media "İfadə azadlığı üzrə birgə bəyannamə" qəbul edilib.

Sənəddə, bu ilki prezident seçkiləri, tənqidçi jurnalistlərin hücum və şantaja məruz qalması, hökümətin medianı və İnterneti nəzarət etmə cəhdləri, deffamasiya, ifadə azadlığı sahəsində qanunvericilik, maliyyə təzyiqləri və digər məsələlər əhatə olunub.

Bəyannamənin qəbul edildiyi "Təhlükəsiz şəraitdə danışmaq: Mediada söz azadlığının təmin olunması" adlı tədbirdə əsasən müxalif yönlü, "Azadlıq" və "Yeni Musavat" qəzetlərinin üzləşdiyi çətinliklərin qabardılıb.

"Qəzetin üstündə 62 min manat məhkəmə cəriməsi var, 16 gündür bank hesabına həbs qoyulub... Müdafiə Nazirliyi də qəzeti məhkəməyə verib, yüz min manat tələb edir", "Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev qeyd edib.

Onun sözlərinə görə, saydıqları qəzeti "susdurmaq üçün" edilir.

"Həbsdə olmaq göstərici deyil?"

Amerikanın Səsi radiosunun Bakıdakı jurnalisti Tapdıq Fərhadoğlu deyib ki, bəzi beynəlxalq qurumlar jurnalistlərlə bağlı problemlər araşdırılarkən həbsdəki media nümayəndələri ilə görüşür.

"Sonra isə gəlib bizdən soruşurlar ki, ölkədə medianın durumu necədir. Həbsdə olmaq göstərici deyil?"

Avropa Şurasının səfiri Roland Kobia qanuna hörmət qoyan məhkəmə sisteminə ehtiyac duyulduğunu deyib.

Deputat Fazil Mustafa ölkədə müxalifət mətbuatının da hökümətdən asılı vəziyyətdə olduğunu deyib.

"Əgər qəzet hökümətdən beş manat da alırsa bu asılılıq yaradır."

Prezident Administrasiyasının rəsmi orqanı "Xalq Qəzeti"nin nümayəndəsi Əliqismət Bədəlov hökümətə qarşı edilən tənqidlərlə razılaşmayıb.

"Yalan yazmasanız iki gündən bir üzr istəməzsiniz", Bədəlov müxalifət qəzətlərinə xitab edib.

Onun sözlərinə görə, əgər hökümət qəzetlərə maliyyə yardımı ayırırsa, jurnalistlər üçün ev tikirsə və tənqid edən bu cür tədbir keçirməyə problem yaratmırsa, bu medianın azad fəaliyyəti deməkdir.

Tədbirin təşkilatçılarından Gülnarə Axundova tədbirə "dəfələrlə" dəvət edilən hökümət nümayəndələrin gəlmədiyini bəyan edib.

Gündəliyə əsasən, dəvət edilənlər arasında olan Prezident Administrasiyasının ictimai-sosial şöbəsinin rəhbəri Əli Həsənov eyni gündə media ilə bağlı başqa tədbirdə iştirak edib.

Mətbuat "məhdudlaşdırılmır"

"Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr" mövzusunda keçirilən bu tədbir Prezident Yanında KİV-ə Dövlət Dəstəyi Fondu, Milli Teleradio Şurası və Azərbaycan Mətbuat Şurası tərəfindən keçirilib.

Həsənov deyib ki, Azərbaycanda mətbuatın fəaliyyəti məhdudlaşdırılmır.

"... heç kim iddia edə bilməz ki, bu gün mediada kimsə nə isə yaza bilmir. Azərbaycanda azad media mövcuddur, jurnalist yazdığı yazıya görə təzyiqlə üzləşmir. Hətta bu məsələdə biz bəzilərindən irəlidəyik”.

O sözlərinə görə, "demokratik dövlət odur ki, insanlar öz iradəsi ilə hakimiyyəti formalaşdırır, QHT-lər, siyasi partiyalar və mətbuat orqanları bu formalaşma prosesində vasitəçi rolunda iştirak edir".

Azərbaycanda senzuranın ləğv olunduğunu xatırladan Həsənov, "1998-ci ildən bu günə qədər düşünsək ki, media sahəsində bütün problemlər həll olunub, biz tam şəffaf və problemsiz media mühiti yaratmışıq, bu ədalətsizlik olardı" deyib.

Onun dediyinə görə, hazırda Azərbaycanda "bəzi beynəlxalq qurumların iddialarının əksinə olaraq azad mətbuat mövcuddur".

"Heç kim deyə bilməz ki, hadisə haqqında məlumat almaq və yaymaq imkanından məhrumdur. Azərbaycanda heç bir media orqanı onun fəaliyyətinə bu və ya digər şəkildə qadağa qoyulduğunu iddia edə bilməz."

"Reket" media

Jurnalistlərin döyülməsi və məhkəməyə verilməsi halları olduğunu deyən Həsənov medianın "siyasiləşmə"sindən danışıb.

"Belə təsnif edək: iqtidar, müxalifət, müstəqil yönlü və "reket" media. "Reket" media cəmiyyətin probleminə çevrilib. Neqativ düşüncəli insanlar mətbuata dolublar və ayrıca media orqanları təsis ediblər."

O deyib ki, iqtidar mətbuatı hakimiyyətin fəaliyyətinin ancaq yaxşı tərəfini göstərməyə və təbliğ etməyə, müxalifət yönümlü media isə hakimiyyətin fəaliyyətini yalnız qaralamağa, müsbət tendensiyaları göstərməməyə və cəmiyyət həyatında iqtidarın işini ifşa etməyə yönəlib.

PA rəsmisi dövlətin jurnalistikaya istənilən qədər vəsait ayırmağa hazır olduğunu deyib.

Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu il aprelin 3-də yarandılıb və mediaya hər il müxtəlif layihələr çərçivəsində pul ayrırı.

Ümumdünya Mətbuat Azadlığı Günü hər il mayın 3-də BMT-nin qərarı ilə qeyd olunur.