Azərbaycanda mobil telefonlar “ağ, qara və boz sıyahıya” salınacaq

Mobil telefon

Mayın 1-dən şəxsi istifadə üçün ölkəyə gətirilən mobil telefonların İMEİ nömrələri şəbəkəyə bağlandıqdan ən geci 30 gün ərzində qeydiyyatdan keçirilməlidir.

Mobil cihazların qeydiyyat sistemi (MCQS) saytında yenilik üçün əsas səbəblər arasında insan orqanizmi üçün zərərli, mənşəyi bilinməyən, aşağı keyfiyyətli qurğuların idxalı, habelə itirilən və oğurlanmış mobil cihazların istifadəsinin qarşısının alınması göstərilir.

Mobil cihazların qeydiyyat sistemi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzində (MHM) yaradılıb.

Hazırda şəbəkəyə bağlı telefon və digər cihazlar qeydiyyatdan keçmiş hesab olunur.

Belə ki, istifadədə olan mobil cihazların İMEİ nömrələri (İMEİ — International Mobile Equipment Identification - mobil cihazın beynəlxalq identifikasiyanı göstərən təkrar olunmayan nömrə. Bu nömrəni cihazda *#06# yığmaqla müəyyən etmək olar ) operatorlar tərəfindən mərkəzi baza sisteminə ötürülür.

"Qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadə"sinin qarşısını alır ki, oğurlanmış mobil cihaz “lazımsız əşyaya” çevrilir, rəsmi məlumatda qeyd olunur.

Yerli SİM və Rouming

Şəxsi istifadə üçün ölkəyə gətirilən cihazların qeydiyyata alınması barədə qərar xarici ölkə operatorun SİM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur.

Yəni, onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilərlər, imei.az saytında deyilir.

Azərbaycana gələn xarici vətəndaşlar telefonlarını yerli mobil operatorların SİM-i ilə işlətmək istəsələr, həmin cihazı tələb olunan sənədləri təqdim etməklə, 30 gün ərzində qeydiyyatdan keçirməlidirlər. Bununla bağlı yerli SİM-i aparata daxil etdikdə mobil cihazın sahibinə müvafiq bildiriş göndəriləcək.

“Qeydiyyatla bağlı tələb olunan sənədlərlə (o cümlədən, xarici ölkənin vətəndaşı olduqda pasportunun əsli ilə) birgə mobil operatorların müştəri xidmətlərinə və ya qeydiyyat mərkəzinə müraciət edilməlidir”, rəsmi təlimatda deyilir.

Tələb olunan müddət bitdikdən sonra, mobil cihaz qeydiyyata alınmazsa, onun İMEİ nömrəsinin "qara siyahı"ya daxil ediləcəyi deyilir.

Yeni qaydaların tətbiqilə bağlı imei.az saytında bildirilir ki, şəxsi istifadə məqsədi ilə ölkəyə mobil cihazı gətirən “şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə müraciət edilir”.

Siyahılar

Yenilik bütün mobil qurğuların 3 qrupa bölünərək ağ, qara və boz siyaha salınmasını nəzərdə tutur.

Ağ siyahıya qeydiyyatda olan mobil cihazlar salınacaq. Bura mayın 1-dək istifadə olunmuş cihazlar daxil ediləcək.

Qara siyahıda istifadəsi qadağan edilən mobil cihazların İMEİ nömrələri əks olunacaq. Keçici sayılan "Boz səhifə"də ağ və qara səhifəyə salınmayan mobil cihazların İMEİ nömrələrindən ibarət olacaq.

“Bu səhifədə olan İMEİ nömrələri araşdırma nəticəsinə uyğun olaraq ağ və ya qara səhifəyə daxil edilir”, - imei.az səhifəsində bildirilir.

Azərbaycanda hakimiyyət deyir ki, Beynəlxalq GSM Assosiasiyası tərəfindən təşkil olunan “vahid qlobal qara səhifə”yə qoşulmaqla, müxtəlif ölkələrdə oğurlanmış mobil cihazların" istismarının qarşısını alacaq.

Qeydiyyat sistemi dünya boyu təqribən 800 mobil operatorun birləşdiyi beynəlxalq GSM Asossiasiyasının unikal İMEİ məlumat bazası əsasında yaradılmış “qara siyahı” bazasından istifadə edə bilər.