Azərbaycanda Türkiyə hərbi bazası yaradıla bilərmi? Lavrovun bu barədə suala reaksiyası nə olub?

Şəklin mənbəyi, AFP
Rusiya xarici işlər naziri Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradıla biləcəyi barədə məlumatları "şayiə" adlandırıb.
"Biz bu məsələni müzakirə etməmişik, biz şayiələri şərh etmirik", - Lavrov Belarusdan olan həmkarı Vladimir Makeylə görüşünün yekunlarına dair mətbuat konfransında mümkün hərbi bazalar barədə sualı cavablandırarkən deyib.
Rusiya bu məsələyə ''böyük əhəmiyyət'' verir, bunu isə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Jurnalistlərin Ankaranın bu istiqamətdəki qərarının Kreml üçün "qırmızı xətt" olub-olmadığı barədə sualına isə Peskov belə cavab verib:
"NATO ölkələrinin Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturunun yaradılması Moskvanın xüsusi diqqət yetirməsi və beynəlxalq təhlükəsizliyi təmin etmək üçün addımlar atması üçün bir səbəb ola bilər", o deyib.
Bu həftə Azərbaycana səfərdən Türkiyəyə qayıdan Prezident Recep Tayyip Erdoğan Azərbaycanda Türkiyə bazalarının yaradılmasını istisna etməyib. Jurnalistlərin "Şuşa bəyannaməsi daxilində hərbi bazaların yaradılması mümkündürmü, Şuşa Bəyannaməsi hərbi bazanı əhatə edirmi" sualına cavabında cənab Erdoğan "...bu, açıqladığımız maddələrin xaricində deyil" deyib, Türkiyə medası yazır.
"Burada daha sonra inkişaf, genişləmə ola bilər. Hələ ki, burada daha çox xüsusilə sərhəd xətlərinin qarantiya altına alınması, təminat altına alınması əsas olandır", Erdoğan deyib.
Ancaq o qeyd edib ki, "xüsusilə cənab İlham Əliyevin Putin ilə keçirəcəyi görüşlər bu məsələni fərqli inkişaf etdirə bilər. Bizim keçirəcəyimiz görüşlər bu işi fərqli şəkildə inkişaf etdirə bilər".

Şəklin mənbəyi, Azərtac
Çərşənbə axşamı Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsinə görə, sənədi imzalamış tərəflərin hər hansı bir üçüncü dövlətin təhdid və ya təcavüzünə məruz qalacaqları təqdirdə, birlikdə hərəkət edəcəyi qeyd olunur.
Bəyannamədə tərəflərin "iki qardaş ölkənin silahlı qüvvələrini müasir tələblərə uyğun" modernləşdirmək üçün birgə səylərinin davam etdirəcəyi qeyd olunub.
Digər xəbərlər
Ağdam sakini minaya düşərək həlak olub

Şəklin mənbəyi, VUGAR AMRULLAEV/President.az
Bir neçə gündür yaxınlarının xəbər ala bilmədiyi Ağdam sakininin minaya düşməsi nəticəsində öldüyü bəlli olub.
Ağdam rayon prokurorluğu bildirib ki, o, iyunun 7-də itkin düşmüş 43 yaşlı Cəsarət Hətəmxanovdur.
Onun meyiti iyunun 16-da Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində tapılıb.
Qurum bildirir ki, Cəsarət Hətəmxanov kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olarkən həmin ərazidə piyada əleyhinə minaya düşüb.
Faktla bağlı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə və digər maddələri ilə cinayət işi başlanıb.

Şəklin mənbəyi, AZERTAG
Laçında Sərhəd Xidmətinin iki hərbçisi həlak olub
Çərşənbə günü Laçın rayonunun Cicimli kəndi yaxınlığında avtomobil qəzasında Dövlət Sərhəd Xidmətinin iki hərbçi həlak olub.
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, yol qəzası nəticəsində baş leytenant Elməddin Nəsibov və gizir Kamal Kamallı vəfat ediblər.
Qurum bildirib ki, hadisə "iyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində baş verib".
"Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən "MAZ" markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb", - DSX bildirib.
Qurum deyib ki, prokurorluq əməkdaşları ilə birgə araşdırma aparılır.
Laçın ötən il baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsindən sonra, 2020-ci ilin dekabrın 1-də, 28 ildən sonra Azərbaycana qaytarılıb. Hazırda Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən 5 kilometr enliyində dəhliz Laçın ərazisindən keçir. Bu dəhliz rayonun mərkəzindən keçir və ona nəzarəti Rusiya sülhməramlı kontingenti həyata keçirir.
Bu dəhlizə üç il müddətində alternativ yolun inşası nəzərdə tutulub və ondan sonra rayonun mərkəzinin də Azərbaycanın nəzarətinə keçəcəyi bildirilib.

Şəklin mənbəyi, Mil.ru
Ermənistan və Rusiya müdafiə nazirləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər
Ermənistan müdafiə naziri vəzifəsini icra edən Vağarşak Harutyunyan bu gün Rusiya müdafiə naziri Sergey Şoyqu ilə telefonla Ermənistan-Azərbaycan sərhədində vəziyyətin nizamlanması məsələsini müzakirə edib.
Ermənistan MN-nin məlumatına görə, tərəflər Ermənistanın Geğarkunik və Sünik vilayətlərində Rusiya sərhədçilərinin yerləşdirilməsi məsələsini də müzakirə ediblər.
Harutyunyan Yerevanın tərəfdaş ölkələrin məsələnin dinc yolla nizamlanması çağırışlarına hörmətlə yanaşdığını qeyd edib.
"Azərbaycan Silahlı Qüvvələri nümayəndələri Ermənistan Respublikasının suveren ərazilərini qeyd-şərtsiz tərk etməlidir," - Ermənistan müdafiə naziri deyib.
Söhbət zamanı, həmçinin Qarabağdakı Rusiya sülhməramlı kontingentin missiyasının icrası, müdafiə sahəsində Ermənistan-Rusiya əməkdaşlığı və bir sıra regional problemlərin müzakirə olunduğu bildirilir.
Daha əvvəl Ermənistanın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan bəyan edib ki, Rusiya nümayəndələri yerləşəcəkləri ehtimal olunan Ermənistan-Azərbaycan sərhəd əraziləri və Sotk-Xoznavar yolunun müəyyən sahələrini müşahidə ediblər.






