BBC

BBC navigation

Prokurorluq "deputatlığa görə rüşvət" videosunu araşdırmağı planlayır

Son yeniləmə: 26 sentyabr, 2012 - 10:33 GMT

videodan görüntü

Baş prokuror Zakir Qaralov keçmiş ABU rektoru Elşad Abdullayev tərəfindən deputat Gülər Əhmədova ilə bağlı mediada yayılmış "video-görüntülərdə əks olunan məlumatların araşdırılması üçün" Bakı Şəhər Prokurorluğuna göstəriş verib, mediaforum saytı yazır.

Baş Prokurorluğun mətbuat xidmətinin rəsmi məlumatını dərc edən saytda deyilir ki, "müvafiq ekspertizalar keçirildikdən və digər zəruri prosessual araşdırmalar aparıldıqdan sonra Cinayət-Prosessual Məcəllənin 207-ci maddəsinin tələblərinə uyğun qərarın qəbul edilməsi təmin olunacaq".

Hadisə

Deputat Gülər Əhmədova ilə keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru və hazırda Fransada olan Elşad Abdullayev arasında baş verən söhbətin video-yazısı ehtimal edilən görüntü paylaşılıb.

“Deputat seçilmək üçün rüşvətin müzakirə edilməsi” barədə olduğu ehtimal edilən videonun bir hissəsini yayan Azadlıq qəzetinin saytında yazılıb ki, onlara bu material, məktubla bərabər Abdullayev tərəfindən göndərilib:

“Gülər Əhmədovanın məndən rüşvət alması barədə video və audio yazıların tam həcmini özüm yaxın günlərdə “youtube.com” saytında yerləşdirəcəyəm”, Abdullayevin Azadlıq qəzetinə məktubunda yazılıb.

16 dəqiqə 31 saniyəlik videoda Gülər Əhmədovaya oxşar olan qadın və Elşad Abdullayevə oxşar bir kişi və yerli mediada kitabxana müdiri kimi qeyd edilən Sevinc Babayeva adlı şəxsin “deputat olmaq üçün 500 min manat istənildiyi və pulun daha sonra iki dəfə artması barədə” söhbət gedir. Videoda həm də “Ramiz müəllim” və “mən Gülərəm” kimi cümlələr keçir.

Abdullayev görüntülərin media ilə yanaşı, Baş Prokurorluğa, Prezident Adminstrasiyası və Gülər Əhmədovaya göndərdiyini bildirib.

BBC Azərbaycanca məsələ ilə bağlı Əhmədovadan şərh almağa çalışıb.

Deputatın şəxsi mobil telefonuna özünü Səbinə kimi təqdim edən şəxs deyib ki, köməkçisi Əhməd Şahidovun əlaqə telefonunu verib.

"Montajdır"

Şahidov BBC Azərbaycancaya şərh verməyərək, məsələ ilə bağlı deputatın şərhini Səs İnformasiya Agentliyindən (SİA) götürməyi məsləhət bilib və bunun "KİV haqqında" Qanuna uyğun olduğunu bildirib.

Gülər Əhmədova SİA-ya deyib ki, “video çəkilişin həm səs, həm də görüntüsü tamamilə montaj olunub və bunun kimlər tərəfindən hazırlandığı barədə də onda məlumatlar var”.

“7 ildir ki, mən millət vəkili olaraq artıq fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Unuversitetinin rektoru Elşad Abdullayevin cinayət əməllərinə qarşı mübarizə aparıram. Onun universitetə qəbul zamanı yol verdiyi saxtakarlıq, cinayət əməlləri çoxlu sayda vətəndaşımıza külli miqdarda ziyan vurması ilə müşayiət olunub. Məndə vətəndaşların çoxlu sayda ərizələri var. Mən həmişə onun əməllərinə qarşı radikal mövqedə olmuşam. Bu gün də bütün gücümlə çalışıram ki, Elşad Abdullayev vətəndaşlarımıza vurduğu ziyanı ödəsin. Bunun üçün o Azərbaycana gətirilməli və qanun qarşısında cavab verməlidir”.

