Əvəz Zeynallının vəsatətləri təmin olunmayıb

Şəklin mənbəyi, qaynar.info
Baş redaktor Əvəz Zeynallı məhkəmədə deputat Gülər Əhmədovanın cinayət işinə dair telefon danışıqlarını və göndərdiyi mesajların çıxarılaraq ona təqdim olunmasını istəyib.
Zeynallı, eyni zamanda, ona şahid ifadələrinin surətini verilməsini istəyib.
APA xəbər verir ki, məhkəmə “şahid ifadələrinin ittiham aktında əks olduğunu” deyərək Zeynallının istəyini yerinə yetirməyib.
Baş redaktor “dövlət ittihamçısının işə qərəzli yanaşmasını əsas gətirərək onun dəyişdirilməsini” xahiş edib.
Bu vəsatət də qəbul edilmədikdən sonra, Zeynallı hakimin "siyasi sifarişi" yerinə yetirdiyini deyərək onun dəyişdirilməsini istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə aralarında münaqişə olsa da, barışdıqlarını deyən "Kurort" şirkətinin əməkdaşı Akif Məmmədli də zərərçəkən kimi ifadə verib.
Onun sözlərinə görə, Zeynallı ondan “şər-böhtan xarakterli məlumatların dayandırılması üçün kompüter dəsti” istəyib.
Məmmədli "nə rüşvət verdiyini, nə də ki, ondan istənildiyini" bildirib.
Başqa bir şahid kimi ifadə verən Xanəli Muxtarov isə, "rüşvət verdiyini", lakin "yerini və zamanını xatırlamadığını" deyib.
Zeynallının vəkili Cinayət Məcəlləsinə uyğun olaraq "rüşvət verən haqqında" tədbir götürülməsini istəsə də, dövlət ittihamçısı şəxsin hadisəni özü açıqladığını bildirib.
Baş redaktorun həyat yoldaşı Məlahət Zeynallı deyir ki, Muxtarov hadisənin üzərindən 6 il sonra bu barədə ilk dəfə danışıb.
Cümə axşamı rüşvət tələb etməkdə ittiham edilən Xural qəzetinin baş redaktoru Əvəz Zeynallının növbəti məhkəmə prosesi keçirilib.
Zeynallı ötən ilin oktyabrından həbsdədir.




