Türkiyə: Prezident Edoğan XİN başçısına 10 səfiri "persona non grata" elan etməyi tapşırıb

Erdoğan

Şəklin mənbəyi, Getty Images

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan XİN-ə ABŞ, Almaniya, Fransa və daha yeddi ölkənin səfirlərini "persona non grata" elan etməyi tapşırıb.

Erdoğan bunu Eskişehir şəhərində keçirilən bir tədbirdə çıxış edərkən deyib.

Həmin 10 səfir bundan bir qədər əvvəl həbsda olan iş adamı Osman Kavalı azad etməyə çağırıblar.

"Mən bizim xarici işlər nazirinə lazımi göstərişlər vermişəm və nə etmək lazım olduğunu demişəm: bu on səfir dərhal "non qrata" elan edilməlidirlər", - Eskişehirdə keçirilən mitinqdə Erdoğan bildirib.

Oktyabrın 18-də ABŞ, Almaniya, Fransa, Kanada, Niderland, Danimarka, İsveç, Norveç, Finlandiya və Yeni Zelandiyanın səfirləri birgə bəyanatla çıxış edərək, xeyriyyəçi və hüquq müdafiəçisi Osman Kavalın azad edilməsinə çağırıblar.

Bundan dərhal sonra onlar Türkiyə XİN-ə çağırılıblar.

64 yaşlı Osman Kavala 2017-ci ilin noyabrında 2013-cü ildə İstanbulun Taksim meydanında etirazların təşkilində və 2016-cı ildə çevriliş cəhdində iştirak etməkdə ittiham olunaraq həbs edilib.

Türkiyədəki bir diplomatik mənbə Reuters agentliyinə bu məsələyə dair son qərarın bazar ertəsinə təyin olunmuş Türkiyə hökümətinin iclasında qəbul oluna biləcəyini deyib.

Reuters agentliyi qeyd edir ki, Türkiyə Prezidenti ötən illərdə bəzi diplomatlara qarşı bu cür tədbirlərin görüləcəyini bir neçə dəfə səsləndirsə də, sözdən hərəkətə keçməyib.