Aprel ayında dörd jurnalistə təzyiq "olunub"

Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində Azərbaycanda mediaya “təzyiqlər edilir”, bu qənaətə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu gəlib.
Qurum, bu təzyiqləri prezident seçkiləri ərəfəsində “siyasi iğtişaşların qarşısını almaq” məqsədi daşıyan “hədə-qorxu kampaniyasının bir hissəsi” adlandırıb.
RATİ-nin bazar günü yayılan bəyanatı aprelin 27-də Azadlıq qəzetinin iki əməkdaşının Nəqliyyat Nazirliyi Departamenti müfəttişlərinin fiziki təzyiqlərinə məruz qalmasından sonra verilib.
Qəzetin əməkdaşları Xaliq Qarayev və Seymur Həzi mediaya bildirib ki, hadisə onlar evdən işə gələrkən, 20 Yanvar metrosu ərazisində baş verib.
“Gördüm ki, Departament müfəttişlərindən biri taksi sürücüsünü incidirdi və mən məsələni öyrənmək istədim, vəsiqəmi çıxarıb özünü təqdim etdim və sürücüdən vəziyyəti soruşdum. Müfəttiş üstümə çumdu və sonra digər üç nəfər də ona qoşuldu, məni yerə yıxdılar, təpiklədilər, noutbukumu atdılar yerə və kameramı sındırıb özləri ilə apardılar”, Qarayev BBC Azərbaycancaya bildirib.
Onun sözlərinə görə, hadisə yerinə təsadüfən gələn Həzi də eyni münasibətlə qarşılaşıb.
Qarayev onlara hücum edən şəxsin görüntülərinin Youtube saytına yerləşdirildiyini bildirib.
Jurnalistlər Nazirliyin mətbuat xidməti və Departament rəisi ilə hələlik əlaqə saxlamağa nail olmayıb. Onlar yazılı izahat yazıb və çərşənbə axşamı Daxili İşlər Nazirliyinə müraciət edəcəklər.
BBC Azərbaycanca Nəqliyyat Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb, xidmət rəhbərinin 15 gün sonra işə çıxacağı deyilib.
Təşkilatlar bu hadisənin aprel ayında jurnalistlərə qarşı olan dördüncü təzyiq sayıb. Hadisəni pisləyən Media Hüququ İnstitutu isə ötən il ərzində jurnalistlərə qarşı əllidən çox fakt qeydə alındığını və onların araşdırılmadığını deyib.
Aprel "təzyiqləri"
Aprelin 26-da İsmayıllı hadisələri zamanı həbs edilən “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqubluya qarşı yeni ittiham irəli sürülüb. Hazırda Yaqublu, Cinayət Məcəlləsinin zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmədə (220.1-ci) də təqsirləndirilir. Onun günahı təsdiqlənərsə, Yaqublunu on iki il həbs cəzası gözləyə bilər.
Bundan öncə, Yaqublu "ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya fəal iştirak etmə və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə" (233 və 315.2) maddələri ilə <link type="page"><caption> ittiham olunub</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/02/130204_ilgar_mammadov_detained.shtml" platform="highweb"/></link>.
Aprelin 25-də isə “hökümətyönlü” olduğu deyilən yerli saytda araşdırmaçı jurnalist Xədicə İsmayılova olduğu iddia edilən “qondarma pornoqrafiya” görüntüləri yerləşdirilib.
Videolarla bağlılığı olmadığını deyən jurnalist Facebook səhifəsində “hökümətin tənqidlərə qarşı əxlaqsız müharibə apardığını” deyib və özünü hədəflərdən adlandırıb.
Təşkilatlar, bu görüntülərin İsmayılovanın prezident ailəsi barədə yeni araşdırmasından sonra baş verdiyini iddia edib.
İsmayıla qarşı <link type="page"><caption> ötən il</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/03/120308_khadija_blackmail.shtml" platform="highweb"/></link> də oxşar şantaj edilib və o, hüquq-mühafizə orqanlarına şikayət edib.
Ayın 19-da Azadlıq radiosunun başqa bir jurnalisti, Naxçıvan bürosunun müxbiri Yafəz Həsənova qarşı hökumətyönlü “Səs” İnternet TV”-də jurnalistin Naxçıvan sakinləri ilə telefon danışığının səs yazısı yayımlanıb.
Qurumlar hesab edir ki, vəziyyət ABŞ Dövlət Departamentinin İnsan Haqları barədə 2012-ci il üzrə hesabatından sonra “çətinləşib”.
Hesabatda Azərbaycanda insanların ifadə və sərbəst toplaşma azadlıqlarına, jurnalistlərə qarşı təhdidlər, həbslər və zorakılıqların və insan haqlarını pozan məmurlara qarşı cəzasızlıq mühitinin davam etdiyi yazılıb.
Hesabatdan dərhal sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov müsahibəsində bildirib ki, hökümət vətəndaş cəmiyyəti institutlarına, azad mediaya, siyasi partiyalara və bütövlükdə vətəndaş cəmiyyətini təmsil edən digər qurumlara dəstək verir və “bunları kiməsə göstərmək” üçün etmir.
“Ona görə dəstək veririk ki, bu, bizim inkişafımızın əsas atributlarıdır, bu, bizim tutduğumuz yolun əsas mahiyyətini təşkil edir və biz vətəndaş cəmiyyəti quruculuğu ilə xalqımızın, dövlətimizin maraqlarını təmin edirik”, Həsənov Azertac-a bildirib.
Ümumdünya Mətbuat Azadlığı Günü hər il mayın 3-də qeyd olunur.