Deputat bildirib ki, onu “şantaj, hədələmə yolu ilə susdurmaq istəyirlər:

“Amma onu da bilsinlər ki, mən bu montajın saxta olduğunu mütəxəssislər vasitəsilə sübut edəcəyəm”.

Onun sözlərinə görə, “Elşad Abdullayev vaxtını bu videomontajlara yox, tələbə valideynlərindən aldığı pulları necə ödəyəcəyi yollarını düşünməyə sərf etsə yaxşı olar”:

“Elşad Abdullayev bildirir ki, filankəsə bir milyon, başqa birisinə iki milyon vermişəm. Təəccüblü görünmür ki, o rektor kimi bu pulları haradan alıb? Əgər o bizneslə məşğul olursa vergi ödəyicisi kimi ortaya sənədlər qoysun. Elşad Abdullayev özünün rəhbərlik etdiyi və orqan mafiyasında adı hallanan ABU-klinikada baş verən kriminal hadisələri niyə sosial şəbəkələrə buraxmır? Sonda onu bildirmək istəyirəm ki, biz qanunun ali olduğu bir ölkədə, cəmiyyətdə yaşayırıq. İnanıram ki, haqq-ədalət tezliklə öz yerini tutacaq”, Əhmədova deyib.

Baş Prokurorluğun mətbuat xidmətindən məsələ ilə BBC Azərbaycancaya bildirib ki, “əlaqə saxlanılacaq”.

Sabir adına kitabxanadan BBC Azərbaycancaya bildirilib ki, müdir vəzifəsində çalışan Sevinc Babayeva "bu gün işə çıxmayıb və işdə olub-olmayacağı bilinmir".

Prezident Administrasiyasının şərhi

Video-görüntülər barədə Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərtac agentliyinə, müvafiq orqanların internetdə yayılan bu materialla əlaqədar olaraq "lazımi tədbirlər görəcəklərinə şübhə etmədiyini" bildirib:

"Həmin material Elşad Abdullayev kimi neqativ insanların qeyri-qanuni, dolayı yollarla hakimiyyət orqanlarına yol tapmaq və “mənsəb” qazanmaq istəyinin baş tutmamasının, habelə dövlət orqanlarının belə hallara qarşı əsl münasibətinin göstəricisidir. Hakimiyyətin bu tipli hallara münasibəti ondan ibarətdir ki, əyri yollarla vəzifə almaq və yaxud seçkili orqanlarda təmsil olunmaq istəyən insanların niyyəti baş tutmayıb, tutmur, tutmayacaq və belələri gec-tez cəmiyyət qarşısında ifşa olunacaqlar", Həsənov deyib.

Sosial şəbəkələr

Dünən axşamdan bəri video-görüntülər Facebook və Tvitter sosial şəbəkələrində əsas mövzudür.

Tvitterin Azərbaycana aid statistikasını təyin edən aztwi.az saytına görə, 16 qaynar mövzunun 12-si "500olsaydi, Güler, Elshad, rüşvət" və digər kimi qeyd olunub.

Facebookda isə, internet mediasında çıxan hər bir xəbər istifadəçilər tərəfindən yayımlanır.

Abdullayev bir neçə gün öncə yerli mediaya göndərdiyi bəyanatında “deputat Gülər Əhmədovaya iki milyon dollar rüşvət verməsini” iddia edib və video-görüntü yayacağını deyib.

Onun sözlərinə görə, video 2005-ci ilin noyabr ayında aiddir.

Rektoru Elşad Abdullayev olan Azərbaycan Beynəlxalq Universiteti 1997-2010-cu illərdə Bakıda fəaliyyət göstərib.

Təhsil Nazirliyi, 2010-cu ildə “ali məktəbdə tədris prosesinin təşkili vəziyyətinin araşdırılması məqsədi ilə yaradılan ekspert qrupunun ABU-da ciddi pozuntular aşkarlaması"ndan sonra Universitetin fəaliyyətinə xitam verib.

Yeni Azərbaycan partiyasının üzvü olan Gülər Əhmədova 2000-ci ildən bəri deputatdır.

Onun "rüşvət tələb etmə" şikayəti əsasında ötən ilin oktyabrından Xural qəzetinin baş redaktoru hazırda həbsdədir və məhkəmələr gedir.

Mövzuya aid

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.

]]>