BMT-də Azərbaycana dair Ümumi Dövri İcmal dinlənilib

Bu gün Birləşmiş Millətlər Təşkilatında Azərbaycan üzrə ikinci Ümumi Dövri İcmal (UPR) dinlənilib.
Azərbaycanın nümayəndə heyətinin sədri, xarici işlər nazirinin müavini Xələf Xələfov təqdimatında Azərbaycanda son dörd ildə baş verən, xüsusən qanuna və məhkəməyə edilən dəyişikliklərdən danışıb.
Cənab Xələfovun çıxışından sonra müzakirələrə qatılan, bəzi üzv ölkələrin nümayəndələri Azərbaycanın əldə etdiyi irəliləyişləri alqışlayıb, digərləri isə bəzi irəliləyişlərə baxmayaraq bir çox sahədə irəliləyiş olmadığına məyusluqlarını bildiriblər.
Azərbaycana dair keçən icmal 2009-cu ildə olmuşdu. UPR - BMT-nin bütün üzv ölkələrindəki insan haqları durumuna baxan bir prosesdir.
Çıxış edən bir çox ölkənin, o cümlədən Əfqanıstan, Əlcəzair və Misir nümayəndələri Azərbaycanda korrupsiya, insan ticarəti və bərabərlik kimi sahələrdə əldə edilən irəliləyişləri alqışlayıblar.
"İnkişaf etməkdə olan bütün ölkələr kimi, Azərbaycanın çətinlikləri və məhdudiyyətləri var. Hökümət bu istiqamətdə çalışmağda davam edəcək", Banqladeş nümayəndəsi deyib.
İrəliləyişlər və qüsurlar
Buna baxmayaraq, Avstriya, Belcika, Almaniya və Avstraliya kimi ölkələr Azərbaycanda jurnalistlərin təqib olunması barədə məlumatlardan, sərbəst toplaşma azadlığına məhdudiyyətlər və QHT-lərin sərbəst fəaliyyət göstərə bilməməsi barədə narahatlıqlarını bildiriblər.
"Almaniya hələ də birləşmə və sərbəst toplaşma azadlıqları haqqında, jurnalistlərin və QHT-lərin işlərinə olan məhdudiyyətlərdən narahatdır", bu ölkənin nümayəndəsi deyib. "Jurnalistlər azad və hədə-qorxusuz şəraitdə işləməlidirlər", Almaniya rəsmisi əlavə edib.

Eyni zamanda Belarus nümayəndəsi deyib ki, bu ölkə Azərbaycanın insan haqları sahəsində əldə etdiyi nailiyyətlərini alqışlayır.
Azərbaycanda sərbəst toplaşmaq azadlığının durumu haqqında ilkin çıxışında danışan cənab Xələfov qeyd edib ki, qanunvericilik bu azadlığı Avropa standartları ilə təmin edir, lakin bəzi təşkilatçılar mitinqin bir yerdə olacağını deyib, sonra aksiyanı başqa yerdə keçirirlər və hakimiyyət orqanları buna münasib reaksiya verirlər.
"Yüksək gözləntilər"
Avropa İnsan Haqları Məhkəməsi yanında Azərbaycan Respublikasının nümayəndəsi Çingiz Əsgərov isə ölkədə sərbəst toplaşmaq azadlıqların təmin olunmaması barədə məlumatları "birtərəfli və əsassız" adlandırıb.
"Qanuna əsasən yerli hakimiyyət orqanları aksiya keçirənlərə məkan tövsiyə edir. Buna qarşı apelyasiya şikayəti etmək olar, amma indiyə qədər heç bir qərara qarşı şikayət edilməyib", cənab Əsgərov deyib.
Bəzi ölkələrin təmsilçiləri qeyd ediblər ki, bu il Azərbaycanda prezident seçkiləri keçiriləcəklər. Avstraliya ölkənin azad seçki keçirməsinin önəmliyini, Böyük Britaniya isə seçki ilində dinc aksiyaların keçirilməsinə icazə verilməsinin əhəmiyyətini qeyd edib.
Seçkilər haqqında qeydləri, Milli Seçki Komissiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov cavablandırıb. Onun sözlərinə görə, bu narahatlıqlar "dostlarımızın ölkəmizdən böyük gözləntiləri olduğunu" göstərir. "Biz təkəri yenidən icad etməyəcəyik - dostlarımızdan, təcrübədən və keçmişdəki səhvlərdən öyrənirik", o deyib.
Cənab Qasımov prosesin yaxşılaşdırılması istiqamətində keçirilən tədbirləri qeyd edib və son seçkilərdə 500 seçki məntəqəsində veb kameranın yerləşdirilməsini bildirib.
Nümayəndə heyətinin başçısı olan cənab Xələfovun sözlərinə görə, Azərbaycanda insan haqları ilə əlaqəli problemlərin "bəziləri qanunların tətbiqi, bəziləri isə işğal faktı ilə bağlıdır".




