
Bu gün Azərbaycan parlamentinin iclasında Gülər Əhmədova ilə bağlı məsələnin müzakirə olunacağı gözlənilsə də, bu baş vermədi. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov modern.az saytına açıqlamasında deyib ki, məlum videoqalmaqalın müzakirə edilməməsinin əsas səbəbi Gülər Əhmədovanın Mərkəzi Seçki Komissiyasına (MSK) deputat mandatından imtina etməsi ilə bağlı göndərdiyi müraciətdir:
Qanunvericiliyə görə, deputat əgər öz mandatında imtina edirsə, o zaman bu müraciəti MSK araşdırmalıdır. Əgər deputat haqqında cinayət işi açılırsa, Milli Məclis o zaman onun deputat toxunulmazlığıının götürülməsi ilə bağlı məsələyə baxa bilər.
Cənab Novruzovun sözlərinə görə, Əhmədova YAP-ın sıravi üzvüdür: Gülər Əhmədova hazırda Yeni Azərbaycan Partiyasının üzvü olaraq qalır, partiya sıralarından hələ çıxarılmayıb.
Novruzov müxalifətin parlamentin buraxılması ilə bağlı tələbinə münasibət bildirib və deyib ki, İctimai Palatanın bu tələbi mənasızdır.
Məsələyə MSK-da baxılacaq
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə modern.az-a deyib ki, məlum qalmaqalın parlamentin işgüzar nüfuzuna heç bir təsiri yoxdur:
Parlament kollektiv orqan deyil, hər bir deputat öz əməlinə cavabdehdir. Odur ki, hər bir şəxs öz fəaliyyətinə cavabdehdir.
APA xanım Əhmədovanın deputatlıqdan könüllü imtina etməsi barədə müraciəti bu gün Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olmasını yazıb. Komissiyadan bildirilib ki, APAüraciətə isə müraciətə iki gün ərzində baxılması nəzərdə tutulur:
Gürcüstanda parlament seçkilərini izləyən MSK sədri Məzahir Pənahov ölkəyə sabah qayıdacaq. Müraciətə onun qayıtmasından sonra baxılması gözlənilir.

Baş prokuror Zakir Qaralov Əhmədova ilə bağlı başlanan cinayət işi birbaşa prezident İlham Əliyevin nəzarəti altında olduğunu açıqlayıb və deyib ki, bu cinayət işini siyasiləşdirmək olmaz.
Dünən əməkdaşlarımız Azərbaycan Beynəlxalq Universitetinin binasında olublar. Həmin videoçəklişin aparıldığı otağa baxış keçirilib. Bütün bu araşdırmalar başa çatandan sonra aydın olacaq ki, həmin videoyazı hansı otaqda və hansı məqsədlə aparılıb.
Baş prokuror deyib ki, G. Əhmədova özü istintaqın obyektiv aparılması üçün deputat toxunulmazlığı hüququndan imtina edib: O da hesab edir ki, istintaqa yaxından kömək edəcək.
"Üzləşdirmə olmalıdır"
Z. Qaralov bildirib ki, Gülər Əhmədova ilə bağlı videomaterial yayan Elşad Abdullayev Azərbaycana gəlməlidir:
İlk növbədə Elşad Abdullayevlə Gülər Əhmədova üzləşdirilməli, cinayət işi bağlı Elşad Abdullayevə müxtəlif suallar ünvanlanmalıdır. Bu suallardan biri budur ki, Elşad Abdullayev hansı səbəbə görə bu görüntüləri 7 il saxlayıb, yalnız Azərbaycanı tərk edəndən ictimaiyyətə açıqlayıb. Əgər o korrupsiyaya qarşı mübarizə aparan şəxsdirsə, deputatlığa namizədliyini verdiyi dövrdə ona qarşı olan əməlləri istintaq orqanına bildirməli idi. Belə bir müraciət isə olmayıb.
Əhmədova APA-ya deyib ki, əgər Elşad Abdullayev zərərçəkmişdirsə, Bakıya gəlsin. Millət vəkilinin sözlərinə görə, Bakıdadır və İstintaqa kömək məqsədilə deputatıq mandatından könüllü imtina edib:
Elşad Abdullayev gəlsin, otursun, üzləşmələr olsun, onda bilinəcək kim nə deyir, kim nə demir.
Modern.az məlumat verir ki, Novruzov Abdullayevin YAP sıralarından məlum qalmaqaldan sonra xaric edildiyini deyib:
Yeni Azərbaycan Partiyası parlament seçkilərinə heç vaxt Elşad Abdullayevin namizədliyini dəstəkləməyib.
Abdullayevin vəkili Adil İsmayılov modern.az-a deyib ki, keçmiş rektor son olaylarla əlaqədar onunla və Fransadakı vəkillərilə məsləhətləşmələrdən sonra mətbuat üçün yaxın zamanlarda geniş açıqlama verəcək.

"Hakimiyyət bu hadisədən qətiyyən sarsılmayıb"
Günün sonunda Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov APA-ya geniş müsahibə verib və deyib ki, Azərbaycanın bəzi müxalifət dairələri, belə halları axtaran insanlar ondan hakimiyyətə, prezident İlham Əliyevin komandasına qarşı istifadə etməyə çalışırlar".
"Dəridən-qabıqdan çıxaraq bunu etmək istəyirlər, bütün imkanlarını, intellektlərini, ətraflarını, ixtiyarlarında olan KİV-ləri, beynəlxalq və daxili əlaqələrini işə salaraq bundan hakimiyyətə qarşı istifadə etməyə cəhd edirlər", Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəhbəri deyib.
Həsənovun sözlərinə görə, hakimiyyət bu hadisədən qətiyyən sarsılmayıb:
Müxalifət belə hallardan hakimiyyətə qarşı istifadə etmək fikrinə düşməsin. Düşsələr də, bunun heç bir əsası yoxdur. Azərbaycan hakimiyyəti bütün dövrlərdə şəffaf idarəçilik həyata keçirib. Bu gün hansısa insanın əməllərinə görə hakimiyyəti ittiham etmək, günahlandırmaq məntiqsizdir.
Həsənov parlamentin buraxılması barədə müxalifətin çağırışlarına da reaksiya verib və deyib ki, Azərbaycan cəmiyyətində parlamentin qeyri-legitimliyini sübut edən heç bir fakt yoxdur:
Elə Elşad Abdullayevin videosunun özü də onu göstərir ki, onun kimi qeyri-qanuni yollarla parlamentə can atan insanlar öz məqsədlərinə nail olmayıblar. Onlar kiminlə danışıq aparıblar, bunun bugünkü parlamentə heç bir dəxli yoxdur. Hakimiyyət Elşad Abdullayevin əməllərinə heç vaxt şərik olmayıb, gələcəkdə də olmayacaq. Keçmişdə də biz belə insanları cəzalandırmışıq, bu gün də prezidentimizin iradəsi ondan ibarətdir ki bu cür insanlar cəzalarını almalıdırlar. Gələcəkdə də belə olacaq. Biz belə hallarla barışmaq niyyətimiz yoxdur.
Qeyd edək ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.

















